mobil versiya

Müsəlmanlar İspaniyada




Alim Nəsirov

710-cu ildə Şimali Afrikanın ərəb valisi Musa ibn Nusəyr, xəlifənin icazəsi ilə Tərif ibn Malikin rəhbərliyi altında 500 nəfərlik bir qüvvəni kəşfiyyat üçün İspaniyanın cənub sahillərinə göndərmişdi. Kəşfiyyatçılar xoş xəbərlərlə qayıtdıqdan sonra Musa ibn Nusəyr, Tariq ibn Ziyadın əmrinə 7000 nəfərlik bir qoşun verdi və ona İspaniyanın fəthini əmanət etdi. Bu dövrdə İspaniyada hökm sürən Viziqot Krallığı daxili qarışıqlıqlarla mübarizə aparırdı.  Tariq ibn Ziyad, İspaniyaya keçdikdən sonra qərargahını Calpe dağında qurdu. Sonra Rio Guadalate (və ya Rio Barbate) çimərliyində Viziqot kralı Rodrigo'nu məğlub etdi. Bu müharibədən qısa müddət sonra Malaga, Elvira, Cordoba, Ecija və Toledo şəhərləri ərəb ordusu tərəfindən fəth edildi. Növbəti il şimal istiqamətindəki bir çox şəhər iki tərəfli hücumlarla ələ keçirildi. Daha sonra müsəlmanlar Pireneydən keçib Frank torpaqlarına qədər gedib çıxdılar.

Beləliklə, Musa ibn Nusəyr və Tariq bin Ziyadın təşəbbüsü ilə İberiya Yarımadasının böyük hissəsi qısa müddətdə müsəlmanlar tərəfindən ələ keçirildi. İspaniyada müsəlman hakimiyyəti təxminən səkkiz əsr davam etdi və bölgə böyük bir mədəniyyət mərkəzinə çevrildi. Bu mədəni inkişafın zirvəsi şübhəsiz ki, ilk Əndəlus Xəlifəsi III Əbdürrəhman və oğlu II Hakimin dövrləridir. Xüsusilə Əndəlusun paytaxtı Kordova onların dövründə elm və sənət mərkəzinə çevrilmişdi.

 Lakin, 976-cı ildə Əndəlus Xilafətində II. Hakimin ölümündən sonra daxili qarışıqlıqlar səbəbilə dövlət zəifləməyə başladı. 1031-ci ildə isə Əndəlüs Əməvilər Xilafəti ləğv edildi. Əndəlus bir müddət Afrikadan gələn müsəlmanlar tərəfindən idarə olundu. Müsmanların İspaniyada qalan son qalası Granada 1492-ci ildə xristianlar tərəfindən ələ keçirildiç Beləliklə, İspaniyadakı müsəlman hakimiyyəti dövrü başa çatdı.



KARUSEL / ÖLKƏ / YAZARLAR
Tarix: 13-12-2020, 15:14