Mehman Hüseynova qarşı məqsədli basqılar kimə lazımdır? – “Bu hadisə Rusiyapərəst şəxslər tərəfindən atılmış addıma bənzəyir”

Natiq Cəfərli: “Rusiyaya bağlı qruplar Qərblə münasibətlərin normallaşmasında maraqlı deyillər”

Son günlər gənc bloger Mehman Hüseynovun şərlənərək həbs müddətinin uzadılması və buna etiraz olaraq aclıq aksiyasi keçirməsi dünya mediasının manşetində yer alır. Hansı ki, bu da ölkəmizin bütün dünyada, xüsusən də Qərbdə imicinə ciddi zərbə vurur. Ölkəmizdə demokatiya, insan haqlarının pozulması, siyasi məhbus problemi olsa da, aydın görünür ki, bu tip məsələlərdən yaralanıb, ölkəmizin Qərbə inteqarsiyasında maraqlı olmayan qüvvələr vəziyyəti gərginləşdirən addımlar atmaqla, son olaraq Mehmanı şərləməklə, ölkə başçısının Qərbə inteqarsiya siyasətinə qarşı çıxırlar. Bu, birmənalıdır ki, Qərbə inteqrasiyada maraqlı olan ölkə prezidenti heç vaxt bloger M.Hüseynovun şərlənərək həbs müddətinin uzadılmasını istəməzdi. Avropa İttifaqı ilə tərəfdaşlıq sazişinin imzalancağı ərəfədə isə bu, heç ağlabatan deyil. Belə olan halda, maraqlıdır ki, gənc blogeri şərləməklə süni qalmaqal yaratmaq və bununla ölkənin imicinə zərbə vurmaq kimlərə lazım idi? Bu və digər suallara REAL Partiyasının icra katibi Natiq Cəfərli ilə söhbətimizdə aydınlıq gətirməyə çalışdıq:

Картинки по запросу Natiq Cəfərli

– Əslində, maraqlı sualdır. Çünki Azərbaycanın Avropa Birliyi ilə danışıqlar mərhələsinin yekunlaşması gözlənilirdi. Mart-aprel aylarında sazişin imzalanması mümkün görünürdü. Çünki bu hadisədən öncə Azərbaycan rəsmiləri bununla bağlı açıqlamalar vermişdilər. Belə bir şəraitdə boş yerdən, heç bir lüzum olmadan uydurma ittihamlarla Mehman Hüseynovun işinin uzadılması ilə bağlı cəhdin edilməsi heç bir məntiqə sığmır. Görünən odur ki, hakimiyyət daxilində olan qruplardan kimlərsə, hansısa güclü bir tərəf Azərbaycanın Avropa Birliyi, sivil dünya ilə münasibətlərinin normallaşmasında, müqavilələrin imazalanmasında maraqlı deyil və bu prosesin sabotaj olunmasında, uzadılmasında, müəyyən problemlərin yaradılmasında maraqlıdır. Çünki Mehman hadisəsinə qədər Avropa Birliyi, Avropa Şurası və Amerika ilə Azərbaycan hökumətinin son aylarda kifayət qədər işlək, normal münasibətləri yaranmışdı, qarşılıqlı səfərlər olmuşdu, qarşılıqlı müsbət bəyanatlar səsləndirilmişdi. Amma indi bu hadisədən sonra həm dünya mediasında, həm Amerika, həm də Avropa Birliyi ölkələri, Avropa Şurası, Avropa ittifaqı tərəfindən ciddi bəyanatlar səslənir, eyni zamanda Azərbaycanla bağlı neqativ yazıların və məlumatların artdığını gördük. Bu, onu deməyə əsas verir ki, kimlərsə bunu öncədən düşünmüşdülərsə, demək olar, öz məqsədlərinə nail olmaq üzrədirlər. Çünki bu hadisənin özü münasibətlərin kifayət qədər pisləşməsinə, gərginləşməsinə səbəb olub.

– Necə düşünürsünüz, bu məsələ prezident İlham Əliyevə lazım idimi ki, ölkə Qərbin təzyiqlərinə məruz qalsın?

– Düşünmürəm ki, bu ölkə başçısına lazım idi. Çünki buna ehtiyac da yox idi. Mehman Hüseynov azadlığa bu gün də çıxsa, onun hakimyyət və yaxud hakimiyyətin əsasları üçün ciddi bir təhlükə yaradacağını da düşünmürəm. O, bloger və jurnalistik fəaliyyəti ilə məşğul olan insanlardan biri idi. Mən düşünmürəm ki, ölkə rəhbəri məhz indki şəraitdə belə fəsadlar doğuracağını bildiyi halda, bununla bağlı hər hansı bir göstəriş və yaxud qərarlar versin. Çox güman ki, bu, daxili çəkişmələrin nəticəsidir. Yəni hansı qruplar ki, daha çox Moskvaya, Rusiyaya bağlıdırlar, onlar Qərblə münasibətlərin normallaşmasında maraqlı deyillər. Bu hadisə həmin qruplar və yaxud şəxslər tərəfindən atılmış addıma daha çox bənzəyir.

– Bilirik ki, Avropa İttifaqı demokratiya, insan haqları və siyasi məhbus məsələsinə görə Azərbaycanla tərəfdaşlıq saşişini imzalamağı yubadı. Rəsmi səviyyədə may ayına kimi sazişin bağlanacağı qeyd olunduğu halda, hakimiyyətdaxili qüvvələrin belə bir süni qalmaqalı yaratmaqda nə kimi məqsədi ola bilər?

– Əslində, əsas məqsəd münasibətlərin daha da gərginləşməsi və bu müqavilənin bağlanmasının ya uzadılması, ya təxirə salınması, ya da ümumiyyətlə, müqavilənin gündəlikdən çıxarılması ola bilər. Çünki Azərbaycan prezidenti özünün Yeni il çıxışında da Avropa Birliyi, Avropa dövlətləri ilə çoxtərəfli əlaqələrdə maraqlı olduğunu və saziş üzərində ciddi iş getdiyni açıqlamışdı. Görünən o idi ki, son zamanlar doğurdan da müəyyən ciddi danışıqlar gedirdi, hətta bəzən ictimaiyyətə elan olunmadan da intensiv danışıqlar gedirdi ki, bu danışıqlar nəticəsində saziş bu ilin ilk yarısında imzalansın. Çox güman ki, indi ya Mehmanla bağlı pozitiv qərarlar qəbul olunacaq və vəziyyət yenidən normallaşacaq, ya da sazişin imzalama proseduru xeyli dərəcədə sual altına düşəcək.

– Belə aydın olur ki, bu süni qalmaqalı yaradanlar prezidentin Qərbə yönəlik siyasətinə qarşıdırlar…

