"Qarabağ": Bu səhv növbəti görüşlərdə aradan qaldırılacaq
"Burada Azərbaycan dilinə hörmətsizlikdən söhbət gedə bilməz".
Bu fikirləri "Report"a açıqlamasında "Qarabağ"ın mətbuat katibi Gündüz Abbaszadə serbiyalı futbolçu Uroş Matiçin formasındakı adın başqa əlifba ilə yazılmasına münasibət bildirərkən deyib.
Abbaszadə "Qarabağ" klubunun illərdir bu məsələyə həssas yanaşdığını vurğulayıb: "Digər əcnəbi futbolçuların adları Azərbaycan dilinin qaydalarına, tələbinə uyğun yazılıb. Filip Ozobiçi misal göstərə bilərəm. Xayme Romeronun adı belə ispan dilində tam fərqli səslənsə belə, Azərbaycan dilinin qaydalarına uyğun olaraq "X" hərfi ilə yazılıb. Çünki dilimizin qaydaları bunu tələb edir. O ki qaldı Matiçin formasındakı məsələyə, bu, texniki səhvdir. Məsələyə həssaslıqla yanaşırıq. Uzun illər Azərbaycan adını, ölkə futbolunu Avropada qürurla təmsil edən bir klub heç vaxt dilimizə hörmətsizlik etməz. Avrokubok oyunlarında da "Qarabağ"ın adı klubun tələbindən sonra ğ hərfi ilə yazılıb. Halbuki bu hərf digər ölkələrdə yoxdur".
Abbaszadə növbəti görüşlərdə yanlışlığı aradan qaldıracaqlarını da söyləyib: "Təşəkkür edirəm ki, bu məsələ qabardılıb. Səhvsiz olmur və bunu tezliklə aradan qaldıracağıq. Növbəti oyunlarda bu səhv təkrarlanmayacaq".
Qeyd edək ki, "Qarabağ" Azərbaycan Premyer Liqasının XV turunda "Sumqayıt"la səfər oyununda əsasnaməni pozub. Komandanın futbolçusu Uroş Matiçin formasında Azərbaycan əlifbasında yer almayan hərfdən istifadə edilib.
SON XƏBƏR / KARUSEL
Tarix: 20-02-2021, 12:30