Xətainin sabiq icra başçısı qorxu içində qandallanacağı günü gözləyir

Xətai rayonunda müxtəlif vəzifəli şəxslərin fəaliyyətlərinin araşdırılması sabiq icra başçısının həbsinə səbəb ola biləcək faktların aşkarlanması ilə nəticələnə bilər

 

Xətai rayon İcra Hakimiyyətinin sabiq başçısı Razim Məmmədovun qardaşı,Mübariz Məmmədovun Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsinin Kiçik sahibkarlıqla iş şöbəsinin müdiri vəzifəsindən azad edilməsi sabiq icra başçısı ətrafında həlqənin daraldığını göstərir. Belə ki, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sabiq rəis müavini Xalid Məmmədovun cinayət işinin məhkəmə salonlarına qədər uzanması sabiq icra başçısına ünvanlanmışciddi xəbərdarlıq kimi qəbul oluna bilərdi. Razim Məmmədovun qardaşının işdən çıxarılması isə, artıq sabiq icra başçısının ən yaxınlarınınfəaliyyətlərinin araşdırıldığından və bu araşdırmaların sonucunda onun özünə qarşı ittihamedici materialların ortaya cıxa biləcəyindən xəbər verir.

Sabiq icra başçısının yolunun istintaqdan düşməsi üçün son nöqtəni hazırda Xətai rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərinin icra edən Rafiq Quliyev qoya bilər. Qeyd edək ki, 2013-cü ildən Xətai rayon icra başçının 1-ci müavini olan Rafiq Quliyev uzun illər ərzində oyundan kənar salınsa da, icra başçısının əməllərindən tam məlumatlı olub. Rayon ərazisində hündür mərtəbəli binaların tikintisinə razılıq verilməsinin, ticarət və iaşə obyektlərinin inşasının və istifadəsinin iş adamlarına hansı qiymətə başa gəlməsi haqqında ən məlumatlı şəxslərdən birincisi elə Rafiq Quliyevdir. İcra başçısı ilə “soyuq müharibə” vəziyyətində olmasına baxmayaraq, Rafiq Quliyev Razim Məmmədovun bütün əməlləri haqqında geniş məlumat ala bilib. İndi isə, bəzi qüvvələrin Razim Məmmədovu həbsə göndərməkdə israrlı olduqları bir zamanda, Rafiq Quliyevin məlumatları ittiham aktının əsasını təşkil edə bilər. Qeyd edək ki, sabiq icra başçısı Razim Məmmədovla Rafiq Quliyev həmyerlidirlər. Onların hər ikisi Ermənistanın Sisiyan rayonunda doğulublar. Razim Məmmədov Sisiyan rayonunun Ağudi, Rafiq Məmmədov isə,həmin rayonun Ərəvsə kəndindəndirlər. Rafiq Quluyevin karyera yüksəlişində Razim Məmmədovun böyük rolu olub. Məhz Razim Məmmədov Rafiq Quliyevi əvvəlcə icra başçısının müavini, 2013-cü ildə isə birinci müavini təyin edib. Bu kimi kadr təyinatlarına görə Razim Məmmədovun yerlibazlıqda ittiham edənlər də olub. Ümumiyyətlə, sabiq icra başçısının kadr siyasətini yerlibazlıq və qohumbazlıq prinsipləri əsasında həyata keçirdiyi haqqındakı iddialar həqiqətdən uzaq deyil. Sabiq başçının xüsusilə gəlirli sahələri özünün həmyerliləri və qohumları arasında bölməsi haqqında da sərt ittihamlar var.

Hələlik isə, diqqətlər iki məsələyə, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin keçmiş rəis müavini Xalid Məmmədovun Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma), 34, 312-ci (rüşvət verməyə təhrik etmə), 178-ci (dələduzluq) maddələri ilə ittiham olunduğu məhkəmə prosesinə və yeni icra başçısı təyinatı ətrafında gedən hakimiyyətdaxili mübarizəyə yönəlib. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Xalid Məmmədovun Xətai Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Razim Məmmədovun əmisi oğlu və əsas adamlarından biri olması bunu deməyə əsas verir ki, onun məhkəmə prosesi zamanı sabiq başçının da həbsinə səbəb ola biləcək faktlar ortaya çıxa bilər. Ancaq bundan daha önəmli olan məqam Xətai rayonu uğrunda gedən klanlararası mübarizənin hansı nəticə verəcəyi ilə bağlıdır. Çünki, Razim Məmmədovun aid olduğu klan Xətai rayonu üzərində nəzarəti saxlaya bilməzsə və bu rayonun icra başçısı vəzifəsinə başqa klanın kadrı təyin olunarsa, bu zaman Xalid Məmmədovun cinayət işi üzrə yeni epizodlar üzə çıxacaq.

Qeyd edək Xətai rayonu paytaxtın mərkəzi rayonu olmasa da, onun əhəmiyyətini artıran başqa məqamlar var. Məsələn, paytaxtın mənzil fondunun 18 faizi Xətai rayonu ərazsində yerləşir. Bu isə həm seçiciyə, həm də böyük büdcə pullarına əlverişli çıxış imkanı deməkdir. Bu iki önəmli məsələnin isə bütün klanlar fərqindədir. Ona görə də Razim Məmmədovun vəzifədən azad olunmasından 45 gündən artıq vaxt keçməsinə baxamayaraq, Xətai rayon icra hakimiyyətinə başçı təyinatı hələ də gerçəkləşməyib. İddialara görə, hakimiyyətdə təmsil olunan bütün klanların bu vəzifəyə öz namizədi var. Bu prosesi izləməklə yanaşı Razim Məmmədovun tikintisinə yaşıl işıq yandırdığı bəzi tikililərin gələcək aqibətinə də aydınlıq gətirməyə çalışacağıq. Çünki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həmin tikintilərdən bir çoxunun qanunsuz olması qənaətindədir və Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin keçmiş rəis müavini Xalid Məmmədov da məzh bu Komitənin məlumatları əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdı. Xətai rayonundakı mənbədən redaksiyamıza daxil olan məlumata görə, rayon ərazisindəki bəzi tikintilərdəartıq iki aya yaxındır ki, inşaat işləri dayandırılıb. Onların aqibətinin necə olacağını da hələlik kimsə bilmir. Bütün bu məsələlərə növbəti araşdırmalarımızda aydınlıq gətirməyə çalışacağıq.

A.Nəbiyev,

“Yeni Sözçü” qəzeti

 

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle