mobil versiya

Prezidentin vəsait ayırdığı yolun təmiri niyə gecikir? - VİDEO



Xırdalanda yol problemi bitmək bilmir ki, bilmir. Hətta bəzi küçələrdə yol infrastrukturunun bərpası üçün ötən il ölkə başçısı külli-miqdarda vəsait də ayırıb. Amma hazırkı vəziyyətdə həmin ərazilərdə kələ-kötür yollardan başqa gözəçarpan nəsə yoxdur. Elə sakinlər də illərdir həll oluna bilməyən yol problemlərindən bezib...

REPORTYOR.AZ BAKU.TV-yə istinadən xəbər verir ki, yolların bu vəziyyətdə olması sürücüləri də narahat edir.

Onlar deyirlər ki, kələ-kötür yollar səbəbilə avtomobillərin ehtiyat hissələri tez-tez sıradan çıxır.

Məsələ ilə bağlı AAYDA-dan bildirdilər ki, həmin ərazilərdə hazırda təmir işləri aparılır. Lakin bütün küçələrin tam bərpasının başa çatdırılması ilin sonuna qədər çəkəcək.

“Xırdalan şəhərində 5.1 km uzunluğunda H.Əliyev küçəsinin və 5.4 km uzunluğunda olan Nizami, Hacı Zeynalabdin Tağıyev, Səttar Bəhlulzadə və Qalubiyyə küçələrinin təmiri nəzərdə tutulurdu. Nizami və Qalubiyyə küçələrində təmir yekunlaşıb. H.Z.Tağıyev və S.Bəhlulzadə küçələri də ilin sonuna qədər təmir olunacaq”, - deyə AAYDA-nın sözçüsü Anar Nəcəfli bildirib.

Qeyd edək ki, ölkə başçısı iki dəfə Xırdalan şəhərində yol infrastrukturunun bərpası üçün ümumilikdə 6.9 milyon manat vəsait ayırıb. Amma ayrılan vəsaitlərə rəğmən Xırdalan şəhərində bir çox daxili yollar, o cümlədən də elə bizim işıqlandırdığımız H.Z.Tağıyev küçəsi təmirsiz qalıb. Ümid edirik ki, bu barədə hər şey aidiyyətli qurumun dediyi kimi olar və təmir işləri ilin sonuna qədər bitər.

SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 22-07-2020, 11:25