– Belə demək mümkündür. Amma bunu daha da qloballaşdırmaq olar. Tək prezidentin yox, ümumiyyətlə, Azərbaycanın Qərbə doğru inteqrasiyasına və bu istiqamətdə pozitiv addımların atılmasına, ciddi islahatlar paketinə qarşıdırlar. Çünki o saziş çərçivəsində həm iqtisadi, mədəni, siyasi, həm də viza ilə bağlı problemlərin aradan qaldırılması, QHT qanunvericiliyinə dəyişikliklərin olunması, media ilə bağlı müsbət addımların atılması olacaqdı, yəni Azərbaycanın üzərinə götürdüyü müxtəlif öhdəlikləri olacaqdı. Zaman-zaman bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Avropa Birliyi ilə işlək bir platforma, dialoq masası qurulacaqdı. Mən düşünürəm ki, bu, ölkənin Qərbə, Avropa Birliyinə, sivil dünyaya doğru inteqrasiyasının qarşısını almaq istəyən və yaxud bunda maraqlı olmayan qüvvələrin işidir. Bu, nəinki ölkə rəhbərinə, həm də ölkəyə qarşıdır ki, ölkənin gələcəkdə belə bir şansı olmasın. Çünki ətrafımızda qonşu ölkələrdə maraqlı proseslər gedir. Torpaqlarımızı işğal edən, Qarabağ münaqişəsinin baiskarı olan Ermənistanda ciddi dəyişikliklər gedir. Onların Qərbə inteqrasiya addımlarının intesviləşməsini görürük. Qərb tərəfindən Ermənistan haqqında müsbət imic dəyişikliyi olur. Çünki buna qədərki Sarkisyan rejimi qaniçən bir rejim idi. Ölkə daxilində repressiyalar edən, küçələrdə insanları güllələyən bir rejim idi. 2008-ci ildə mitinqdə 10 adam güllələnib, öldürülmüşdü. Yəni belə bir rejim dəyişdikdən sonra Ermənistanla bağlı dünyada bir müsbət imic yaranır. Təəssüf ki, buna paralel olaraq Azərbaycanın imicinin korlanması bizim qlobal məsələlərdə Azərbaycan üçün problemlərin yaranması demək olacaq. Lakin haqlı tərəf bizik. Bizim torpaqlarımız işğal olunub və biz işğaldan əziyyət çəkirik. Amma Azərbaycanın daha da korlanan imici haqlı davamızda haqsız duruma düşməyimizə səbəb ola bilər.

– Mehman Hüseynov məsələsi Rusiyanın sifarişi ilə həyata keçirilən bir təxribat, sobataj ola bilərmi?

– Hər şey ola bilər. İndi bununla bağlı dövlətin əlaqədar orqanları ciddi araşdırmalar aparsalar, yaxşı olar. Amma bu, ehtimallardan biridir. Təbii ki, buna birbaşa Moskvanın regional siyasətinin, Qərblə olan strategiyasnın tərkib hissəsi, bir elementi kimi baxmaq olar.

– Sizcə, bu o qədər böyük bir məsələdir ki, Avropa İttifaqının Azərbaycanla tərəfdaşlıq sazişi bağlamasını əngəlləsin?

– Söhbət Mehman Hüseynovun özündən və şəxsindən getmir ki, bunun böyük və yaxud kiçik bir məsələ olduğu haqqında fikir yürütmək mümkün olsun. Söhbət prinsiplərdən gedir. Prinsiplər ondan ibarətdir ki, Avropa Birliyi özü bu sazişi imzalayarkən həm də öz sifətini qorumağa çalışır. Yəni ancaq enerji, neft-qaz, təhlükəsizlik məsələsi önə çəkiləndə Avropa Birliyi insan haqlarının pozulmasına baxmadan sazişin imzalanmasına qərar versələr, bu zaman Avropa Birliyinə daxil olan ölkələrin özlərinin daxilindəki siyasi elitalar bu müqaviləni imzalayanlara qarşı olacaqlar. Yəni bu məsələdən daxili siyasətdə istifadə edəcəklər. Çünki Avropada hər bir ölkə demokratik seçki sisteminə malikdir və hakimiyyətdə olan qüvvələrin ciddi, böyük və güclü müxalif qurumları, partiyaları da var. Bu tipli məsələlər ortaya çıxanda və dünya mediasında çox geniş işıqlandırılanda həmin o rəqiblər indi hökumətdə olan partiyalara qarşı bundan məharətlə istifadə edərək ictimai rəy yaradırlar və ictimaiyyətə göstərirlər ki, görürsünüzmü, bizim öz hökumətlərimiz sizin seçkilərdə üstünlük verdiyiniz avtoritarizmi dəstəkləyir. Yəni bu mesaja görə bu məsələ maraqlıdır. Burada söhbət heç də gənc bir şəxsin dünyadakı rolundan və yaxud Azərbaycanda ictimai-siyasi həyatındakı rolundan getmir. Söhbət ümumilikdə prinsiplərdən gedir. Bu prinsiplər zədələnərkən, bu prinsplərə əməl olunmayarkən Avropa Birliyi ölkələrinin içində belə məsələlər siyasi elitalar arasında mübarizənin predmetinə çevrilir.

Shares