mobil versiya

Fələstinin Azərbaycandakı Səfirliyi bədnam Balfur Bəyannaməsinin 109-cu ildönümü ilə bağlı bəyanat yayıb



Fələstin Dövlətinin Azərbaycandakı Səfirliyi bədnam Balfur Bəyannaməsinin 109-cu ildönümü münasibətilə bəyanat yayıb.

Bəyanatda deyilir:

1917-ci il noyabrın 2-də Britaniya hökuməti tərəfindən qəbul edilmiş bədnam Balfur Bəyannaməsinin 109-cu ildönümü münasibətilə Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyi vurğulayır ki, bu tarix Fələstin xalqının nəticələrini hələ də yaşadığı tarixi ədalətsizliyi xatırladır. İsrail işğalının davam etdiyi, Fələstin xalqının öz müqəddəratını təyinetmə, azadlıq və müstəqillik hüquqları başda olmaqla qanuni milli hüquqlarından məhrum edildiyi şəraitdə həmin ədalətsizliyin nəticələri bu gün də qalmaqdadır.

Səfirlik bildirir ki, bu Bəyannamə Fələstində müstəmləkəçilik layihəsinin əsas dayaqlarından birini təşkil etmiş, Fələstin xalqının Nəkbə faciəsinə məruz qalmasına, öz torpaqlarından qoparılmasına və didərgin salınmasına zəmin yaratmışdır. Bir əsrdən artıq vaxt keçməsinə baxmayaraq, məskunlaşdırma, məcburi köçürmə və torpaqların müsadirəsi siyasəti fələstinlilərin hüquqlarını sarsıtmaqda və onların müstəqil dövlətinin qurulmasına mane olmaqda davam edir.

Bu ildönümü Qəzza zolağında ağır humanitar iztirabların davam etdiyi bir dövrə təsadüf edir. Hücumlar və mülki əhali arasında itkilər davam edir, qış fəslinin yaxınlaşması və didərgin düşmüş ailələrin üzləşdiyi risklərin artması fonunda məcburi köçkünlüyün, dağıntıların, ərzaq, dərman və sığınacaq çatışmazlığının fəsadları daha da ağırlaşır. Səfirlik hücumların dayandırılmasını, mülki şəxslərin və humanitar sahədə çalışanların müdafiəsinin təmin edilməsini, yardımın kifayət qədər, təhlükəsiz, müntəzəm və maneəsiz çatdırılmasını, bərpa və yenidənqurma üçün zəruri şəraitin yaradılmasını tələb edir. Eyni zamanda, Fələstin xalqının məcburi köçürülməsini və ya onun hüquqlarını və suverenliyini məhdudlaşdıran hər hansı mexanizmlərin tətbiqini qətiyyətlə rədd edir.

İordan çayının qərb sahilində, o cümlədən Şərqi Qüdsdə Səfirlik məskunlaşanların hücumlarının artmasını, xüsusilə zeytun yığımı mövsümündə fermerlərə qarşı hücumları, eləcə də hərbi əməliyyatları, evlərin sökülməsini, hərəkət azadlığına, torpaqlara və əsas xidmətlərə çıxışa qoyulan məhdudiyyətləri pisləyir. BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi 2026-cı il oktyabrın 1-dən 26-dək xəsarətlərə və ya əmlaka zərər vurulmasına səbəb olmuş 397 məskunlaşan hücumunu sənədləşdirmişdir. Bu, 2006-cı ildə qeydəalma başladıqdan bəri ən yüksək aylıq göstəricidir. Səfirlik vurğulayır ki, bu hərəkətlər fələstinlilərin müdafiəsi və onlara görə məsuliyyət daşıyan şəxslərin cavabdehliyə cəlb edilməsi üçün təcili beynəlxalq tədbirlər görülməsini zəruri edir.

Bu çərçivədə Səfirlik işğal olunmuş Fələstin torpaqlarının hər hansı ad altında ilhaq edilməsinə, o cümlədən «İsrail suverenliyinin tətbiqi» adlandırılan cəhdlərə qəti etirazını bir daha bildirir. Səfirlik vurğulayır ki, Qəzza zolağı və Şərqi Qüds də daxil olmaqla İordan çayının qərb sahili bölünməz vahid ərazini təşkil edir. Həmin ərazilərin hüquqi statusunu və ya demoqrafik tərkibini dəyişdirməyə yönəlmiş birtərəfli addımlar İsrail üçün bu ərazilər üzərində suverenlik yaratmır və Fələstin xalqının öz müqəddəratını təyin etmək və müstəqil dövlətini qurmaq hüququnu aradan qaldırmır.

Səfirlik Beynəlxalq Ədalət Məhkəməsinin 19 iyul 2024-cü il tarixli məsləhətçi rəyini xatırladır. Həmin rəydə İsrailin işğal olunmuş Fələstin ərazilərində mövcudluğunu davam etdirməsinin qanunsuz olduğu, İsrailin bu mövcudluğa mümkün qədər tez son qoymalı, bütün yeni məskunlaşdırma fəaliyyətlərini dərhal dayandırmalı və məskunlaşanları işğal olunmuş Fələstin ərazilərindən çıxarmalı olduğu qənaətinə gəlinmişdir. Səfirlik dövlətləri bu qanunsuz mövcudluq nəticəsində yaranmış vəziyyəti tanımamaq və onun davam etməsinə yardım və ya dəstək göstərməmək öhdəliklərinə əməl etməyə çağırır.
Səfirlik hesab edir ki, Birləşmiş Krallıq Balfur Bəyannaməsi və onun nəticələrinə görə tarixi məsuliyyətini öz üzərinə götürməlidir. Səfirlik Birləşmiş Krallığın 21 sentyabr 2025-ci ildə Fələstin Dövlətini tanımasını bir daha alqışlamaqla yanaşı, bildirir ki, bu tanınma işğala son qoyulmasını, məskunlaşdırmanın dayandırılmasını, Fələstin xalqının müdafiəsini və onun öz torpağında suverenliyini həyata keçirməsini dəstəkləyən əməli addımlarla tamamlanmalıdır.
Səfirlik, həmçinin, Fələstin xalqının hüquqlarını dəstəkləyən dövlətlərin və beynəlxalq təşkilatların prinsipial mövqeyini yüksək qiymətləndirir və bu mövqelərin beynəlxalq hüquqa hörməti təmin edən, cəzasızlığa son qoyan, Fələstin xalqının öz müqəddəratını təyinetmə, qayıdış və müstəqillik hüquqları da daxil olmaqla, ayrılmaz hüquqlarının həyata keçirilməsini təmin edən konkret tədbirlərə çevrilməsinə çağırır.

Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyi xalqımızın hüquqlarına dəstəyi gücləndirmək məqsədilə Azərbaycan Respublikasındakı tərəfdaşları və beynəlxalq ictimaiyyətlə birgə fəaliyyətini davam etdirmək əzmini bir daha təsdiqləyir. Bu fəaliyyət xalqımızın azadlıq və müstəqilliyə qovuşmasına, paytaxtı Şərqi Qüds olan, 4 iyun 1967-ci il sərhədləri daxilində suveren və müstəqil Fələstin Dövlətinin qurulmasına qədər davam etdiriləcəkdir.

Reportyor.az 



KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 13:32