Dəmir əskikliyini yaradan səbəblər nələrdir?
Adətən səssiz simptomlara malik olan dəmir əskikliyi uşaqların narahatlığına səbəb olan problemlərdəndir. Çox vaxt valideynlərin simptomlar haqqında məlumatsız olmaları uşağın inkişafında problemlər yaradır. Uşağın böyümə prosesində dəmirin olmaması bir sıra fəsadlara yol açır.
Reportyor.az xəbər verir ki, Respublika Pediatriya Mərkəzinin nəzdində olan Uşaq Klinik Xəstəxanasının həkim-pediatrı Aysel Qədimovanın sözlərinə görə, dəmir əskikliyi, əsasən, 6-24 ay arasındakı uşaqlarda və yeniyetmələrdə rast gəlinir:
“Bu yaş dövründə orqanizmin böyümə inkişafının sürətlənməsi və xaricdən qəbul edilən qidaların bu tələbatı qarşılaya bilməməsi buna səbəb olur. Uşaqlarda rast gəlinən xroniki infeksion proseslər də dəmir ehtiyacını artırır. Ehtiyac ödənmədikdə isə dəmir əskikliyi yaranır. Həmçinin mədə-bağırsaq xəstəlikləri zamanı dəmirin sovrulma prosesi pozulur. Bu da dəmir əskikliyi ilə nəticələnir. Digər səbəb kimi isə kəskin və xroniki qan itirmə proseslərini göstərə bilərik”.
Tibb müəssisəsinin uşaq qastroenteroloqu Anar Tağıyev isə bildirir ki, dəmir əskikliyi uşaqlar arasında hər yaşda çox görülən bir durumdur. Xüsusilə də ilk 2 yaşda və məktəb yaşlı uşaqlar arasında daha çox görülür:
“Hamiləlik vaxtı qan azlığının olması, körpənin vaxtından əvvəl doğulması və körpəyə dəmir profilaksiyasının verilməməsi əsas səbəblərdəndir. Nisbətən böyük uşaqlarda qidalanmanın zəif olması, ət yeməməsi, tez-tez xəstələnməsi, böyümə dövründə dəmir tələbatının artması, bəzi xəstəliklərdə dəmirin bağırsaqlardan sovrulmasının pozulması dəmir əskikliyinə səbəb olur.
Dəmir əskikliyinin qarşısının alınması üçün hamiləlikdə dəmir əskikliyi müalicə olunmalı, vaxtında doğulan körpələrdə 4-cü aydan, yarımçıq doğulmuşlarda 2-ci aydan başlayaraq dəmir profilaktikasının başlanması və bunun 12-24 ay davam etdirilməsi lazımdır. Daha böyük uşaqlarda vaxtaşırı qanda dəmir analizlərinə baxılaraq əgər lazımdırsa, dəmir verilməsi, qidalanmada tərkibində dəmir olan qidaların qəbul edilməsinə diqqət etmək lazımdır”.
Həkim-pediatr A.Qədimova qeyd edir ki, kiçik yaşlı uşaqlarda dəmir əskikliyi iştahasızlıq, inkişaf ləngiməsi, mental motor inkişaf geriliyi, ağlayarkən göyərmələrə səbəb ola bilər:
“Daha böyük uşaqlarda isə halsızlıq, tez yorulma, saç tökülməsi, diqqət əskikliyi, dırnaqlarda qırılma kimi problemlərə gətirib çıxarır.
Dəmir əskikliyi anemiyasının müalicəsi daha çox 2 valentli dəmir preparatları ilə aparılır və uşağın çəkisinə uyğun təyin olunur. Müalicə, təxminən 3 ay davam etdirilməlidir. İlk 2 ay hemoqlobinin yüksəldilməsi, 3-cü ay isə dəmir depolarını doldurmaq məqsədilə verilməlidir”.
Mütəxəssislər bildirir ki, müalicə zamanı qidalanmaya xüsusi diqqət yetirilməlidir. Süd, çay, qəhvə içmək məsləhət deyil. Çünki bu qidalar dəmirin sovrulmasına mane olur. Bu içkiləri portağal, limon şirəsi ilə əvəzləmək daha məqsədəuyğun hesab edilir.
Hər bir uşağa profilaktik dəmir verilməli, vaxtından əvvəl doğulan uşaqlara xüsusi diqqət göstərilməlidir. Tərkibində dəmir olan qırmızı ət, müxtəlif tərəvəzlərlə qidalanmaya diqqət edilməlidir.
SAĞLAMLIQ / KARUSEL
Tarix: Bu gün, 10:06