Paşinyanın böyük yalanı çıxdı – “Ermənistanda iqtisadi möcüzə olmayacaq!..”

Dünyanın ən nüfuzu maliyyə mərkəzlərindən ermənilərə bəd xəbər: “Bu ölkədə sıçrayışlı inkişaf haqda vədlər əsassızdır”; erməni nəşri: “Cəmiyyət anlamağa başlayıb ki, Paşinyanın ”sehrli çubuğu” yoxdur…”

Bir neçə gün sonra Ermənistanda “məxməri inqilab”ın 10 ayı tamam olacaq. Aylar ötdükcə də təbii ki, düşmən ölkədə, onun cəmiyyətində əsas bir sual getdikcə daha bərkdən səslənəcək: “İnqilab erməni xalqına nə verdi, vəd olunan rifah yaxınlaşırmı, olacaqmı, yoxsa?”

Sualın cavabı əslində indi də aydındır. Ermənistanda iqtisadi möcüzə olmayacaq, gözlənilmir. Çünki hakimiyyət dəyişsə də, hələ ki işğalçı ölkə ətrafında situasiya, ən əsası, cəmiyyəti yönəldənlərin qafaları dəyişməyib. Ermənistanın yeni rəhbərliyi də “buludlarda uçur”, aşağı enməyə tələsmir. Bunu təkcə biz demirik.

*****

“Nikol Paşinyanın iqtisadiyyatın sıçrayışlı və inqilabi inkişafı barədə verdiyi bəyanata rəğmən, beynəlxalq maliyyə təşkilatları yaxın illərdə Ermənistanda heç bir iqtisadi möcüzə vəd eləmirlər”. Bu barədə “168 jam” qəzetində dünən getmiş baş məqalədə deyilir.

Məqalədə daha sonra N.Paşinyanın böyük yalanı üzə çıxarılır və deyilir: “Həmin təşkilatların proqnozlarına əsasən, orta müddətli perspektivdə bizim ölkəmizin iqtisadiyyatı zəif inkişaf zonasında olacaq və bundan artıq heç nə olmayacaq. Söhbət vur-tut 4.3-5 faiz artımdan gedir – hansını ki, hətta ən böyük istəklə belə ”inqilabi” adlandırmaq qəliz məsələdir. Belə inkişaf fonunda şübhəsiz ki, nə iqtisadiyyatda, nə də sosial sferada ciddi gözləntilərə ümid eləmək mənasızdır. Və hökumət nə qədər bəyan eləsə də ki, o, inklüziv iqtisadi inkişaf təmin eləmək niyyətindədir, 4-5% cəmiyyətin sosial durumunu yaxşılaşdıracaq səviyyədə deyil. Ona görə də qat-qat yüksək – 7-7.5 illik artım lazımdır – hansı göstəricini isə beynəlxalq strukturlar Ermənistan üçün real hesab eləmirlər. O zaman kimə inanaq – Nilol Paşinyana, yoxsa nüfuzlu beynəlxalq qurumlara? Bu, o deməkdir ki, Nikol Paşinyanın əvvəllər vəd elədiyi sıçrayışlı iqtisadi inkişaf əvəzinə ölkədə öncəki illərlə müqayisədə iqtisad inkişaf tempinin zəifləməsi gözlənilir. Xatırladaq ki, 2017-ci ildə Ermənistanda ÜDM artımı 7.5, keçən il isə 12.7% faiz olub”.

Paşinyan sehrli çubuq ile ilgili görsel sonucu

Qəzet ardınca xarici sərmayələr məsələsinə toxunub: “Əslində xarici maliyyə axınları ilə bağlı da problemlər var. Bu problemlər özünü ötən ilin sonundan göstərməyə başlayıb. Ölkəyə özəl transfertlərin azalması ayrı-ayrı aylarda müşahidə edilib və daha bir həyəcanlı halla müşayiət olunub: Ermənistandan maliyyə vəsaitlərinin çıxarılması sürətlənib. Bu isə iqtisadiyyat üçün, ölkənin maliyyə sektoru üçün ciddi risk deməkdir. Buna qarşılıq, xaricdən maliyyə axını yoxdur”.

