Əhalinin sayı açıqlanıb

Bu ilin əvvəlindən sentyabrın 1-dək ölkə əhalisinin sayı 24 min 611 nəfər və ya 0,24 faiz artaraq, 10 milyon 249 min 500 nəfərə çatıb.
Dövlət Statistika Komitəsi bildirir ki, əhalinin ümumi sayının 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə oktyabrın 1-dək 19 min 109 nəfərdən ibarət 4 min 826 ailənin qayıdışı təmin edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, həmin tarixə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri və digər peşə fəaliyyəti ilə bağlı müvəqqəti yaşayan şəxslərin və onların ailə üzvlərinin sayı isə 38 min 304 nəfər təşkil edib. Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində təhsil alan 2 min 152 nəfər tələbə də nəzərə alınmaqla, işğaldan azad olunmuş ərazilərdə məskunlaşmış əhalinin ümumi sayı 59 min 565 nəfərdir.
Reportyor.az
KARUSEL / ÖLKƏ
Tarix: Bu gün, 16:36