Yas məclislərinin keçirilmə qaydaları dəyişdirilsin? - “Bu, sosial bəladır, xalqımızın utanc yeridir”
Millət vəkili Fazil Mustafa hesab edir ki, koronavirusun ən böyük mənəvi xeyri dünya miqyasında Azərbaycan xalqına dəyib. O mənada ki, bu müddət ərzində insanlar yas məclislərini sakitcə, təmtəraqsız keçirir və mənasız 7, 40, il mərasimlərinə xərclənən pulları ciblərində qalıb. Deputatın sözlərinə görə, israfsız dini mərasimləri bir ənənəyə çevirmək artıq dövlətin həm təbliğat, həm də tətbiqat baxımından görəcəyi ən vacib işlərdən biri olmalıdır.
Publika.az mövzu ilə bağlı ekspertlərin rəylərini öyrənib.
Tanınmış publisist və sosioloq Əhməd Qəşəmoğlu hesab edir ki, Azərbaycanda yas məclislərinin təmtəraqlı şəkildə keçirilməsi ənənəsi xalqımızın sosial bəlasıdır və ondan tezliklə xilas olmaq lazımdır
.
“Koronavirus pandemiyası ilə bağlı yas mərasimlərinin geniş şəkildə keçirilməsi qadağan olunub. Düşünürəm ki, bunu müsbət addım kimi qiymətləndirmək olar. Ümumiyyətlə yas və toy mərasimlərinin həddən artıq təmtəraqlı və geniş şəkildə keçirilməsi sosial bəladır, xalqımız üçün bir utancdır. Çünki xeyli israfçılığa yol verilirdi və buna da ehtiyac yox idi. İslam dinində buyrulur ki, vəfat edən şəxsin qarşısında əsas borcumuz onun cənazə namazını qılıb qayda-qanuna uyğun olaraq dəfn etməkdir. Odur ki, böyük mərasimlərin təşkil olunmasına ehtiyac yoxdur.
Toylara əvvəlcədən hazırlıq görürsən, maddi baxımdan müəyyən büdcə toplayırsan, imkana uyğun şadlıq evi tapırsan. Amma ölüm hadisələri qəfil baş verir. Dəfələrlə şahidi olmuşam ki, çörək almağa belə pulu olmayan adamın evində yas düşəndə ölən yaddan çıxır, mərasimləri təşkil etmək bəlası daha böyük olur. Məcbur olub borc və ya kredit alır ki, mərasimi yola verə bilsin. Bəziləri isə yas mərasimlərini pul toplamaq məclisinə çevirir, ortaya siyahı dəftəri atılır. Yas məclisinə getmisənsə, mütləq dəftərə nəsə yazmaq lazımdır, hökmən yanında pulun olmalıdır, yoxdursa əliboş getməyə utanır. Unuduruq ki, camaat arasında tələbə, işsiz var. Dəfn mərasimindən sonra yaxın adamlara başsağlığı və təskinlik vermək insani xüsusiyyətdir. Təskinlik vermək o demək deyil ki, gedib orda plov və kabab yeməlisən. Bunun eybəcər halları formalaşıb”, - deyə ekspert əlavə edib.
Ə.Qəşəmoğlu vurğulayıb ki, mərasim zallarında çirkin oyunlar oynanılır, çox böyük məbləğ tələb edirlər:
“Stolun üstünə insanın meylini çəkməyən noğul və ya meyvələr düzürlər. Maraqlısı odur ki, heç kim bu meyvələri yemir. Üstəlik ard-arda keçirilən qadın və kişi yas məclislərində stolun üstündə eyni çərəzlər qalsa da, ikiqat pul çıxırlar, hər biri ayrı hesablanır. O çərəzlər düz bir ay, bəlkə də daha çox süfrəyə təqdim olunur, çünki ona heç kim əlini vurmur. Təsəvvür edin ki, bir noğuldan 60 dəfə artıq pul qazanırlar. Axmaq bir mafia şəbəkəsi var və bundan istifadə edirlər. Çadırlar da qiymətlərinə görə fərqlənir, kasıblar və varlılar üçün. Bu, çox axmaq dəb və ənənədir.
