Mazut qoxulu müsahibə: Vasif Məhərrəmlinin kitab oxumaq dərdi
Müğənni Vasif Məhərrəmli mazut iyi verən bir müsahibə ilə gündəmə gəlib.
“Deyirlər ki, kişidən mazut iyi gəlməlidir. Mən dünyanın ən bahalı odekalonunu vururam və məndən heç vaxt mazut iyi gələ bilməz. Mazut iyi gələn adamın da yanında oturmaram”.
KARUSEL / GÜNDƏM / YAZARLAR
Baxıram, sosial şəbəkələrdə ölüsü-dirisi qalmayıb. Əslində bu da bir problemdir, Azərbaycan insanının fərqli fikirə dözümü yoxdur. Hamı elə düşünür ki, elə hamı eyni cür düşünməlidir.
Bir də başlıq küyünə düşənlər var. Mahiyyət qalır qıraqda, heç kim özünə əziyyət verib oxumur və sadəcə başlığı oxuyub başlayırlar söyməyə. Vasif isə başlığın badına getməyib, danışığının badına gedib.
Əslində o hər kəsdən tələb olunanı -səliqəli geyinməyi, təmizkar olmağı dilə gətirib, sadəcə bunu bir az köntey şəkildə edib. Çünki, mahnı oxuyandır, kitab oxuyan deyil və o istəsə də bundan yaxşı danışa bilməz.
Nə deyib Vasif Məhərrəmli?
“Deyirlər ki, kişidən mazut iyi gəlməlidir. Mən dünyanın ən bahalı odekalonunu vururam və məndən heç vaxt mazut iyi gələ bilməz. Mazut iyi gələn adamın da yanında oturmaram”.
Əlbəttə “mazut”u götürüb yerinə məmnuniyyətlə başqa sözlər də qoymaq olar. Məsələn tər iyi, pendir iyi və bu qəbildən olan çoxlu çeşidli sözlər ki, Vasif bütünlükdə bu iylərə etiraz edib, şübhəsiz.
Mən də etiraz edirəm.
Məsələn dünən yanımda dayanan 20-22 yaşlı gənc bir oğlanın tər iyi sözün əsl mənasında məni tərlətdi.
Öyüdüm, öyüdüm, qan-tərə batdım və qarşımda oturan qadın ən sonunda durub mənə yer verməli oldu. Bəlkə də elə zənn elədi ki, ikicanlıyam. Tər iyi gələn o ikiayaqlı isə burnunu qoltuğuna dirəyib elə hey özünü iyləməyə davam elədi.
Yəni, bu mənada Vasif haqsız danışmayıb, amma bir az yuxarıdan gedib. Lovğalıq edib, yekəxana davranıb, görməmişliyini ortaya qoyub. Bu da sonradan görənlərdə bir adətdir. Xüsusilə müğənni tayfasının qanında var.
Hələ ötən əsrin əvvəllərində də buna oxşar hadisələr olub. Biri elə Seyid Mirbabayev. İndi Dövlət Neft Şirkətinin yerləşdiyi bina zamanında Seyid Mirbabayevin sarayı olub. Dövrünün ən məşhur xanəndəsi imiş. Əsl adı Mir Tağı idi. 1867-ci ildə mərsiyəxan ailəsində doğulmuşdu, əvvəllər mərsiyə deyirmiş, sonra toylara , xalq məclislərinə gedərək şöhrət qazanır. Hətta o qədər gözəl səsi varmış ki, 1906-cı ildə səsinin vala yazlması üçün Riqaya dəvət alır. Günlərin bir günü Bakı milyonçularından biri toyda oxumasına rəğmən ona “Bala Şoranlıq” deyilən yerdə neft quyusu hədiyyə edir. “Bala Şoranlıq” Mirbabayevi bala-bala yox, birdən birə milyonçu edir.
Elə Azneftdəki sarayı da o milyonçu olandan sonra alır.
Sonra nə olur?
Milyonçuya çevrilən xanəndə əvvəlki peşəsindən utanır və Varşavada səsi yazılmış valları deyilənlərə görə baha qiymətə alaraq sındırır.
Deyirmiş ki, xanəndəliyi milyonçu adına əskiklik gətirər, şan-şöhrətini azaldır. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulanda Mirbabayev Fransaya köçür. Parisə apardığı sərvət onu cəmi 9 il ayaqda saxlayır.
1929-cu ildə o artıq bir qara qəpiyin sahibi deyildi. Muflisləşmiş milyonçu Parisdə, Teymur bəy Aşurbəyliyə rast gəlir. Mirbabayevin ağır vəziyyətini görən Teymur bəy onu Tehrana aparır. Seyid Mirbabayev Tehran çayxanalarında xanəndəlik etməyə başlayır və 1953-cü ildə vəfat edir.
Vasifdə Seyid Mirbabayevin nə səsi var, nə milyonu. Sadəcə yekəxanalığı var. Gərək arada əlinə bir kitab alıb belə ibrətamiz həyat hekayələrini oxusun. Görsün ki, Bala Şoranlıq həmişə neft vermir, adamı şoranlıqda da qoyur.
KARUSEL / GÜNDƏM / YAZARLAR
Tarix: 15-10-2019, 19:34