Səfir: “Rumıniya-Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi əhəmiyyətli dərəcədə artaraq təqribən 700 milyon ABŞ dollarına çatıb”
“Beynəlxalq miqyasda, Rumıniya beynəlxalq hüququn prinsiplərinə dayanaraq, bütün qonşuları ilə münasibətləri normallaşdırmaqla Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizlik mühitinin əldə edilməsinə yönəlmiş səylərində Azərbaycanın dostu və vicdanlı tərəfdaşı olub və olmaqda davam edir”.
Reportyor.az xəbər verir ki, bunu Rumıniyanın Milli Günü Rumıniyanın milli günü – Böyük Birlik Günü münasibətilə Bakıda keçirilən rəsmi qəbulda səfir Vasile Soare çıxışında deyib.
Daha sonar ölkəsinin müstəqillik tarixindən danışan səfir dedi ki, 1 dekabr 1918-ci il tarixində Birinci Dünya Müharibəsi başa çatdıqdan sonra, Rusiya və Avstriya-Macarıstan İmperiyalarının parçalanması ilə mərkəzi Rumıniyada yerləşən Alba Yuliyada Ölkənin və tarixi Bessarabiya, Bukovina və Transilvaniya əyalətlərindən olan bütün rumınların Böyük Birliyi elan edilib. Digər Avropa xalqları kimi, yüz illər sonra, rumınlar da öz Vahid Milli Dövlətini – Rumıniyanı qurmağa nail oldu.
“Dəmir Pərdənin” yıxılması ilə başlayan geniş modernləşmə və islahatlar prosesindən sonra Rumıniya 2004-cü ildə NATO-ya, 2007-ci ildə isə Avropa İttifaqına qoşularaq hazırda bir çox digər beynəlxalq təşkilatların fəal üzvüdür və 2025-ci ildə biz Şengen azad hərəkət zonasına tam olaraq qoşulmağa və ən qısa zamanda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT-OECD) – inkişaf etmiş demokratik dövlətləri birləşdirən təşkilata qoşulmağa ümid edir.
Rumıniya son 30 ildir beynəlxalq hüquq prinsiplərinə riayət olunmasını və qanunlara əsaslanan beynəlxalq nizamın qurulmasını fəal şəkildə təşviq edib, beynəlxalq münasibətlərdə təhlükəsizlik və mehriban qonşuluq mühitinin yaradılmasını qətiyyətlə dəstəkləyib və Rumıniya cəmiyyəti bu 30 ildə özünün yetkinliyini, ən çətin böhranları dəf etmək əzmini və Qərb ictimaiyyətində firavan gələcəyə inamını sübut edib.
Azərbaycanla münasibətlərə toxunan diplomat, 1991-ci ildə Rumıniyanın Türkiyədən sonra dünyada Azərbaycan dövlətinin müstəqilliyini tanıyan ikinci dövlət olduğunu, 2009-cu ildə isə Rumıniya Azərbaycanla Strateji Tərəfdaşlıq münasibətləri haqqında Bəyannaməni təklif edən və yüksək səviyyədə imzalayan ilk Aİ üzv dövləti olduğunu xatırladıb.
32 il ərzində Rumıniya-Azərbaycan əməkdaşlığı bir çox sahələrdə - siyasi-diplomatik, iqtisadi, enerji, nəqliyyat və kommunikasiya, mədəniyyət və təhsil sahələrində, həm də iki cəmiyyət və xalqlar səviyyəsində nəzərəçarpacaq dərəcədə inkişaf edib: “Prezident İlham Əliyevin 2022-ci ilin dekabrında Rumıniyaya, Prezident Klaus İohannisin 2023-cü ilin fevralında Azərbaycana səfərləri ilə Rumıniya ilə Azərbaycan arasında yüksək səviyyəli siyasi dialoq son 3 ildə nümunəvi dinamika nümayiş etdirib”.
Parlament dialoqu əhəmiyyətli dərəcədə genişlənib - Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri 2023-cü ilin fevralında Azərbaycanda, Milli Məclisin sədri xanım Sahibə Qafarova isə 2023-cü ilin oktyabrında Rumıniyada səfərdə olub.
Xarici İşlər Nazirlikləri xətti ilə Rumıniya-Azərbaycan dialoqu daimi xarakter daşıyır, 2023-cü il 6 noyabrında Nazir Ceyhun Bayramov Buxarestdə rəsmi səfərdə olub.
İqtisadi sahədə, son 3 ildə Birgə Hökumətlərarası İqtisadi Komissiyanın Bakıda və Buxarestdə ardıcıl keçirilmiş görüşlərində yeni imkanlar və əməkdaşlıq layihələri müəyyən edilmiş və Rumıniya-Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi əhəmiyyətli dərəcədə artaraq təqribən 700 milyon ABŞ dollarına çatıb.
Enerji sahəsində 2022-ci ildən başlayaraq Rumıniya və Azərbaycan Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək mühüm layihənin – Xəzər dənizinin Azərbaycan şelfindən Qara dəniz vasitəsilə Konstansaya qədər Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan formatında Yaşıl Enerji Dəhlizinin həyata keçirilməsi üzərində uğurla çalışırlar. Dəqiq nəticə 3 sentyabr 2024-cü ildə iştirakçı ölkələrin Buxarestdə Yaşıl Dəhliz Layihəsi üzrə Birgə Müəssisə Şirkətinin yaradılması qərarı ilə qeydə alınıb.
Nəqliyyat və Kommunikasiya sahəsində Rumıniya və Azərbaycan Bakı və Konstansa limanlarının mühüm coğrafi qovşaqları təmsil etdiyi Avropa ilə Asiya arasında əlaqə olan Orta Dəhlizin möhkəmləndirilməsində maraqlıdırlar.
Beynəlxalq miqyasda, Rumıniya beynəlxalq hüququn prinsiplərinə dayanaraq, bütün qonşuları ilə münasibətləri normallaşdırmaqla Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizlik mühitinin əldə edilməsinə yönəlmiş səylərində Azərbaycanın dostu və vicdanlı tərəfdaşı olub və olmaqda davam edir: “Azərbaycanı iqlim dəyişmələrinə qarşı birgə mübarizə aparmaq üçün zəruri olan iddialı hədəflərin nail olunduğu COP 29-un nümunəvi şəkildə təşkili səylərinə görə təbrik edirik”.
Azərbaycan hökuməti adından çıxış edən Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Samir Şərifov Rumıniyanın Böyük Birlik Günü münasibətilə dost rumın xalqını təbrik edib.
Ölkələrimiz arasında əlaqələrin dərin tarixi köklərə malik olduğunu xatırladan nazir müavini qedy edib ki, Rumıniya Avropa ölkələri arasında Azərbaycan Respublikasının dövlət müstəqilliyini ilk tanıyan ölkə olub. Azərbaycan da 2001-ci ildə Şərqi Avropadakı ilk səfirliyini məhz Rumıniyada açıb. Bunun ardınca iki ölkə arasında münasibətlər müxtəlif sahələrdə dinamik şəkildə inkişaf edib, dövlət başçıları, parlament sədrləri, hökumət üzvləri və digər yüksək səviyyələrdə çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib, əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu ildə Rumıniyaya rəsmi səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə” və Rumıniyanın Prezidenti cənab Trayan Baseskunun 2011-ci ildə Azərbaycana səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə yönəlmiş Birgə Fəaliyyət Planı” strateji tərəfdaşlığımızın əsaslarını təşkil edir. Bu ilin iyul ayında Buxarestdə Xarici İşlər Nazirlikləri arasında keçirilmiş siyasi məsləhətləşmələr və aprel ayında Bakıda keçirilmiş “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiya”nın sonuncu iclası müxtəlif istiqamətlərdə əməkdaşlıq imkanlarının müzakirəsi üçün faydalı olub”.
Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq məmnunluq doğurur. Enerji sektoru iqtisadi əməkdaşlığımızda mühüm rola malikdir. İqtisadi-ticarət sahəsində əməkdaşlığımızın genişlənməsi üçün böyük imkanlar mövcuddur.
Humanitar müstəvidə də müsbət əməkdaşlıq nümunələri kimi Buxarest şəhərində yerləşən “Tey Parkı”nda Ümummilli lider Heydər Əliyevin büstünün qoyulmasını, habelə Bakının mərkəzi parklarının birində məşhur rumın bəstəkarı Corc Eneskunun heykəlinin ucaldılmasını qeyd etmək istərdim. Mədəniyyət və təhsil sahələrində mübadilələrimiz xalqlararası əlaqələrin güclənidirilməsinə töhfə verməkdədir: “İnanıram ki, Azərbaycan Respublikası və Rumıniya arasında sıx dostluq və qarşılıqlı faydalı əməkdaşlıq dövlətlərimiz və xalqlarımızın rifahı naminə növbəti illərdə də inkişaf edəcək, ölkələrimiz arasında mövcud çoxölçülü strateji tərəfdaşlıq əlaqələri daha da genişlənəcək”.
Hər zamankı kimi Bakıda Rumıniyanın Milli Gününün səmimi və mehriban ab-havada keçməsi bir ənənəyə çevrilib. Rəsmi hissədən sonar bədii hissəyə yer verilib. Tədbirdə Avropanın ən mənzərəli yerlərindən biri olan, Rumıniyanın şimalında yerləşən Maramureş şəhərindən rumın folklorunun dörd nümayəndəsini - Florentina və Petru Giurqi-ni Mirela və Dani Florea ilə birlikdə çıxışları bayrama gözəl ab-hava qatdı.
KARUSEL / SİYASƏT / REDAKTOR SEÇİMİ
Tarix: 28-11-2024, 20:32