Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin keçmiş sədri Ukraynadakı səfir vəzifəsindən azad edilib

İdris Kadırkulov Qırğızıstanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad olunub.
Bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Kadırkulov bu vəzifəni 25 yanvar 2022-ci il tarixindən etibarən icra edirdi.
2023-cü ilin aprelində o, həmçinin iqamətgahı Kiyevdə olmaqla, Moldova, Bolqarıstan və Rumıniyaya səfir təyin edilmişdi.
Diplomatik xidmətə başlamazdan əvvəl, 2018-ci ilin aprelindən 2019-cu ilin mayına qədər Kadırkulov Milli Təhlükəsizlik Dövlət Komitəsinə (MTDK) rəhbərlik edib. O, biometrik pasportların alınması ilə bağlı qalmaqal fonunda istefa vermişdi.
Qeyd edək ki, noyabrın 12-də İdris Kadırkulov ailəsi ilə bağlı irəli sürülən iddiaları ictimai şəkildə təkzib edib. Daha əvvəl, Prezident Sadır Japarovun Çuy vilayətinin sakinləri ilə görüşü zamanı iştirakçılardan biri keçmiş kolxoza məxsus əmlakın əldə edilməsi və sonradan satılması prosesində qanun pozuntularının olduğunu iddia etmişdi. O, diplomatın qardaşı, keçmiş deputat İskender Kadırkulovun adını çəkmişdi.
İdris Kadırkulov bu iddiaları ailəsinin nüfuzuna xələl gətirmək cəhdi kimi qiymətləndirib və qohumlarının keçmiş kolxoz əmlakını özəlləşdirmədiyini bildirib.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Dünən, 14:27


























