Azərbaycanın TDT-yə üzv ölkələrlə ticarət dövriyyəsi 6 milyard dollara yaxınlaşıb

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə ticarət dövriyyəsi 5,909 milyard ABŞ dolları təşkil edib.
Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 136,5 milyon ABŞ dolları və ya 2,4% artıb.
Hesabat dövründə TDT-yə üzv ölkələrlə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 14,7%-nə bərəbər olub.
Belə ki, 2025-ci ilin ilk 10 ayında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 7,3% azalaraq 4,8 milyard dollara, Qırğızıstanla ticarət dövriyyəsi 1,9 dəfə artaraq 66,1 milyon dollara, Qazaxıstanla ticarət dövriyyəsi 1,5 dəfə artaraq 600,3 milyon dollara, Özbəkistanla ticarət dövriyyəsi isə 2,4 dəfə artaraq 472,5 milyon dollara bərabər olub.
Cari ilin ilk 10 ayında Azərbaycandan Türkiyəyə 65,042 milyon ABŞ dolları dəyərində 133,1 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları, 486,3 milyon ABŞ dolları dəyərində isə qeyri-neft məhsulları ixrac edilib. Eyni zamanda hesabat dövründə Qazaxıstan Azərbaycandan 80,6 milyon ABŞ dolları dəyərində, Özbəkistan isə 60,2 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları idxal edib. Digər ölkələrə isə sözügedən məhsulların ixracı ilə bağlı göstəricilər qeydə alınmayıb.
Xatırladaq ki, Türk Dövlətləri Təşkilatı (TDT) 2009-cu ilin 3 oktyabr tarixində Naxçıvan şəhərində keçirilən Zirvə Görüşündə imzalanmış “Naxçıvan Sazişi”nə əsasən yaradılıb. Təşkilat yaradılarkən adı “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ)” olub. 2021-ci ildə təşkilatın adına dəyişiklik edilib və hazırda “Türk Dövlətləri Təşkilatı” adı ilə fəaliyyətini davam etdirir.
Azərbaycan Respublikası təşkilatın 4 təsisçi ölkəsindən biridir və hazırda təşkilatın 5 üzv dövləti var: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə.
Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası isə təşkilatda müşahidəçi statusa malikdir. (trend)
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 12:48


























