mobil versiya

Səfir: “Qazaxıstan Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyir”


 

“Qazaxıstan və Azərbaycan iki ölkə arasında illik ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı planlaşdırır”.

Reportyor.az xəbər verir ki, bunu jurnalistlərlə görüşdə Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov deyib. Səfir bildirib ki, iqtisadi perspektivdə tərəflər ticarət dövriyyəsini ildə 1 milyard dollar səviyyəsinə çatdırmağı hədəfləyir: "Hazırda yeni layihələr işlənib hazırlanır, iki ölkənin ticarət evləri fəaliyyət göstərir. Həmçinin, Transxəzər qaz kəmərinin, tarixi “Böyük İpək Yolu” ilə boyunca Şərqdən Qərbə nəqliyyat-kommunikasiya dəhlizinin yaradılmasının mümkünlüyü və bir çox digər layihələr ikitərəfli münasibətlərin inkişafının mühüm aspektlərindəndir".

Bu il Azərbaycan və Qazaxıstan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin tamam olduğunu xatırladan diplomat qeyd edib ki, səfirlik olaraq bu hadisə ilə bağlı bir sıra təşəbbüslər həyata keçirilib. Hazırda bu mövzuda sənədli film üzərində işlər aparılır və kitab çapa hazırlanır. Ölkələri bir-birinə uzun tarixə malik münasibətlər, ortaq dil və mədəniyyət bağlayır. Bu illər ərzində tərəfdaşlıq yeni səviyyəyə qədəm qoyub. Bu səviyyə sabit siyasi dialoqu, iqtisadi əlaqələri, beynəlxalq aləmdə qarşılıqlı dəstəyi özündə ehtiva edir.

Bu ilin avqust ayında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana ilk səfərinin baş tutduğunu xatırladan səfir Qazaxıstan liderinin vurğuladığı kimi, Qazaxıstan və Azərbaycanın strateji tərəfdaş və müttəfiq olduqlarını diqqətə çatdırıb.

S.Abdıkərimov bildirib ki, birgə bəyannamənin qəbulu ilə əlamətdar olan bu səfər 30 illik münasibətlərin yekunlarını özündə əks etdirib və yeni mərhələsinin açılışı rolunu oynayıb: "İki ölkə arasında humanitar sahədə də geniş əlaqələr mövcuddur. Ölkəmizdə yaşayan çoxminli Azərbaycan diasporu Qazaxıstan xalqının bir hissəsidir ki, bu da bu əlaqələrin əhəmiyyətini daha da artırır”.

Səfir deyib ki, Qazaxıstan Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyir: “Azərbaycan xarici siyasətlə bağlı fəaliyyətinin çox mühüm mərhələsindədir - qonşu Ermənistanla sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar aparılır. Bu gün Azərbaycan mühüm mərhələdən keçir. Söhbət sülh müqaviləsinin bağlanmasına hazırlıqdan gedir. Biz bu prosesi izləyirik”.

S.Abdıkərimov deyib ki, Qazaxıstan Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əməkdaşlığı genişləndirmək niyyətindədir.Buna Zəngəzur dəhlizinin açılması yardım göstərəcək və bu prosesi sürətləndirəcək.  O,əlavə edib ki, Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik kabel xəttinin çəkilməsinin praktiki həyata keçirilməsinə başlayır.

Qazaxıstanın “Kazakhtelecom” ilə Azərbaycanın “AzerTelecom” şirkəti artıq Xəzər dənizinin dibi boyunca fiber-optik rabitənin qurulmasının texniki həlli ilə bağlı sənəd imzalayıb: “Biz bu layihə ilə məşğul olan şirkəti dəyişmişik və layihəni artıq praktiki həyata keçirməyə başlayırıq”. Səfirin sözlərinə görə, bu sənəd 2019-cu ildə imzalanıb, lakin pandemiya səbəbindən layihənin icrası ləngiyib.

Daha sonra ölkəsində keçiriləcək seçkilərə toxunan səfir deyib ki, Azərbaycan Qazaxıstanda keçiriləcək prezident seçkilərinə müşahidəçi missiyası göndərəcək. Bu, Qazaxıstanda sayca 7-ci prezident seçkiləri olacaq. Prezident kürsüsü uğrunda müxtəlif siyasi baxışlara malik 6 namizəd mübarizə aparır, onlardan 2-si qadındır. Qazaxıstan uzun illərdir ki, gender bərabərliyi üzərində işləyir.

Seçkilərə 641 müşahidəçinin gələcəyi gözlənilir ki, onlardan 109-u 35 xarici ölkədən, o cümlədən 8-i Azərbaycandandır: “Gələn il Qazaxıstanda parlament seçkilərin keçirilməsi gözlənilir. Qarşıdakı dövr Qazaxıstan üçün çox vacibdir, ona görə də biz həm prezident, həm də parlament seçkilərində yüksək fəallığın olacağına ümid edirik".

Reportyor.az


SİYASƏT
Tarix: 16-11-2022, 20:25