O gün Muradı yox, illərin etibarını itirdilər

O gün Muradı yox, illərin etibarını itirdilər.
Onu işdən çıxardıqları gün şirkətin əslində kimi itirdiyini heç kim anlamadı.
Murad həmin səhər işə gələndə həyatının dəyişəcəyini bilmirdi.
Saat səkkizin yarısı idi. Bakı hələ tam oyanmamışdı, amma şəhərin kənarında yerləşən anbarların həyətində artıq maşın səsləri eşidilirdi. Yük maşınları arxa-arxaya düzülmüşdü, sürücülər çay stəkanını maşının kapotunun üstünə qoyub növbələrini gözləyirdilər. Anbarın qapısında bir nəfər qaimələri yoxlayır, o biri telefonda kiməsə əsəbi şəkildə “mal çıxıb, yoldadır” deyirdi.
Murad hər gün olduğu kimi sakitcə içəri girdi. Onu şirkətdə hamı tanıyırdı. Kimsə “Murad müəllim” deyirdi, kimsə sadəcə “Murad”. Otuz səkkiz yaşı vardı. Üzündə adamı dərhal özünə çəkən bir yumşaqlıq yox idi, amma sözündə etibar vardı. Danışanda çox danışmazdı. Müştərinin qarşısında vəd verməzdən əvvəl iki dəfə düşünərdi. Ona görə də illər ərzində rayonlardakı böyük müştərilərin çoxu şirkətdən çox Murada inanırdı.
Şirkət orta ölçülü distribütor şirkəti idi. Ərzaq məhsulları satırdı. Bakıdan bölgələrə mal göndərirdilər. Bəzən ödəniş gecikirdi, bəzən maşın xarab olurdu, bəzən anbarda məhsul çatmırdı. Amma Murad hər dəfə məsələni sakit yolla həll etməyi bacarırdı. Onun öz həyatı da elə sakit görünürdü.
Masazırda ipoteka ilə aldığı ikiotaqlı mənzildə yaşayırdı. İki uşağı vardı. Böyük oğlu beşinci sinifdə oxuyurdu, kiçiyi hələ bağçaya gedirdi. Hər ayın sonunda maaş kartına pul yatan kimi Murad əvvəl kreditləri ödəyərdi. Sonra kommunal, sonra uşaqların xərci, sonra ev bazarlığı. Özünə qalanda isə həmişə eyni cümləni deyərdi: “Gələn ay baxarıq”. Gələn ay isə heç vaxt gəlmirdi.
O səhər də iş masasına oturdu, kompüteri açdı, dünəndən qalan müştəri siyahısına baxdı. Qəbələdən bir müştəri ödənişi gecikdirmişdi. Tovuzdan gələn sifarişdə çeşid dəyişikliyi vardı. Lənkərandakı marketlər şəbəkəsi yeni qiymət razılaşması istəyirdi. Murad bunların hamısını bir-bir qeyd etdi. Saat doqquza yaxın ofisin içində qəribə bir gərginlik hiss olundu. İşçilər bir-birinə baxır, pıçıltı ilə nəsə danışırdılar. Murad başını qaldırıb satış şöbəsinin qapısına tərəf baxdı. Şirkətin direktoru Vüqar müəllim içəri girmişdi. Yanında da son aylarda hamının haqqında danışdığı adam vardı: Rəşad.
Rəşad direktorun qohumu idi. Üç ay əvvəl şirkətə kommersiya rəhbəri təyin olunmuşdu. Əvvəl hamıya mehriban davranmışdı. “Biz sistemi dəyişəcəyik”, “köhnə satış modeli artıq işləmir”, “burada hər şey şəffaf olacaq” kimi cümlələr qururdu. Cümlələr pis deyildi. Sadəcə cümlələrin arxasında təcrübə yox idi. Murad bunu ilk gündən hiss etmişdi. Rəşad müştərini rəqəm kimi görürdü. Murad isə bilirdi ki, bu bazarda müştəri təkcə qiymətlə saxlanmır. Bəzən vaxtında cavab verməklə saxlanır. Bəzən sözünün üstündə durmaqla. Bəzən gecə saat on birdə zəngə çıxmaqla. Bəzən də bir qaimənin səhvini heç kimi incitmədən düzəltməklə. Amma bunları izah etmək çətin idi. Çünki Rəşad üçün hər şey sadə idi: plan qoyursan, satışçı satır. Satmırsa, deməli zəifdir.
