mobil versiya

Parlamendə Qazaxıstanın və Tacikistanın ölkəmizdəki səfirləri ilə görüş olub



Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 18-də Qazaxıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alim Bayellə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin böyük tarixə malik olduğu, münasibətlərimizin ümumi dəyərlər, ortaq tarix, din, dil əsasında uğurla inkişaf etdiyi diqqətə çatdırılıb. S. Qafarova deyib ki, həm Azərbaycan, həm də Qazaxıstan müstəqil ölkə kimi zəngin dövlətçilik ənənələri üzərində qurulub və bu gün həmin ənənələrə əsaslanaraq, öz inkişaflarını davam etdirirlər.
Söhbət zamanı Azərbaycanla Qazaxıstanın beynəlxalq təşkilatlarda, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində səmərəli əməkdaşlıq etdiyi vurğulanıb.
Milli Məclisin sədri özünün Qazaxıstana, bu ölkənin Parlament Məclisinin sədri Yerlan Koşanovun isə ötən il Azərbaycana səfərlərini məmnunluqla xatırlayıb.
S.Qafarova qanunverici orqanlar arasında əlaqələrin dərinləşməsinin ölkələrimiz və xalqlarımız arasında münasibətlərin daha da genişlənməsinə töhfə verdiyini qeyd edib. Bildirilib ki, Milli Məclisin Qazaxıstanın Parlament Məclisi və Senatı ilə yüksəksəviyyəli münasibətləri var. Tərəflər həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edirlər. Bu mənada, dostluq qruplarının uğurlu fəaliyyəti qeyd olunub.
Azərbaycanın əraziləri üzərində suverenliyini tam bərpa etdiyini xatırladan Milli Məclisin sədri bu uğuru həzm edə bilməyən bəzi dövlətlərin ölkəmizə qarşı qərəzli, ədalətsiz mövqeyinə toxunub, Fransanın son davranışlarında bunun aydın şəkildə göründüyü deyib. O, Fransa Senatının son qətnaməsini ikiüzlülüyün bariz nümunəsi adlandırıb. Bildirib ki, Fransa bu cür addımları ilə beynəlxalq hüququn normalarına və prinsiplərinə də açıq hörmətsizlik nümayiş etdirir.
Səfir Alim Bayel də ölkələrimiz arasında münasibətlərin dinamik inkişafından məmnunluğunu bildirib, ikitərəfli münasibətlərin daha da genişlənməsi üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
x x x


Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 18-də Tacikistanın ölkəmizdəki səfiri İlxom Abduraxmonla da görüşüb.
O, Azərbaycan ilə Tacikistan arasında münasibətlərin qardaşlıq və dostluq xarakteri daşıdığını bildirib. Ölkələrimiz arasında siyasi, iqtisadi-ticari, nəqliyyat, logistika və digər sahələrdə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi üçün görülən işlər qeyd edilib. Azərbaycan və Tacikistanın beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq etdiyi bildirilib.
Söhbət zamanı ölkələrimiz arasında yüksəksəviyyəli münasibətlərin parlamentlər çərçivəsində də uğurla davam etdirildiyi qeyd olunub. Milli Məclisin sədri özünün Tacikistana, bu ölkənin Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emoməlinin, Ali Məclisin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzodanin Azərbaycana səfərlərini, keçirilən görüşləri xatırladıb. Milli Məclislə Tacikistan Ali Məclisinin Milli Məclisi arasında Əməkdaşlıq haqqında Sazişin imzalandığını da vurğulayan S.Qafarova qanunverici orqanlarımızın bir sıra beynəlxalq parlament təşkilatlarında uğurla əməkdaşlıq etdiklərini vurğulayıb.
Səfir İlxom Abduraxmon ölkəsinin dost Azərbaycanla münasibətlərə böyük önəm verdiyini və bu əlaqələri yüksək qiymətləndirdiyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
KARUSEL / SİYASƏT
Tarix: 18-01-2024, 18:37