mobil versiya

Fələstin Səfirliyi: Heç bir təxribatçı bəyanat və ya rəsmi terror praktikası Fələstin xalqını bu mübarizəsindən çəkindirməyəcək




Fələstin Dövlətinin Azərbaycandakı Səfirliyi işğalçı hökumətin guya milli təhlükəsizlik naziri Itamar Ben-Gvir tərəfindən səsləndirilən, Fələstin rəhbərliyini açıq şəkildə hədəfə alan hədə və sui‑qəsd çağırışlarını, o cümlədən Möhtərəm Prezident Mahmud Abbasın həbsi ilə bağlı təxribatçı bəyanatlarını qətiyyətlə pisləyir.

Səfirlik bununla bağlı bəyanat yayıb.

Bildirilir ki, bu açıqlamalar işğalçı dövlətin qanunu güclə əvəz edən, beynəlxalq hüququ və legitimliyi heçə sayan cəzasızlıq siyasətinə əsaslanan rəsmi yanaşmasının bariz göstəricisidir. Sözügedən ritorika İsrail hakimiyyət sistemi daxilində cinayətlərin qanuniləşdirilməsinə yönəlmiş təhlükəli prosesin tərkib hissəsi olaraq bölgədə sülh və sabitlik imkanlarını ciddi şəkildə zədələyir.

Fələstin Dövlətinin Azərbaycandakı Səfirliyi vurğulayır ki, bu sistemli təxribat sülh və sabitlik prinsiplərinə zidd olan siyasi düşüncənin təzahürüdür və regional təhlükəsizliyə, habelə suverenliyə və beynəlxalq hüquqa əsaslanan mövcud beynəlxalq sistemə birbaşa təhdid yaradır. Səfirlik işğalçı hökumətin bu rəsmi ritorikanın bütün nəticələrinə görə tam məsuliyyət daşıdığını bəyan edir və beynəlxalq ictimaiyyəti soyqırım, zorakılıq və məcburi köçürməni təşviq edən bu siyasətin qarşısını almaq üçün təcili və konkret addımlar atmağa çağırır.
 
Səfirlik bir daha bildirir ki, Fələstin xalqı, öz rəhbərliyi və institutları ilə birlikdə, bölünməz milli hüquqlarını – azadlıq, öz müqəddəratını təyin etmək və 1967‑ci il 4 iyun sərhədləri çərçivəsində paytaxtı Şərqi Qüds olan müstəqil dövlətini qurmaq hüququnu müdafiə etmək üçün qanuni mübarizəsini davam etdirəcək. Heç bir təxribatçı bəyanat və ya rəsmi terror praktikası Fələstin xalqını bu mübarizəsindən çəkindirməyəcək.

Reportyor.az





KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 12:01