Safadi: Kralın BMT-dəki çıxışı İsrailin siyasətini ifşa edib

İordaniya Baş nazirin müavini, xarici işlər və xaricdə yaşayan vətəndaşlar üzrə nazir Ayman Safadi bildirib ki, Kral II Abdullahın BMT Baş Assambleyasının iclasının açılışındakı çıxışına verilən beynəlxalq reaksiyalar həmin çıxışın əhəmiyyətini və səmimiyyətini vurğulayır.
Al Mamlaka bu barədə məlumat verib.
Nyu-Yorkda mətbuata açıqlama verən Safadi qeyd edib ki, Kral çıxış edib İsrailin hərəkətlərinin nəticələrini açıqlayanda dünya buna qulaq asır; çünki dünya ictimaiyyəti Kralın və İordaniya Haşimilər Krallığının təhlükəsizlik, sabitlik və sülhün təşviqi istiqamətindəki səylərinə və nüfuzuna hörmətlə yanaşır.
O vurğulayıb ki, Kralın fikirlərinə verilən beynəlxalq reaksiyalar beynəlxalq ictimaiyyətin İsrailin hərəkətlərinin reallığını anlamağa başladığını və İsrailin siyasətinin dünya ictimaiyyəti qarşısında ifşa olunduğunu göstərir.
Safadi bildirib ki, İordaniya öz ərəb qardaşları və Səudiyyə Ərəbistanı, Norveç və Avropa İttifaqının həmsədrlik etdiyi "iki dövlətli həll" konfransında iştirak edən ölkələrlə əlaqəli şəkildə fəaliyyət göstərir və bütün tərəflər bu mövqeyə dəstək qazanmaq üçün çalışırlar.
O qeyd edib ki, bu vəziyyət İsrailin özünü tənqid edənlərə – Britaniya və Fransadan tutmuş digər Avropa ölkələrinə və nəhayət, İordaniyaya – qarşı şübhə yaratmaq cəhdlərini izah edir.
Safadi qeyd edib ki, İsrail rəsmiləri tərəfindən İordaniyaya qarşı başladılan "sərt" kampaniya onların dalana dirildikləri hissi fonunda baş verir və bu, onların əsl mahiyyətini, həmçinin "cinayətkar xarakterini və əməllərini" beynəlxalq ictimaiyyət qarşısında ifşa edir.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 16:04


























