mobil versiya

Trump: "Öncə qoyacaqsınız dalaşacaqlar, sonra gedib ayıracaqsınız"



Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Trump cümə axşamı günü "öncə qoyacaqsınız, məktəbin həyətindəki iki uşaq kimi dalaşacaqlar, sonra da gedib ayıracaqsınız" deyib.

O, bunu Texas-da keçirilən mitinqdə Türkiyənin Suriyanın şimalında başlatdığı "Barış Pınarı" əməliyyatı ilə bağlı açıqlamasında bildirib.
"Kürdlərin bölgəni nəzarətdə saxlayacaq əsgər qüvvəsi" yoxdur

ABŞ-ın Suriya üzrə xüsusi təmsilçisi James Jeffrey Suriya kürdlərindən ibarət Xalq Müdafiə Birliyi (YPG) hazırda yerləşdikləri ərazini əllərində saxlamaları üçün əsgəri qüvvəyə sahib olmadıqlarına görə, atəşkəsin daha yaxşı seçim olduğunu deyib.

ABŞ-ın vitse-prezidenti Mike Pence-lə birlikdə Ankaraya gələn heyətdə yer alan Jeffrey özü ilə səyahət edən jurnalistlərə verdiyi açıqlamada "YPG-nin hazırda nəzarət etdiyi bölgədə qalmaq istəyinə şübhə yoxdur. Lakin bu bölgələri əlində saxlayacaq əsgəri qüvvəsinin olmamasına görə və bu xaotik durumu bir qədər nizamlamaq üçün atəşkəsin elan edilməsinin çox daha yaxşı qərar olacağını razılaşdırdıq" deyib.

Jeffrey deyib ki, ABŞ-la Türkiyə Suriya sərhəddində "təhlükəsiz bölgə" yaradılmasına razılaşıb və bu bölgə Türkiyənin hazırda hərbi əməliyyat keçirdiyi ərazidən cənuba tərəf 30 kilometrlik bir bölgəni əhatə edir.

James Jeffrey

ABŞ-ın vitse-prezidenti Mike Pence Türkiyədə prezident Recep Tayyip Erdoğanla görüşüb və sonra elan edib ki, Türkiyə Suriyanın şimalında hərbi müdaxiləyə fasilə verməyə razılaşıb, YPG isə beş gün ərzində sərhəddən 32 km cənuba çəkiləcək.

Mike Pence deyib ki, YPG çəkiləndən sonra Türkiyə "Barış Pınar hərəkatını" dayandıracaq.

Pence əlavə edib ki, iki ölkə "təhlükəsiz bölgə araşdırması çərçivəsində birgə işləyəcəklər".

Türkiyə oktyabrın 9-da Suriyanın şimalına doğru irəliləyib. Türkiyənin məqsədi sərhədində "təhlükəsiz bölgə" yaratmaqdır.

Erdoğan hakimiyyəti Suriya-Türkiyə sərhəddində məskunlaşmış, özünü İslam Dövləti adlandıran silahlı qruplaşma ilə mübarizədə ABŞ-ın müttəfiqi olmuş YPG-ni PKK-nın bir qolu sayır.

PKK Türkiyədə terror təşkilatı kimi tanınır.

KARUSEL / DÜNYA
Tarix: 18-10-2019, 10:00