Digər dəhşətli mənzərə bəzi yas mərasimlərində qabların yuyulma qaydasıdır, bütün stəkanları bir vedrəyə salıb çıxarırlar, yenidən çay tökürlər. Gör nə qədər xəstəliyin yayılmasına yol açır. İlbəil virusların artdığını nəzərə alsaq, buna qəti yol vermək olmaz. Yas mərasimləri ilə bağlı çox eybəcər adətlərimiz formalaşıb. Bu adətlərdən hansısa yolla xilas olmaq lazım idi, nə qədər danışıb əhalini maarifləndirməyə çalışsaq da, xeyri olmadı. Dövlət qurumlarıyla da bu barədə söhbətlərim oldu, onlar dedi ki, gücümüz çatmır, əhalidən minlərlə etiraz məktubları alırıq. Amma araşdırsaq görərik ki, belə məktubların dövlət qurumlarına göndərilməsini həmin mafia özü də təşkil edir ki, haram sərvət yığmağa davam etsin.
Sosioloqlar və KİV çalışmalıdır ki, koronavirus zamanı yas mərasimlərinin keçirilməsi ilə bağlı tətbiq olunmuş qadağa və təcrübə davam etdirilsin. Çalışmalıyıq ki, ölmüş insanı hörmətlə yola salaq, onun yaxınlarına təskinlik verək və yas məclisinin kimlərinsə qazanc meydançasına çevrilməsinə icazə verməyək”.
Filosof Müşfiq Şükürov millət vəkilinin təklifi ilə həmfikir olduğunu qeyd edib:
“Əslində Fazil bəylə bu məsələdə razıyam. Həyatımızı ciddi şəkildə çətinləşdirir yas və toy mərasimlərimizin hazırkı durumu. Heç kəs də eldən geri qalmaq istəmir. Tək-tək adamların da işi deyil bu el “zəncirini” qırmaq. Hamıdan nədənsə geri qalanda insanların güclü qınağı olur. Sən də tək deyilsən. Sadəcə hamıya qarşı durmağa psixoloji resursun çatmır. Amma bunun gərəksiz israfçılıq olduğu da hamıya məlumdur. Yasla bağlı qaydalarımızın üstəlik İslami əsasları da yoxdur. Çox-çox qədimlərdən gələn ənənələrin davamıdır. 3-40-il keçirmək ənənəsi. Prinsip etibarı ilə yaxınların bu tarixləri qeyd etmələrinə pis baxmıram. İnsan kədərindən mərhələ-mərhələ ayrılmalıdır. Xüsusi İslam təəssübkeşliyi də yoxdur məndə, Fazil bəydən fərqli olaraq. Amma israfçılıq insanların üzərinə gərəksiz yük kimi düşür. Onların həyatlarını asanlaşdırmaq lazımdır. Gərəkirsə, Milli Məclis səviyyəsində qanun qəbul edilməlidir. Heç kim gülməz bizə. Elə zamanda yaşayırıq ki, kollektiv şüur qanunlara tabe olur. Bilsələr ki, belə bir qanun var artıq, onu pozmaq istəməz heç kim. Məsələ də həllini tapmış olar. Mən sadə qaydalar tərəfdarıyam”.
Tənqidçi, ədəbiyyatşünas və filosof Niyazi Mehdi isə bildirib ki, yas məclislərində israfçılıq sovet dövründə daha geniş yayılmışdı:
“Müəyyən dairələrdə, maliyyə imkanları yaxşı olan insanlar arasında israfçılıq yenə qalacaq. Belə ənənələr tez dəyişmir. Odur ki, pandemiya ilə bağlı yas məclislərinə tətbiq olunan qadağa bu ənənəni belə tezliklə ləğv etməyə qadir deyil. 90-cı illərdə maliyyə vəziyyəti çox acınacaqlı idi, amma müəyyən müddətdən sonra insanlar toy, yas məclislərini yenidən təmtəraqlı və geniş şəkildə qeyd etməyə başladılar”.
SON XƏBƏR / BANNER / KARUSEL / GÜNDƏM / SOSİAL
Tarix: 28-04-2020, 23:15