Məqalə bədbin notlarla bitir: “İstənilən halda, Nikol Paşinyanın erməni cəmiyyətinə və iqtisadiyyatla bağlı verdiyi vədlərə rəğmən, açıq-aşkardır ki, bu iki avtoritetli beynəlxalq struktur Ermənistanda elan olunan sıçrayışlı iqtisadi inkişafa və iqtisadi inqilaba inanmır. Bu isə artıq yaxşı şey deyil. Cəmiyyət artıq dərk eləməyə başlayıb ki, ölkədə iqtisadi və sosial situasiyanı dəyişmək üçün Paşinyanın heç bir ”sehrli çubuğu” yoxdur”.

*****

dağlıq qarabağ ile ilgili görsel sonucu

Aydın məsələdir ki, “Azərbaycan bir qarış da torpaq qaytarmayacağıq!”, “Mən Dağlıq Qarabağın adından danışa bilmərəm” kimi populist, müharibə qoxusu verən və erməni xalqına yaxşı heç nə vəd etməyən bəyanatlarla uzağa getmək, xalqı rifaha qovuşdurmaq mümkün deyil. Olsaydı, bunu Serj Sərkisyan, Robert Köçəryan 20 ildə edərdilər. Ermənistanda hakimiyyət başında kim olur-olsun, erməni xalqının xoşbəxtliyi Qarabağ konfliktinin radikal həllindən, işğal siyasətinə və Türkiyəyə qarşı qondarma soyqırım iddiasına son verməkdən keçir.

Bu arada ABŞ-dan Ermənistanın Paşinyana işğal altındakı əraziləri Azərbaycana qaytarmaq çağırışı edilib. Belə ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) məsləhətçisi, amerikalı politoloq Ray Salvatore Cenninqs Paşinyana Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış separatçı rejimə qarşı cinayət işini açmağa çağırıb (Publik.az).

Amerikalı politoloq qeyd edib ki, Qarabağda “qalaqurma” Paşinyana danışıqlar masasında elastiklik imkanı verəcək. “Ermənistan rəhbərliyi Qarabağdakı qüvvələri oyundan kənarlaşdırmalı və onlara qarşı cinayət işi açmalıdır. Qarabağda ”qalaqurma” siyasəti Ermənistan rəhbərliyinə münaqişənin həlli üçün müzakirələrin aparıldığı danışıqlar masasında elastiklik imkanı tanıyacaq. Paşinyan müəyyən addımları atdı. Artıq etibarın möhkəmləndirilməsi mexanizmlərinin reallaşdırılmasına hazırlıq haqqında danışırlar”, – deyə Cenninqs vurğulayıb.

Onun fikrincə, bu addımlar Nikol Paşinyana müəyyən dividendlər gətirə bilər: “Ərazilərin qaytarılması Ermənistanın xeyrinə olacaq. Azərbaycan bunun qarşılığında Ermənistana bir sıra beynəlxalq təşəbbüslərə, misal üçün Bakı-Tiflis-Qars dəmir yoluna qoşulmaq icazəsi verəcək. Bundan başqa, ABŞ-ın Ermənistanın yeni hökumətinə etibarının möhkəmlənməsi onun ”Şərq və Qərb” arasında öz münasibətlərinin tənzimlənməsindən asılı olacaq”.

*****

Xatırladaq ki, bundan qabaq – ötən ilin oktyabrında ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton İrəvanda olarkən Nikol Paşinyana açıq mətnlə bildirmişdi ki, Ermənistan Rusiyadan qurtuluş və inkişaf istəyirsə, o zaman ilk növbədə qonşuları Türkiyə və Azərbaycanla əlaqələri normallaşdırmaq və Qarabağ məsələsində həlledici addımlar atmaq barədə düşünməlidir.

Bundan bir qədər sonra prezident Donald Trampın özünün Paşinyanın ikinci dəfə baş nazir təyin edilməsi ilə bağlı göndərdiyi təbrik məktubunda (yanvar 2019 ) oxşar fikir qırmızı xətt kimi keçmiş, “Ermənistan qonşularla əlaqələri qaydaya salmayınca təhlükəsizlik və inkişaf içində ola bilməyəcək”, – deyə vurğulanmışdı. Ağ Ev başçısı onu da qeyd eləmişdi ki, “ABŞ-Ermənistan münasibətlərinin inkişafı üçün Qarabağ münaqişəsinin həlli vacibdir”.

Shares