Həmin gün səhər iclası elan olundu. Hamı kiçik toplantı otağına yığışdı. Otağın pəncərəsi anbara baxırdı. Aşağıda fəhlələr paletləri maşına yükləyirdi. İçəridə isə başqa yük vardı, amma onu hələ heç kim görmürdü. Vüqar müəllim masanın başında oturdu. Rəşad ayaq üstə qaldı. Əlində bir neçə vərəq vardı. “Dostlar,” dedi Rəşad, “son üç ayın nəticələrini analiz etmişik. Şirkətdə ciddi dəyişikliklərə ehtiyac var. Bəzi əməkdaşlar yeni tempə uyğunlaşa bilmir.”
O, “bəzi əməkdaşlar” deyəndə gözünü Murada tərəf çevirdi. Murad bunu gördü, amma heç nə demədi. Rəşad davam etdi: “Biz artıq emosional satışla işləyə bilmərik. Müştəri ilə şəxsi münasibət, köhnə tanışlıq, çay süfrəsi dövrü bitib. Şirkət sistemlə idarə olunmalıdır.”
Murad sakitcə qulaq asırdı. Əslində bu sözlərin bir hissəsi doğru idi. Sistem lazım idi. Amma sistem qurmaq başqa şey idi, illərlə qurulmuş etibarı bir gündə silmək başqa. Sonra Rəşad vərəqlərdən birini masaya qoydu:
- “Murad müəllim, sizin bölgə üzrə satış nəticələriniz əvvəlki illərlə müqayisədə zəifləyib. Üstəlik, müştərilərlə çox fərdi işləyirsiniz. Bu da şirkət üçün risk yaradır.” Otaqda sükut oldu. Murad yavaşca soruşdu:
- “Zəifləyib dediyiniz nəticələrdə qiymət artımlarını, anbarda olmayan məhsulları və gecikən çatdırılmaları da nəzərə almısınız?”
Rəşadın üzündə narazı ifadə yarandı.
- “Biz bəhanə axtarmırıq, Murad müəllim. Nəticə istəyirik.”
Murad bir anlıq susdu. Sonra dedi:
- “Mən bəhanə demirəm. Sadəcə səbəbləri deyirəm. Müştəriyə söz verib malı vaxtında çıxara bilməyəndə, sonra həmin müştəriyə yenə mən zəng edirəm. O, sistemlə yox, mənimlə danışır.”
Bu cümlə Rəşadın xoşuna gəlmədi.
- “Bax problem də budur,” dedi. “Siz elə bilirsiniz ki, şirkət sizdən asılıdır.”
Murad ona baxdı. Sakit, yorğun, amma düz baxışla.
- “Mən elə bir şey demədim.”
Rəşad səsini bir az qaldırdı:
- “Amma davranışınız onu göstərir. Burada heç kim əvəzolunmaz deyil.”
Otaqdakı işçilər başlarını aşağı saldılar. Belə anlarda adamlar çox vaxt divara baxır. Çünki haqsızlığı görmək asandır, onun qarşısında dayanmaq çətindir. Vüqar müəllim də susurdu. Murad illərlə bu şirkət üçün gecəsini gündüzünə qatmışdı. Atasının xəstə vaxtında belə rayona müştəri görüşünə getmişdi. Uşağının ad günündə telefonla qiymət razılaşdırmışdı. Bir dəfə Şamaxı yolunda maşını xarab olan sürücüyə görə gecə saat ikiyə qədər oyaq qalmışdı.
Amma həmin otaqda bütün bunlar bir cümləyə sığdı:
- “Heç kim əvəzolunmaz deyil.”
Rəşad kağızı Muradın qarşısına qoydu.
- “Rəhbərlik qərar verib. Bu gündən əmək müqavilənizə xitam verilir. Mühasibatlıq hesablaşmanı aparacaq.”
Murad kağıza baxdı. Əlləri titrəmədi. Səsi də dəyişmədi. Sadəcə içində nəyinsə çox sakit şəkildə qırıldığını hiss etdi. Bu, qəzəb deyildi. Qışqırmaq istəmədi. Kimisə günahlandırmaq da istəmədi. Sadəcə illərlə içində daşıdığı bir inam yerindən qopdu. O inam ki, insan çox çalışsa, dəyəri bilinər. O inam ki, sədaqət bir gün mütləq görülər. O inam ki, susmaq bəzən ağıllı davranışdır. Murad həmin an başa düşdü ki, bəzən susmaq səbir deyil, öz dəyərini başqasının vicdanına tapşırmaqdır. O, kağızı götürdü, oxumadan qatladı və ayağa qalxdı. “Oldu,” dedi.
Rəşad sanki daha böyük reaksiya gözləyirdi. Bəlkə Murad əsəbiləşəcəkdi, bəlkə yalvaracaqdı, bəlkə özünü müdafiə edəcəkdi. Amma Murad sadəcə stulunu yerinə çəkdi. Otaqdan çıxanda heç kim gözünün içinə baxmadı. Masasına qayıtdı. Çantasını açdı. İçində bir köhnə qeyd dəftəri vardı. Müştəri görüşlərindən yazdığı qeydlər, rayonlara aid xırda məlumatlar, kimin hansı gün mal qəbul etdiyi, hansı müştərinin ödənişdə həssas olduğu, kimin qardaşının xəstə olduğu, kimin mağazanı oğluna təhvil verdiyi... Bunlar şirkətin sistemində yox idi. Bunlar Muradın yaddaşında və dəftərində idi. Dəftəri çantasına qoydu. Telefonu masanın üstündə titrədi. Qəbələdən zəng idi. Müştəri soruşurdu:
- “Murad müəllim, bu həftəki sifariş nə yerdə qaldı?”
Murad bir neçə saniyə telefona baxdı. Sonra cavab verdi:
- “Mən artıq bu şirkətdə işləmirəm, Rauf müəllim. Sifarişlə bağlı ofislə əlaqə saxlayın.”
Xəttin o başında bir anlıq sükut oldu.
- “Nə danışırsınız? Necə yəni işləmirsiniz?”
- “Belə alındı.”
Rauf müəllim ağır səslə dedi:
- “Başa düşdüm. Siz harada olsanız, xəbər edin.”
Murad heç nə demədi. Sadəcə təşəkkür etdi və telefonu bağladı. Həmin gün axşam evə həmişəkindən tez gəldi. Həyat yoldaşı Nigar qapını açanda onun üzündən nəsə olduğunu anladı.
- “Nə olub?”
Murad ayaqqabısını çıxardı, çantasını kənara qoydu.
- “İşdən çıxdım.”
Nigar bir anlıq donub qaldı.
- “Özün çıxdın?”
- “Yox. Çıxardılar.”
Bu cümlədən sonra evdə sükut oldu. Uşaqlar otaqda dərs edirdi. Mətbəxdə çayın suyu qaynayırdı. Pəncərədən həyətə düşən axşam işığı evin içini daha da sakit göstərirdi. Nigar çox sual vermədi. Muradı tanıyırdı. Bilirdi ki, o danışmaq istəməyəndə üstünə getmək olmaz. Sadəcə soruşdu:
- “Haqqını yedilər?”
Murad gülümsəməyə çalışdı, amma alınmadı.
- “Yəqin ki.”
Nigar stəkanı onun qarşısına qoydu.
- “Bəs indi nə edəcəyik?”
Bu sual Muradın bütün gün qaçdığı sual idi. Kredit vardı. Uşaqlar vardı. Ev vardı. Maaş yox idi.
- “Bilmirəm,” dedi.
Həmin gecə Murad yatmadı. Telefonunu açdı, illərlə işlədiyi müştərilərin adlarına baxdı. Heç kimə yazmadı. Heç kimə zəng etmədi. Çünki hələ də bir sərhədi keçmək istəmirdi. Öz-özünə dedi ki, şirkətdən çıxıb müştəriləri arxasınca aparmaq düzgün olmaz. Səhər isə ilk zəng özü gəldi. Lənkərandakı marketlər şəbəkəsinin sahibi idi. Səsi həmişəki kimi sakit idi.
- Sabahınız xeyir Murad müəllim, eşitdim ayrılmısınız.
- Bəli.
- Biz dünən şirkətə zəng etdik. Rəşad müəllim danışdı. Qiymətdən çox danışdı, amma bizim problemi anlamadı.
Murad susdu. O biri tərəf davam etdi:
- Biz sizinlə işləyəndə rahat idik. Çünki nəyi edə biləcəyinizi, nəyi edə bilməyəcəyinizi düz deyirdiniz. İndi bilmirəm necə olacaq.
Murad yenə susdu.
- Harada işə başlasanız, xəbər edin,” dedi müştəri. “Biz adamla işləyirik, təkcə məhsulla yox.
O gün belə zənglər daha üç dəfə gəldi. Biri Tovuzdan, biri Şəkidən, biri Xaçmazdan. Hamısı eyni şeyi deyirdi. Hamısı narahat idi. Hamısı Muradın harada işləyəcəyini soruşurdu. Üç gün sonra Murada köhnə tanışı zəng etdi. Elvin adlı bir sahibkar idi. Kiçik, amma səliqəli işləyən bir şirkəti vardı. İllər əvvəl bir sərgidə tanış olmuşdular. Elvin Muradın iş prinsipini bəyənirdi.
“Eşitdim işdən ayrılmısan,” dedi.
- Bəli.
- Biz satış şöbəsini böyütmək istəyirik. Böyük şirkət deyilik, sənə əvvəlki kimi yüksək maaş verə bilməyəcəyik. Amma dürüst işləyirik. Gəl danışaq.
Murad ertəsi gün görüşə getdi. Ofis balaca idi. Anbar da əvvəlki şirkətin anbarı qədər böyük deyildi. Amma orada qəribə bir rahatlıq vardı. Adamlar bir-birinə qışqırmırdı. Heç kim özünü böyük göstərməyə çalışmırdı. Elvin çay süzdü, Muradın qarşısına qoydu.
- Mənə müştəri siyahısı gətirmə,” dedi Elvin. “Mən səndən bunu istəmirəm. Sadəcə işini necə quracağını danış.
Murad ilk dəfə həmin gün rahat nəfəs aldı. "Əgər işləsək, hər şey açıq olmalıdır,” dedi. “Müştəriyə verə bilməyəcəyimiz sözü verməyəcəyik. Məhsul yoxdursa, yox deyəcəyik. Gecikmə varsa, əvvəlcədən xəbər edəcəyik.”
Elvin başını tərpətdi.
- Onsuz da mənə elə bu cür düşünən və işəyən adam lazımdır.
Murad həmin şirkətdə işə başladı. İlk ay çətin keçdi. Maaşı əvvəlkindən az idi. Evdə xərcləri azaltmalı oldular. Nigar bəzi şeyləri təxirə saldı. Murad köhnə maşınını satmaq barədə də düşündü. Amma içində qəribə bir rahatlıq vardı. Hər səhər işə gedəndə əvvəlki kimi boğazında düyün hiss etmirdi. Bu arada köhnə şirkətdə vəziyyət dəyişməyə başlamışdı. Əvvəl Lənkəran müştərisi sifarişləri azaltdı. Sonra Qəbələ tərəfi ödənişi gecikdirdi. Tovuzdakı müştəri başqa təchizatçı ilə danışmağa başladı. Rəşad bunu əvvəl qiymətlə izah etdi. Sonra bazarla. Sonra satışçıların zəifliyi ilə. Amma bir gün Vüqar müəllim özü Lənkərana zəng etdi. "Bilmək olar, müqaviləni niyə yeniləmirsiniz?” deyə soruşdu. Xəttin o başındakı adam açıq danışdı:
- Vüqar müəllim, biz sizin şirkətlə illərlə işləmişik. Amma bizim üçün əsas adam Murad idi. Problem olanda həll edirdi. Söz verəndə tuturdu. İndi biz o etibarı görmürük.
Bu cümlədən sonra Vüqar müəllim uzun müddət danışmadı. Bir həftə sonra Murada zəng gəldi. Nömrəni tanıdı. Vüqar müəllim idi.
Murad bir az gözlədi, sonra cavab verdi.
- Salam, Murad.
- Salam, Vüqar müəllim.
- Necəsən?
- Yaxşıyam.
Arada qısa sükut oldu. “Görüşə bilərik?” deyə Vüqar müəllim soruşdu. Murad görüşə razılaşdı.
Onlar şəhərin sakit kafelərindən birində oturdular. Vüqar müəllim əvvəl ümumi sözlər danışdı. Bazarın çətinliyindən, komandanın oturuşmamasından, bəzi qərarların tələsik verilməsindən. Murad sakitcə qulaq asdı. Axırda Vüqar müəllim əsas sözü dedi:
- Geri qayıtmağını istəyirəm.
Murad stəkandakı çaya baxdı. Bir vaxtlar bu cümləni eşitsəydi, bəlkə də sevinərdi. Bəlkə də içindəki inciklik yumşalardı. Amma indi qəribə şəkildə heç nə hiss etmədi.
- Rəşad müəllimlə işləməyim mümkün deyil.
- Onun səlahiyyətlərinə baxılacaq.
Murad başını qaldırdı.
- Məsələ təkcə Rəşad müəllim deyil. Mən orada illərlə işlədim. Səhvim də oldu, düzüm də. Amma məni hamının içində elə təqdim etdilər ki, sanki şirkətə yük olmuşam. O gün mən işimi yox, inamımı itirdim.
Vüqar müəllim susdu. Murad davam etdi:
- Mən müştərilərə heç vaxt demədim ki, sizinlə işləməsinlər. Heç kimi çağırmadım. Kim zəng etdisə, öz qərarı idi. Çünki illərlə bir şey qurmuşdum. O şey maaş cədvəlində görünmürdü. Vüqar müəllim yavaş səslə dedi: “Bilirəm”.
Murad ilk dəfə onun üzündə peşmanlıq gördü. Amma bu peşmanlıq artıq gecikmişdi. “Bağışlayın,” dedi Murad. “Mən geri qayıtmayacağam.”
O, ayağa qalxdı. Vüqar müəllim də qalxdı. Əl sıxdılar. Bu dəfə Muradın əli titrəmədi. Kafedən çıxanda hava küləkli idi. Bakı küləyi adamın üzünə sərt dəyirdi, amma Murad o gün bu sərtliyi qəribə şəkildə xoş hiss etdi. Sanki içində uzun müddət qapalı qalan hava dəyişirdi.
Axşam evə gələndə Nigar soruşdu:
- Görüş necə keçdi?
- Murad pencəyini asdı.
- Geri çağırdılar.
Nigar təəccübləndi.
- Bəs?
- Getmədim.
Nigar bir an ona baxdı. Sonra yavaşca gülümsədi.
- Düz etdin?
Murad pəncərəyə tərəf baxdı. Həyətdə uşaqlar oynayırdı. Oğlu velosiped sürürdü, qızı isə onun arxasınca qaçırdı. “Bilmirəm,” dedi; “Amma ilk dəfədi qərarı qorxudan vermədim. Nigar heç nə demədi. Sadəcə çay süzdü.
Aylar keçdi. Muradın yeni işində satışlar yavaş-yavaş artdı. Köhnə müştərilərdən bəziləri qanuni qaydada yeni şirkətlə əməkdaşlığa başladı. Hər şey birdən-birə dəyişmədi. Kreditlər yenə vardı. Xərclər yenə sıxırdı. Həyat yenə asan deyildi. Amma Murad artıq əvvəlki Murad deyildi. O başa düşmüşdü ki, insanın qırılma anı həmişə dağıldığı an olmur. Bəzən qırılma anı insanın özünü ilk dəfə olduğu kimi gördüyü andır. Nə artıq, nə əskik. Sadəcə dəyərini başqasının dilindən eşitməyə möhtac olmayan bir adam kimi.
Bir gün Elvin ona dedi:
- Murad, sən gələndən şirkətdə çox şey dəyişdi.
Murad gülümsədi. Bu dəfə o cümləni eşidəndə içində heç bir sübut ehtiyacı yaranmadı. Çünki artıq bilirdi: dəyərini bilmək üçün bəzən alqış yox, sadəcə özünə xəyanət etməmək kifayətdir. Bəzən insanın dəyəri yanında olanda yox, gedəndən sonra boşalan yerdən bilinir.
P.S. Bəs sizcə Murad geri qayıtmalı idi, yoxsa doğru qərar verdi?
Sərkərdə SƏRXANOĞLU
Reportyor.az
https://www.facebook.com/share/p/1Ci2xFmfq1/
BANNER / KARUSEL / CƏMİYYƏT / REDAKTOR SEÇİMİ
Tarix: Bu gün, 16:43


























