SABİQ BAŞ PROKURORDAN SENSASİON İDDİA

İxtiyar Şirin: “20 Yanvar hadisəsinin törədilməsində o vaxtkı Azərbaycan rəhbərliyi bilə-bilə iştirak edib”

“Rusiya ordusunun Bakıya çağırılması onların təşəbbüsləri olub”

İki gün öncə 20 Yanvar faciəsinin ildönümü qeyd olundu ki, bu tarix həm xalqımızın faciəsi, həm də qəhrəmanlıq səhifəsidir. Bu tarixi hadisə Azərbaycan xalqının mübarizliyini isbat edərək SSRİ kimi nəhəng bir dövlətin dağılmasına təkan verib ki, bundan sonra müstəqil dövlətimizin təməli qoyulub. Bununla belə, faciəmizin çox ağır olması səbəbindən 20 yanvar tarixini bu gün də xalqımız ağrı ilə xatırlayır.

Hadisə ilə bağlı mətbuatda gedən məlumatlar da diqqətdən qaçmır. Mətbuatı araşdırdıqca 20 Yanvarla bağlı ziddiyyətli məlumatlara rast gəlmək olur. Keçmiş baş nazir Artur Rasizadənin SSRİ rəhbərliyinə zəng vuraraq, sabitlik yaratmaq üçün Bakıya ordu çağırdığı, hətta keçmiş prezident Ayaz Mütəllibovun da SSRİ rəhbərliyindən hərbi yardım istəməsi qeyd olunur. Maraqlıdır ki, bu, məlumatlar nə dərəcədə həqiqəti əks etdirir? Bu və digər suallarımıza cavab almaq məqsədilə AXC hakimiyyəti dövründə baş prokuror olmuş İxtiyar Şirinlə söhbətləşdik.

– Mən yaddaşıma arxayın olub, bu şeyləri sizə desəm, ciddi olmaz. Başqa bir adam bu barədə eşitdiklərini danışa bilər, amma mən respublikanın baş prokuroru olduğuma görə bu ciddi məsələləri ancaq sənədlərə əsaslanıb deyə bilərəm. Ona görə, mətbuatda bu cür söz-söhbətlər varsa, əslində, Azərbaycan Respublikasının baş prokuroruna ünvanlanmalıdır, bütün materillar orada, işin içindədir. İndi mən heç kimin adını çəkib, hansısa ittihamı deyə bilmərəm. Çünki əgər mən bir ittiham verirəmsə, bunu sübut etməyə borcluyam. İş də mənim əlimdə deyil. Ona görə, mən heç kəsi ittiham edə bilmərəm. Amma mətbuatda yazılan bu məsələləri aydınlaşdırmaq üçün jurnalistin borcudur ki, həmin sənədlərin toplandığı, cinayət işinin materialları olan idarəyə, yəni prokurorluğa müraciət eləsin. Müraciətə isə oradan doğru cavab verməlidirlər.

– Məlumata görə, yanvarın 13-dən sonra bütün qurumlara tapşırılıbmış ki, kömək üçün Moskvaya müraciət etsinlər. Həmin vaxtı hakimiyyətdən olan qüvvələr kimdən qorunmaq üçün Moskvadan kömək istəyirmiş ki?

– Bu suala cavab verə bilərəm. Yəni həmin dövrdə Azərbaycan Xalq Cəbhəsi faktiki olaraq Bakı şəhərində və rayonlarda nəzarəti öz əlinə götürmüşdü. Çox güman ki, elə buna görə belə göstəriş verilib ki, hakimiyyətdə, vəzifədə olanlar, dövlət qurumları lazım olarsa, özlərini müdafiə etmək üçün Moskvaya müraciət edə bilərlər. Bu, ancaq onunla bağlı ola bilər.

– Ümumiyyətlə, 20 yanvar faciəsinin baş verməsinə səbəb olacaq proseslər nədən ibarət idi?

– Bu, əsasən Azərbaycanda baş vermiş bu sahibsizliyin qarşını almaq, azərbaycanlıları cəzalandırmaq və Azərbaycan Respbulikasını yenidən Moskvanın tam nəzarətinə qaytarmaq məqsədilə edilən bir hərəkət idi. Elə bu səbəbdən də Azərbaycan xalqı, vətəndaşları ilə çox sərt davrandılar. 100-dən çox vətəndaşımız həlak oldu, yüzlərlə vətəndaşımız yaralandı, xəsarət aldılar və s. Yəni bu adi bir mitinq, yaxud kütləvi iğtişaşın qarşısınıalma əməliyyatı deyildi, bu cəzalandırma əməliyyatı idi. Ona görə də bu cür sərt həyata keçirdilər.

– Bu faciəni həmin dövr hakimiyyətdə olan qüvvələrin məsuliyyəti, yaxud məsuliyyətsizliyi hesab etmək olarmı?

– Məsuliyyəti hesab etmək olar. Hakimiyyətin özü – baş nazirin müavinləri, siz bilmədiyiniz vəzifəli şəxslər, baş nazir, tutaq ki, təhlükəszlik nazirliynin rəhbərliyi, o vaxtı ölkənin faktiki rəhbəri sayılan Mərkəzi Komitənin birinci katibi -bunlar hamısı məsuliyyət daşıyırlar. Burada heç bir səhlənkarlıq ola bilməz. Bunu istintaq da göstərdi. İstintaqın da əsas hissəsi mənim dövrümdə aparıldı. Nə mənə qədər, nə də məndən sonra orada heç bir istintaq aparılmayıb. Mən Rusiyadan məsuliyyətli olan şəxslərin hamısını Moskvada öz müstəntiqlərimizə dindirtdirib, ifadəsini almışam, bir çox məsələlərə aydınlıq gəlib. İstintaq nəticəsində aydın oldu ki, burada heç bir səhlənkarlıq olmayıb. Bu hadisənin törədilməsində o vaxtkı Azərbaycan rəhbərliyi bilə-bilə iştirak edib. Rusiya ordusunun bura çağırılması bilavasitə onların təşəbbüsləri olub. Biz Moskada orada iştirak edənləri dindirdik. Rıjkovu dindirəndə o, hay-küy saldı. Ondan sonra bizim oradakı istintaq fəaliyyətimizin qarşısı alındı. Biz Rıjkova qədər gedib çıxmışdıq. O, o vaxtı Nazirlər Sovetinin sədri idi.

– Bildiyimiz kimi, AXC hakimiyyətə gələndə 20 Yanvar faciəsinin istintaqı yenilənib. Siz baş prokuror kimi istintaq vaxtı hansı qaranlıq məqamları üzə çıxardınız ki, bu gün də o detalları ictimaiyyətə açıqlaya bilmirsiniz?

– O vaxt təhlükəsizlik naziri işləmiş Vaqif Hüseynovu həbs etdik. İstintaq zamanı aydın oldu ki, Azərbaycan televizyasının enerji blokunun partladılması bilavasitə Vaqif Hüseynovun göstərişi ilə olub. Ora həm Moskvadan gəlmiş, həm də Təhlükəsizlik Nazirliyinin əməliyyat işçilərini göndərib, oranı partlatmışdılar. Mən Vaqif Hüseynovu həbs etdim. Təbii ki, burada başqa adamlar da həbs olunacaqdı. Artıq işlər planlaşdırılmışdı. Gəncə hadisələri baş verdi, bizim hakimiyyət gedəndən sonra dərhal yeni hakimiyyət Vaqif Hüseynovu həbsdən azad etdi. Müəyyən müddət keçəndən sonra təzədən Vaqif Hüseynov haqqında axtarış elan etdilər. Əbülfəz Elçibəy hakimiyyəti əsas günahkarlardan birini həbs etdiyi halda, növbəti hakimiyyət Vaqif Hüseynovu həbsdən azad etdi, o da çıxıb Moskvaya getdi. Bilirsiniz ki, AXC-dən sonra Heydər Əliyev hakimiyyətə gəldi. Onlar Vaqif Hüseynovu azad etdikdən sonra, axtarış elan etdilər ki, guya, onu axtarırlar. Orada təkcə Vaqif Hüseynov günahkar deyildi, Azərbaycan hakimiyyətindən başqa təqsiri sübut olumuş şəxslər də var idi, heç birinə toxunulmadı, hamısı çıxdı, öz işinə getdi.

İndi xalqımız hər il gedib şəhidlərimizi xiyabanda yad edir. Amma xalqımız da bilməlidir ki, həmin fəlakətin baş verməsində günahkar olan şəxsləri Azərbaycan hakimiyyəti həbsdən azad edib və onların heç birini məsuliyyətə cəlb etməyib.

– Maraqlıdır, AXC hakimiyyətdə olanda Siz bu qədər məqamları aşkar etmisiniz, bəs bu faciəyə niyə hüquqi-siyasi qiymət verilmədi?

– Verilirdi, istintaq artıq başa çatırdı. Vaqif Hüseynov o hakimiyyətin ən ciddi adamlarından biri idi, biz onu həbs etdik. Ondan başqa, Təhlükəsizlik Nazirliyinin bir əməliyyat işçisini həbs etdik. Başqa adamları da həbs etməyi planlaşdırırdıq. Əksəriyyəti buradan qaçıb Rusiyaya getmişdi. Başqa adamlar da həbs olunacaqdı. O cümlədən buradan Rusiyaya teleqram vurmuş şəxslər, Artur Rasizadə və bir neçə adam var idi, indi mən çoxlarını dəqiq deyə bilmirəm, hamısı həbs olunacaqdı. Bunlar hamısı həbs olunmalıdır. Sadəcə olaraq Gəncə hadisələrinin baş verməsi bu adamların məsuliyyətdən qaçmasına imkan yaratdı.

– 20 Yanvar əlilləri, şəhid ailələri bu günlə bağlı təbliğatın aparılmasından narazılıq edirlər. Sizcə, 20 Yanvarla bağlı təbliğat niyə zəif aparılır? Bunun kökündə nə durur?

– Bunu hakimiyyətə sual vermək lazımdır. Bu elə-belə hadisə deyildi. Təkcə “gəldi 100-dən çox adamı öldürdü, getdi” kimi qəbul etmək doğru deyil. Bu, Azərbaycanın yenidən işğalı məsələsi idi. Bu hadisəni o cür dəyərləndirmək lazımdır. Azərbyacan yenidən rus ordusu tərəfindən işğal olundu və buna etiraz edən Azərbaycan xalqına qarşı işğalçı qoşunlar tərəfindən repressiv tədbirlər görüldü. Bunu o cür qiymətləndirmək lazımdır. Əbülfəz Elçibəy hakimiyyəti istintaqı başa çatdırıb, məsələlərlə bağlı yekun qərarlardan asılı olaraq faciəyə həm hüquqi, həm də siyasi qiymət verəcəkdi. Mən baş prokuror təyin olunanda 1992-ci ilin oktyabr ayı idi. Yəni Əbülfəz Elçibəy hakmiyyətinin müəyyən bir hissəsi getmişdi. Mən getdim, gördüm yalandan 15-20 nəfəri dindirib, işi seyfə atıblar, 20 Yanvar cinayət işi ilə heç maraqlanan da yoxdur. Dərhal ciddi bir istintaq qrupu yaradıb, qısa müddət ərzində ciddi nəticələr əldə etdik. Moskvada da əsas şahidlərin dindirilməsindən sonra artıq qərarlar qəbul etməyə başladıq. Təhlükəsizlik Nazirliyindəki bir şöbə müdiri və təhlükəsizlik naziri Vaqif Hüseynovun həbsi ilə işə başladq. Ondan sonrakı baş verən hadislər işi tamamlamağa imkan vermədi. Bu işdə müxtəlif maddələrlə məsuliyyətə cəlb olunan adamlar arasında teleqram göndərənlərdən tutmuş, orada terror hadisələri törədənlər və Azərbaycan xalqının müqavimətinin qırılması üçün bilavasitə göstəriş verən hakimiyyət nümayəndələri də var.

– 20 Yanvar hadisəsinin məhz faciə günü kimi tarixə salınması nə dərəcədə doğrudur? Bunu xalqın qəhramanlıq salnaməsi hesab etmək olarmı?

Şamo EMİN, Hurriyyet.org

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle