“SOCAR Georgia”nın uğurlu strategiyası

SOCAR-ın Gürcüstanda güclü mövqelərə malik olması Azərbaycanın enerji daşıyıcılarının Qərb bazarlarına maneəsiz çıxışını təmin edir

 

Gürcüstanda soydaşlarımız üçün həyati təminatların saxlanılması “SOCAR Energy Georgia”nın ən böyük nailiyyətidir

 

Təxminən on il əvvəl ABŞ-ın şist nefti və qazının istehsalında inqilabi yeniliklərə yaxın olduğu, bu nailiyyətin isə dünyanın enerji siyasətini tamamilə dəyişəcəyi ilə bağlı fikirlər inandırıcı səslənmirdi. İndi isə ABŞ neft istehsalında dünya liderliyini artıq ələ alıb. Avropa və Asiyanın qaz bazarlarında özünün sıxılmış qazını sata bilmək üçün isə, hətta siyasi və iqtisadi təzyiq vasitələrindən istifadə etməkdən də çəkinmir. Ancaq bu da son deyil. Bir çox ekspertlər hesab edirlər ki, cəmi beş il sonra, hətta Rusiya və Səudiyyə Ərəbistanı cütlüyü enerji bazarlarını tərk etsə belə,  ABŞ təkbaşına onların əvəzinə bütün dünyanı neft və qazla təmin edə biləcək. Bu isə o deməkdir ki, hazırda dünya enerji bazarında yaşanan rəqabət beş il sonra tamamilə yeni mərhələyə daxil olacaq.

Azərbaycan iqtisadiyyatının əsasını neft və qaz ixracatı təşkil etdiyi üçün dünyanın enerji bazarlarında baş verən proseslər bizi də dərindən düşündürməlidir. Ancaq Rusiyadan fərqli olaraq, Azərbaycanın narahatlığına elə bir ciddi əsas yoxdur. Belə ki, ABŞ Rusiyanı yaxın illərdə Avropanın enerji bazarından sıxışdırıb çıxarmağa çalışacaq. Azərbaycan isə təmsil olunduğu regionda çox güclü təməllər atması sayəsində uzun illər üçün özünün satış bazarlarını təmin edib. Bu sırada da heç şübhəsiz ARDNŞ-in törəmələri olan “SOCAR Energy Georgia” MMC, “SOCAR Georgia Gas” və “SOCAR Georgia Petrolium” şirkətlərinin qonşu Gürcüstanda həyata keçirdikləri uğurlu marketinq və menecment siyasətini qeyd etmək yerinə düşər. Məhz bu uğurlu siyasətin nəticəsində bu gün Gürcüstanın qazpaylayıcı sistemi demək olar ki, tamamilə SOCAR-ın nəzarətindədir. Məlum olduğu kimi, SOCAR-ın Gürcüstanda möhkəmlənməsi 2012-ci ildə İtera-Georgia şirkətinin alınmasından sonra tam rəsmiləşdi.

2012-ci ilin oktyabrında ARDNŞ “İtera Beynəlxalq Enerji” MMC-nin 100 faiz iştirak payı olan İtera Georgia şirkətinin sahibi olub və bununla da Gürcüstanda təbii qaz tədarükçüsü və distribyutoru kimi təsdiq olunub. Hazırda ARDNŞ Gürcüstana təbii qaz, neft və neft məhsullarının əsas tədarükçüsüdür. ARDNŞ-nin törəmə şirkətləri ölkədə qaz paylama sistemlərinin genişləndirilməsi və modernləşdirilməsi, ARDNŞ markası altında yanacaqdoldurma məntəqələri şəbəkəsinin yaradılması və Gürcüstanın Qara dəniz limanında yerləşən Kulevi şəhərinin neft terminalına malikdirlər ki, burdan da Azərbaycan nefti və neft məhsulları qlobal bazarlara keçid edir.

Məhz 2012-ci ildə İtera-Georgia şirkətinin alınmasından sonra Gürcüstanda təbii qazın qiyməinə nəzarət mexanizmi SOCAR-ın əlinə keçdi. Həmin tarixdən sonra bir sıra şirkətlər Gürcüstan bazarında qazın qiymətini vaxtaşırı dəyişməyə can atıblar, ancaq SOCAR-ın mövqeyi onlara niyyətlərini gerçəkləşdirmək imkanı verməyib. Məsələn, 2017-ci ildə “Kaztransqaz-Tbilisi” şirkəti Gürcüstanda kommersiya istehlakçıları üçün qazın qiymətini artırmağı təklif etmişdi. Ancaq o zaman məhz SOCAR-ın bu təklifə qarşı çıxması Gürcüstanda qiymətlərin qalxmasına imkan verməmişdi. Belə misallar çox çəkmək olar. Və yaxud da əksinə, “SOCAR Georgia Gas” dünyada enerji daşıyıcılarının qiymətinin artmasını nəzərə alıb, Gürcüstanda kommersiya istehlakçıları üçün qazın qiymətini artırdıqda heç bir şirkət buna mane ola bilmir. Məsələn, bu ilin yanvarında “SOCAR Georgia Gas” martın 1-dən etibarən Gürcüstanda kommersiya istehlakçıları üçün qazın hər kubmetrinin qiymətini 0.95 lari bahalaşdırdı. Yəni, SOCAR-ın Gürcüstandakı mövqeləri ona özünün kommersiya maraqlarını qorumağa imkan verir.

SOCAR-ın Gürcüstandakı üstün mövqeləri Azərbaycanın Qərb istiqamətində dünya bazarlarına etibarlı çıxışını təmin edir. Azərbaycan özünün enerji daşıyıcılarını məhz Gürcüstan üzərindən dünya bazarlarına çıxarır. SOCAR-ın Gürcüstanda güclü mövqeyə malik olması Azərbaycanın Qərbə açılan qapısının təminatı deməkdir. Bundan başqa SOCAR-ın Gürcüstanda üstün mövqelərə sahib olması bu ölkədəki soydaşlarımızın mövqelərinin güclənməsi deməkdir.

Gürcüstanda fəaliyyət göstərdiyi illər ərzində ARDNŞ ölkədə müxtəlif layihələrə 1,5 milyard dollardan artıq sərmayə qoymuşdur. “SOCAR Georgia Gas” şirkəti Gürcüstanda təxminən 6000 kilometr uzunluğunda qaz kəmərləri çəkmişdir ki, bu da 210 min abunəçiyə qaz tədarükünü mümkün etmişdir.

Məhz SOCAR-ın Gürcüstanda həyata keçirdiyi layihələrdən sonra Borçalıdan Azərbaycana köç səngiməyə başladı və nəhayət tamamilə dayandı. Hətta son illər əks proses də başlayıb. Əslən Borçalıdan olan soydaşlarımızın bir çoxu indi geriyə, Gürcüstana qayıtmağa başlayıblar. Bu isə vacib həyati təminatların mövcudluğu nəticəsində baş verir. Gürcüstanda soydaşlarımız üçün həyati təminatların saxlanılması “SOCAR Energy Georgia”nın ən böyük nailiyyətidir. Bu nailiyyətlərin əldə olunmasında şirkətin direktoru Mahir Məmmədovun da önəmli rolu var. Əlbəttə, bəlkə bu gün “SOCAR Energy Georgia”nın da, Mahir Məmmədovun da gördüyü işlər olduğu qədər diqqəti cəlb etmir. Dağın ətəyində dayanıb, dağın ucalığını tam qiymətləndirmək mümkün olmadığı kimi, tarixi proseslərin içərisində yaşayıb, onun əhəmiyyətini dərk etmək də bəzən çətin olur. Tarixi hadisələr məhz tarixə çevrildikdən sonra əsl qiymətini ala bilir.

Ancaq bir məsələ tam həqiqətdir ki, SOCAR-ın Gürcüstanda olduğu kimi bir sıra ölkələrdəki uğurlu strategiyası Azərbaycanın enerji daşıyıcıları üçün mümkün perspektivlərdən əminlik yaradır. Buna görə, Rusiya kimi nəhəng neft və qaz istehsalçısından fərqli olaraq, Azərbaycan özünün enerji daşıyıcılarının gələcək satış bazarından narahatlıq keçirməyə bilər.

 

Arzuman Loğmanoğlu,

“Yeni Sözçü” qəzeti

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle