TİKİNTİ ŞİRKƏTİ 50 AİLƏNİN GÜNÜNÜ “QARA” EDİB

“Azadlıq Bağları” və “Qarant” şirkətləri tikinti prosesində ərazidəki evlərlə yanaşı, həm də sakinlərin canlarına qəsd etməklə məşğuldur

Paytaxt Bakının Xan Şuşinski küçəsi və Azadlıq prospektinin kəsişməsində “Azadlıq Bağları” və “Qarant” şirkətləri (hər iki şirkətin sahibləri eyni şəxslərdir) 5 ədəd bir bloklu 16 mərtəbəli bina inşa edirlər. Bunun üçün müavfiq dövlət qurumlarının rəsmi icazəsi də var. Ancaq, ərazidə yaranmış problemin gözəgörünməyən qanunsuz tərəfləri az deyil. Belə ki, hər iki şirkət ərazidə yaşayan əhaliyə, burada yerləşən məhəllə evlərinə elə bir divan tuturlar ki, sakinlərin ah-naləsi yerə-göyə sığmır. Sakinlər tikinti sahibləri ilə nə qədər mülayim davransalar da, onlara yeni işlərində xeyir-dua versələr də, sanki hər iki şirkət qurub-yaratmaq deyil, insanlara zülm etmək üçün yaradılıbdır. Belə ki, bu əraziyə baxış keçirdiyimiz zaman bütün gerçəkləri öz gözümüzlə müşahidə etdik.

Xəstə qadın və ailəsi küçədə qalıb

Həsən Əliyev küçəsi 50 saylı evin sakini Fatmanisə Xəlil qızı Vəliyeva, onun oğlu və qızı demək olar ki, küçədə gecələyirlər. Bu ailənin yaşadığı binaya baxış keçirdiyimiz zaman dəhşətə gəldik. “Azadlıq Bağları” və “Qarant” şirkətlərinin inşa etdiyi 16 mərtəbəli bina üçün qazılan və 16 metr dərinlikdəki çala ailənin normal təmirli olan evlərini başlarına uçurubdur. Evin arxa hissəsində 16 metr dərinlikdə qazılan çala düz bir metr aralıqda yerləşir. Halbuki qanunvericiliyə əsasən hər hansı bina tikildiyi təqdirdə yaxınlıqdakı bina və ya evdən azından 20-25 metr aralı inşa edilməlidir. “Azadlıq Bağları” və “Qarant” şirkətləri qanunlara tüpürərək, sadə vətəndaşlara məhəl qoymayaraq, onların evlərinin divarının bir metrliyində dərin çalalar qazaraq “qaz vurub, qazan doldurmağı” hədəf seçib. Fatmanisə xanımın evinin nəinki arxa divarları, üçotaqlı mənzilin hər bir otağında tavan divarlardan ayrılıb. Ayrıca divarların özündə iri çatlar yaranıb. Mətbəx və hamam otaqları isə daha fəlakətli durumdadır. Evin koridorunda döşəmələr arasında iri çatlar yaranıb. Ona görə də ailə məcbur olaraq başqa bir yerdə mənzil kirayələmək zorunda qalıb. Evlərinin belə bir hala düşməsini Fatmanisə xanım dəfələrlə tikinti şirkətinin sahiblərinə, iş icraçılarına əyani şəkildə göstərsə də, heç bir nəticə olmayıb. Əraziyə baxış keçirdiyimiz zaman o da bəlli oldu ki, məhəllədə yerləşən 50 ailənin evləri məhz bu gündədir. Tikinti işi isə gurhagurla öz işindədir. Mühəndis- texniki qaydalarına əməl etmək şirkət sahiblərinin vecinə deyil. 50 ailə tozun-torpağın içində beləcə əzab çəkirlər. Fövqəladə Hallar nazirliyi və digər müvafiq qurumlar, xüsusilə də N. Nərimanov rayon İcra Hakimiyyəti əhalinin şikayətlərini dinləmək istəmir. Beləliklə ərazidə həm də məmur özbaşınalığı hökm sürməkdədir.

Vergi ödəyicilərinin əzabları

Fatmanisə Vəliyeva bildirdi ki, üçotaqlı evini icarəyə verərək hostel kimi işlədərək hər ay dövlətə vergi ödəyir və ailəsinin ehtiyaclarını bitəhər başa çatdırırdı. Fevral ayından bu yana, ərazidəki tikinti şirkətinin törətdiyi fəsadların ucbatından icarəçi çıxıb gedib və ailəsi həm qazancından, həm də dövlətə ödədiyi gəlir vergisindən məhrum qalıb. Onu da qeyd edək ki, ərazidəki kiçik sahibkarlar, xüsusilə mağazalar “Azadlıq Bağları” və “Qarant” şirkətlərinin qanunsuz əməllərindən beziblər. Çünki, mağazaların da divarları çat verib və tozun-torpağın əlindən işləyə bilmirlər. Beləliklə müştərilərini itiriblər. Amma hər ayın sonunda dövlətə vergilərini necə ödəyəcəkləri qayğısı onları çox sıxır. Hər iki şirkətin ortaqları (sahibi) statusu ilə tikinti meydançasına gələn Əmiraslan, Vəli və Xudu adlı üçlük əhali ilə o qədər kobud davranır ki, onlara bəzən şikayət etməkdə sakinlər abrlarından peşman olurlar.
Fatmanisə xanım ağır şəkər xəstəsidir. Ürəyindəki problemlərə görə xəstəxanada ağır əməliyyat keçirib. Bundan əlavə, gözlərindəki problemlə bağlı əməliyyat olunmağa hazırlaşır. Məhəllə sakinləri arasında onun kimi xəstə olan insanların da sayı az deyil.
“Azadlıq Bağları” və “Qarant” şirkətləri isə, heç nəyə məhəl qoymadan hər gün aləmi toz –dumana qatır. Zəhərli tozlar isə, istənilən infeksiyanın və digər xəstəliklərin mənbəyi deməkdir.

Qaraçılar sakinləri necə doydülər

Ərazidəki sakinlər bildirdilər ki, “Azadlıq Bağları” və “Qarant” şirkətləri ötən ilin yayında burada bina tikintisinə başlayan zaman bir ailəni o qədər incidiblər ki, sonda evin sahibi havalanaraq 25 metr hündürlükdə olan tikinti kranının təpəsinə dırmaşıb və qanuni haqqını tələb etməklə yanaşı, bu tikinti şirkətinin ailəsinə verdiyi əzabları hər kəsə elan edib. Belə ki, evin sahibi alqı-satqı məsələsində şirkət tərəfindən əvvəlcə aldadılıb və sonra isə təhdid olunubdur. Bu azmış kimi şirkətin “xozeynləri” kriminal aləmə üz tutub. Beləliklə də qaraçılardan ibarət kriminal qrup evinə soxularaq bu kasıb ailənin bütün üzvlərini “xurd-xəşil” ediblər. Buna görə də ailənin başçısı yüksəkmərtəbəli bina üçün ərazidə quraşdırılmış kranın üstünə çıxıb. Bu faciənin əsil şahidləri N. Nərimanov rayon İcra Hakimiyyəti, həmin rayonun Polis İdarəsi, ərazi üzrə Fövəqladə Hallar nazirliyinin idarəsi, Musa Nağıyev adına xəstəxananın Təcili Tibbi Yardım qrupu və təbii olaraq ərazidəki sakinlərdirlər. Bütün bu qanunsuz əməllərinə görə nədənsə “Azadlıq Bağları” və “Qarant” şirkətlərinin “xozeynləri”nə güldən ağır söz deyən olmadı.

Fatmanisə xanımın ev dərdi

O, “Azadlıq Bağları” və “Qarant” şirkətlərinin ortaqlarından biri olan Xudu adlı birisi ilə görüşərək evinə dəymiş maddi zərərin ödənilməsi, təmir olunması və bu müddət ərzində isə kirayədə yaşadığı üçün kompensasiyanın ödənilməsini bildirib. Yəni bu üç şərtdən birinə əməl edilsin. Şirkətin rəhbərləri bütün bunlardan imtina edib. Halbuki, Fatmanisə xanım evin qanuni sahibi kimi, hər iki şirkəti məhkəməyə verə bilər. O, humanizm göstərərək sülh danışıqları vasitəsilə yaranmış problemin həllinə nail olmaq istəyibdir.
Xudu adlı şəxs hətta Fatmanisə xanımı təhdid edərək belə bir cavab verib: “Nə boş-boşuna danışırsan. Hamınız fürsətçisiniz. Get haraya istəyirsənsə, şikayət et. Heç kimdən qorxmuram. Cəhənnəmin altına girmisən, hələ bizdən kompensasiya da istəyirsən?”
Halbuki, iki ay əvvəl “Azadlıq Bağları” və “Qarant” şirkətlərinin “xozeynləri” şikayətçilərə bildirirdilər ki: “Heç bir narahatçılıq olmayacaq. Kimin evinə ziyan dəyibsə, dərhal təmir olunacaq. Ya da zərərin qarşlığı ödəniləcək”. Aradan həftələr və aylar ötsə də verilən vədlərin heç birinə əməl olunmayıb. Çünki, həmin vaxtlar ölkə rəhbəri İlham Əliyev məmur özbaşınalığına qarşı sərt fikirlər söyləmişdi. İndi ara sakitləşən kimi bir çox məmurların, eləcə də tikinti şirkəti sahiblərinin “buynuzları” yenidən peyda olub.

YAP-çı çöldə qalıb və səsinə hay verən yoxdur

Fatmanisə xanımın oğlu Elmar Ağacanlı Yeni Azərbaycan Partiyasının Səbayel rayon təşkilatının üzvüdür. Onu YAP üzvlüyünə qəbul edən isə, məşhur 91-lərdən biri kimi tanınan, görkəmli alim Zahid Qaralov olub. Elmar Ağacanlı YAP-ın üzvü olmağına da peşman deyil. Həyatda tək şikayəti “Azadlıq Bağları” və “Qarant” şirkətlərinin evini bərbad vəziyyətə salması və ailənin yeganə dolanışıq mənbəyinin əlindən çıxmasıdır.
Ərazidə yaşayan əhalinin faktiki olaraq, tikintidə çalışan iş icraçılarından və fəhlələrdən heç bir narazılığı yoxdur. Məhəllə sakinləri onu da bildirdilər ki, hamının əsas şikayət ünvanı “Azadlıq Bağları” və “Qarant” şirkətlərinin ortaqları (sahibləri) Vəli, Əmiraslan və Xudu adlı şəxslərdir. Bu üçlük tikinti meydançasında zühur edən kimi nəinki öz işçiləri ilə, həm də burada yaşayan sakinlərlə kobudcasına davranırlar. Sanki sıravi vətəndaşlar onlar üçün qul, özləri də quldardırlar.

Sonu görünməyən rəzalət

Həsən Əliyev küçəsinin sakinləri bildirdilər ki, “Azadlıq Bağları” və “Qarant” şirkətlərinin onların evlərinə vurduqları ziyana və şəxsiyyətlərinin təhqir olunmasına görə prezident İlham Əliyevə, I vitse-prezident Mehriban Əliyevaya, Respublika Baş Prokuroru, Daxili İşlər Naziri, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova və Fövəladə Hallar Naziri və digər dövlət strukturlarına rəsmi ərizə ilə kollektiv şəkildə şikayət edəcəklər.
Neçə aylardır hər iki şirkət əhalinin canını boğazına yığıbdır.
Sakinlər onu da bildirdilər ki, “Azadlıq Bağları” və “Qarant” şirkətləri tikinti prosesində ərazidəki evlərlə yanaşı, həm də onların canlarına qəsd etməklə məşğuldur. Biz bunun Fatmanisə xanımın evinə baxış keçirən zaman şahidi olduq. İndiki məqamda Fatmanisə xanım və oğlu və qızı ilə öz halal evlərinə daxil olsalar, istənilən anda evin damı onların üstünə çökə bilər. Bir ailənin faciəsi və “Azadlıq Bağları” və “Qarant” şirkətlərinin rəzaləti beləcə məmləkətin halına çevrilib.

Ə. Yusifoğlu, Hurriyyet.org

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle