Yadigar Cəfərli yazır- Yarımçıq nağıl

Anar Nağılbaz dünyasını dəyişdi. Daha bir nağıl da yarımçıq qırıldı. 
Biz tələbə olanda, “Canlı klip” teatrı ilə çox populyar idi. Azərbaycanda repin banisidir,-deyirdilər amma, istəyirəm burasına azacıq düzəliş edəm. Azərbaycanda ilk replər kimi qəbul olunacaq şeirləri, nə qədər qəribə olsa da, heç bilirsinizmi, kim yazıb: Mirzə Ələkbər Sabir. 
Onun bəhri-təvil janrında şeirləri, əsl rep nümunələridir ki, var. 
Anar Nağılbazın ötən əsrin sonlarında oxuduğu replərin də çoxu ictimai məzmunda idi. Özü də elə axırda deyəsən Sabirin xəstəliyindən getdi: başladı şişməyə üzü qarə ciyəri…
Onun böyük sənət yaratdığını deyə bilmərəm. Amma nə vaxtsa nələrsə etməyə can atmışdı. Sonra toylar, şou-biznes düşdü aralığa. Müğənnilərin yaradıcılıq axtarışları da, Anar Nağılbaz kimi yenilikçilər də yavaş-yavaş sıradan çıxdı.
İdeyalardan daha çox insanların, sənətdən daha çox sənətçilərin şəxsi həyatının müzakirə edildiyi dünyamızda böyük sənət yaratmaq deyəsən daha heç mümkün də deyil.
Belə bir dünyada sənət adamları haqqında bütün qiymətəndirmələr adətən belə tamamlanır: yaxşı müğənnidi, amma özü… yaxşı şairdi, amma özü…yaxşı aktyordu, amma özü…
Düzü, indi özüm də deməyə çətinlik çəkirəm ki, bu cümlənin hansı tərəfi cəmiyyət üçün daha mühümdür.
Son illər Anar Nağılbazın da adı 90-larda onu məşhur etmiş sənəti ilə yox, “amma”lardan bu tərəfdəki şəxsi həyat qalmaqalları ilə gündəmdə dolaşırdı. Bildiyim qədər o gəncliyində də bir qədər çərçivələrə sığmayan adam idi. Amma çərçivələrə sığan birinin daha replə nə işi?!
Bir Amerika yazarı var: Çarlz Bukovski. Başına gələnlərdən, həyatından gəlib keçmiş qadınlardan elə “Qadınlar” adında da bir roman yazıb. Elə bil kitab yox, pornofilmdir. Ç.Bukovskiyə deyirlər, “qaranlıq barların, üfunətli küçələrin şairi”. Görünür, yaradıcı adamları bəzən elə olduqları kimi də qəbul etmək lazım gəlir.
Anar Nağılbazın ölümündən iki ay əvvəlki müsahibəsini oxudum. Özəl həyatı ilə bağlı xeyli suala cavab verəndən sonra axırda az qala yalvararaq deyir, “yaradıcılığımdan danışmaq istəyirəm, olar?” Jurnalist həmkarım “əlbəttə olar” desə də, hiss olunur ki, yaradıcılıq söhbəti onun üçün də, oxucular üçün də müsahibənin ən maraqsız və lazımsız hissəsidir.
Biz tələbə olanda Elmlər metrosundan BDU-ya gedən yolun üstündəki kaset dükanının pəncərəsinə bir repçinin şəklini vurmuşdular. Neçə il orda qaldı. Birinci kursun əvvəllərində hər gün dərsə gedəndə deyirdim görəsən bu, kimdi?! O, 1996-cı ildə qətlə yetirilmiş amerikalı rep ulduzu Tupak Amaru Şakurun şəkli idi.
Repçilərin qəribə taleləri olur. Bu tale Hüseyn Dərya kimi Anar Nağılbazdan da yan keçmədi.
Allah rəhmət eləsin.

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle