“RABİTƏ BANK”DAKI DEPOZİTLƏR “ƏRİYİR” – Müştərilər bankdan milyonlarla manatı geri çəkiblər

Əhalinin ölkə banklarına inamının idealdan çox-çox uzaq olduğu şübhəsizdir. Burada kreditlərin soyğunçu faizlərlə verilməsindən tutmuş, devalvasiyalardan sonra vətəndaşlarla banklar arasında yaranmış bir çox problemlərə qədər çoxlu sayda səbəb var. Bütün bu səbəblər müştərilərin banklara münasibətində mənfi mənada özünü biruzə verməkdədir.

Müştərilər banklara olan münasibətlərini təkcə onlardan götürdükləri kreditlərlə deyil, həm də onlara öz depozitlərini, əmanətlərini yerləşdirməklə də ortaya qoyurlar. Təəssüf ki, ortabab banklardan sayılan “Rabitə Bank”ın bu baxımdan bəxti bir o qədər gətirməyib.

Ölkə banklarının ötən ilin yekunlarına dair göstəricilərinə nəzər yetirdikdə məlum olur ki,“Rabitə Bank”ın müddətli depozit portfeli xeyli dərəcədə “əriyib”. Rəqəmlər ondan xəbər verir ki, ötən ilin son rübündə bankdakı depozitlər təqribən 211 milyon manataqədər azalıb ki, bu da hesabat dövrü ilə müqayisədə 27 milyon manata yaxın, yəni 11 faiz azalma deməkdir. Daha konkret desək, müştərilər bankdan 26 milyon 444 min manat vəsaitlərini geri çəkiblər.

Əlbəttə ki, bir bank üçün depozit portfelinin kiçilməsi acınacaqlı haldır. Çoxları birinci növbədə bunu əhalinin banka olan etibarının zəifləməsilə əlaqələndirə bilər. Ancaq görünən odur ki, başlıca səbəb bankın əhaliyə təklif etdiyi depozit faizlərinin aşağı olmasıdır. Belə ki, bankın fərdi müştərilərinə təklif etdiyi ən yüksək əmanət faizi 10 faizə qədərdir ki, bu da bir çox digər banklarla müqayisədə aşağı göstəricidir. Bankın “Uşaq yığım əmanəti” üzrə faizi isə hətta demək olar ki, 5 faizi də ötmür.Təbii ki, bu şərtlər daxilində banka əmanət yerləşdirmək müştərilər üçün sərfəli deyil. Təbii ki, bütün bunlar bankın ucuz mənbələr əldə etmək istəyinə bağlıdır. Lakin göründüyü kimi, bu istək əks effekt verir və depozit portfelinin əriməsinə səbəb olur.

Bununla yanaşı, bankın qeyri-faiz gəlirləri də 28 faizədək, yəni 4 milyon manata yaxın azalıb, qeyri-faiz xərcləri isə 22 faiz artaraq, təxminən 7.5 milyon manata çatıb ki, bunlar da bank üçün müsbət göstərici sayıla bilməz.

Ancaq əvəzində bankın kredit portfeli 35 faiz, daha dəqiq desək, 83 milyon manatadəkartıb. Əslində, kredit portfelinin bu qədər artması aqressiv kredit siyasəti ilə də bağlı ola bilər ki, bu da gələcəkdə bankın problemli kreditlərinin kəskin şəkildə çoxalmasını şərtləndirir. Belə risklərin nə dərəcədə önləndiyi və bankın depozitləri aşağı faizlərlə qəbul edərək, öz depozit portfelini nədən “əritdiyini” söyləmək isə bir qədər çətindir.

Onu da qeyd edək ki, ötən il “Rabitə Bank”ın mətbuatda Elman Rüstəmovun bankı kimi təqdim olunan “Bank Respublika” ilə birləşəcəyinə dair məlumatlar yayılsa da, bu istiqamətdə hər hansı konkret addım atılmadı. /Azpolitika.info/

Shares