Fırtınanın Ortasında: İş Dünyasında Strateji Dəyişikliklərin İdarə Edilməsi
Dəyişikliklər, həyatın qaçınılmaz fırtınaları kimidir. Hər gün yeni bir səhifə açdığımız bu həyat kitabında, hər səhifədə bir yenilik, bir dəyişikliklə qarşılaşırıq. Müasir iş dünyası isə bu fırtınaların daha da sürətlə və gözlənilməz gəldiyi bir səhnədir. Bir anlıq böyük bir dənizin ortasında, güclü bir fırtınanın qopduğu anı düşünün. Gəminin kapitanı, bu fırtınadan qurtulmaq üçün əvvəlcədən planlar hazırlayıb, komandasını bu fırtınaya hazırlamayıbsa, o zaman gəminin batmasına da təəccüblənməmək lazımdır. Bu, iş dünyasında da eynidir; şirkətlər, dəyişikliklərə qarşı hazırlıqlı deyillərsə və bu prosesləri səmərəli şəkildə idarə edə bilmirlərsə, o zaman nəticəni təsəvvür etmək o qədər də qəliz deyil. Lakin dəyişikliklərə hazırlıq heç də hər zaman asanlıqla gerçəkləşmir. Səbəb isə sadədir; ya liderin özü dəyişikliklərə açıq deyil, ya da komandası komfort zonasından çıxmağa həvəsli deyil və buna qarşı müqavimət göstərir. Bu məqamda isə Con Kennedinin məşhur kəlamı yada düşür: "Dəyişikliklərə qarşı müqavimət göstərən insanlar, gələcəyin əleyhinə işləyənlərdir". Həqiqətən də, dəyişikliklərə açıq olmayanlar, gələcəyin parlaq yollarında irəliləmək əvəzinə, keçmişin dar yollarında ilişib qalırlar.
Kodakın rəqəmsal fotoqrafiya dövrünə uyğunlaşa bilməməsi, dəyişiklikləri effektiv idarə etməyin nə qədər vacib olduğunu göstərən bir nümunədir. Hansı ki, "Kodak Moment" termini, bu uğursuzluğun simvolu halına gəlib. Onların ən böyük səhvi, dəyişiklikləri qəbul etməkdə gecikmələri və köhnə biznes modellərinə bağlı qalmaları idi. Bunun əksinə, Netflix isə DVD kirayə xidmətindən rəqəmsal yayım platformasına keçərək dəyişiklikləri uğurla idarə etdi. Netflix CEO-su Reed Hastings, bununla bağlı bir dəfə demişdi: "Bizim işimizdə hər şey dəyişir. Məsələ sadəcə uyğunlaşmaqdır, başqa heç nə."
Dəyişikliklərə hazırlıq, ilk növbədə şirkətlərin strateji planlarını və ehtiyat tədbirlərini müəyyən etməsi ilə başlayır. Bu, bir marafon qaçışçısının yarış öncəsi hazırlıqları kimidir. Öncədən hazırlıq və planlama yoxdursa, uğurdan danışmağa dəyməz. Bu səbəbdəndir ki, ağıllı strateji planlama, şirkətlərin dəyişikliklərə qarşı hazırlıqlı olmasını və onların rəqabət üstünlüyü əldə etməsini təmin edir. Məsələn, Amazonun strateji planlama prosesi, onların sürətli çatdırılma şəbəkəsi və müştəri xidmətlərinə verdiyi önəm, dəyişikliklərə hazırlığın vacibliyini göstərən gözəl nümunələrdən biridir.
Dəyişikliklərin uğurlu idarə edilməsində aydın və səmimi ünsiyyət də olduqca vacibdir. İşçilərlə davamlı olaraq bilgilər paylaşmaq və onların suallarını cavablandırmaq, dəyişikliklərin qəbul edilməsini asanlaşdırır. Effektiv ünsiyyət, dəyişikliklərin qəbulu və idarə edilməsi prosesində əsas rol oynayır. Bu mövzunun əhəmiyyətinə diqqət çəkən Peter Druker boşuna demir ki, "kommunikasiya, təşkilati uğurun ən vacib elementidir".
İnklüzivlik, dəyişikliklərin uğurlu idarə edilməsində vacib amillərdən biridir. İşçilərin dəyişiklik prosesinə daxil edilməsi, onların daha motivasiyalı və iştirakçı olmalarına səbəb olur. Bu, orkestrdə hər bir musiqiçinin səsləndirdiyi notların mükəmməl şəkildə birləşməsinə bənzəyir. Stiv Cobsun, "Yalnız istedadlı insanları işə götürmək yetərli deyil, onları işlərinizə cəlb etmək və fikirlərini dinləmək də lazımdır" sözləri bu məqamın nə dərəcədə mühüm olduğuna işarə edir.
Dəyişikliklərin idarə edilməsində liderlərin rolu olduqca böyükdür. Onlar işçiləri motivasiya etməli, onları dəstəkləməli və dəyişikliklərin mənfəətlərini izah etməlidirlər. Varren Bennis ona görə də deyirdi: "Liderlər dəyişikliklər üçün katalizatorlardır". Liderlər, dəyişikliklərin uğurla həyata keçirilməsində əsas rol oynayır və onların empatik yanaşması işçilərin narahatlıqlarını azaltmağa kömək edir. Mahatma Qandinin "İnsanları həqiqətən anlamaq üçün, onların ayaqqabıları ilə gəzməlisən" kəlamı, empatik liderliyin əhəmiyyətini göstərir.
Dəyişikliklərdən bəhs edərkən texnologiyanın sürətli inkişafını da gözardı etməmək gərəkir. Texnoloji yeniliklərin dəyişikliklərin idarə edilməsini asanlaşdırdığı bir gerçəkdir və Bill Qeyts də "Texnologiya, dəyişikliklərin idarə edilməsini sürətləndirən bir vasitədir" deyərək, bu fikri təsdiqləyir. Microsoft Teams, ZOOM, SLACK və s. bu kimi kimi alətlər, komanda üzvlərinin ünsiyyətini və əməkdaşlığını asanlaşdıraraq, dəyişikliklərə uyğunlaşma prosesini sürətləndirir. Pandemiya dövründə, bu alətlərin işlərimizin axsamaması üçün nə qədər yararlı olduğunu gördük. Məhz bu vasitələr işçilərin uzaqdan işləməsinə imkan yaratdı və şirkətlərin fəaliyyətlərini davam etdirmələrinə kömək etdi.
Dəyişikliklərin idarə edilməsi, şirkətlərin uzunmüddətli uğurunu təmin edən vacib bir prosesdir. Strateji hazırlıq, səmimi ünsiyyət, prosesə işçilərin daxil edilməsi və liderlərin rolu, bu prosesin uğurla həyata keçirilməsində əsas amillərdir. Uğurlu şirkətlər, dəyişiklikləri qəbul edir və onlara uyğunlaşaraq inkişaf edir.
Albert Eynşteyn demişkən: "Həyatda qalmaq üçün dəyişmək lazımdır".
Sərkərdə Sərxanoğlu
Sərkərdə Sərxanoğlu
KARUSEL / YAZARLAR
Tarix: 29-05-2024, 11:24