Bizim daxili qaranlığımız: “Yeraltı” hardadır?

Bəzi kitablar var ki, onları oxuyanda elə bil müəllif səni tanıyır. Səninlə eyni məhəllədə yaşayıb, çətinliklərini görüb, gecələr hansı fikirlərlə baş-başa qaldığını bilir.
Dostoyevskinin “Yeraltından qeydlər”i mənim üçün belə əsərlərdən biridir. Bu kitabı oxumaq üçün alim olmaq, fəlsəfə bilmək lazım deyil. Çünki Dostoyevski burada böyük elmi terminlərdən yox, elə bizim özümüzdən danışır; içimizdəki o inadkar, acıqlı, hamıdan küsmüş, amma yenə də hamı tərəfindən anlaşılmaq istəyən insandan. Mən bu kitabı əlimə alanda əvvəl elə bilirdim ki, söhbət sadəcə köhnə dövrün uğursuz, yazıq bir məmurundan gedir. Adam hətta düşünə də bilər ki, yüz il əvvəl yaşamış bir rus məmurunun mənə nə dəxli var? Amma səhifələr irəlilədikcə gördüm ki, “yeraltı” deyilən yer əslində dörd divarddan ibarət qapalı bir yer deyil. İnsan öz beyninin içində də yeraltı qura bilir.
Biz də bəzən belə edirik. Çətinə düşəndə, kimsə bizi incidəndə, işlərimiz tərs gedəndə içimizə qapanırıq. Orada özümüz üçün izahlar tapırıq, bəhanələr qururuq, hamını günahlandırırıq. Sonra da elə bilirik ki, dünyadan uzaqlaşmışıq. Əslində isə çox vaxt içimizdəki qaranlıq küncə çəkilmiş oluruq. Dostoyevski həmin küncə “yeraltı” deyir. Kitabın qəhrəmanı elə ilk cümlələrdən özünü gizlətmir. Acıqlı, xəstə, narazı, insanlardan küsülü bir adam olduğunu açıq deyir. O, cəmiyyətdən inciyib. Elə bilir ki, hamı onu sıxışdırır, hamı ona yuxarıdan baxır, hamı onun yerini dar edir. Amma maraqlısı budur ki, o, bu vəziyyətdən çıxmaq üçün ciddi heç nə etmir. Sadəcə oturub taleyindən gileylənir. Öz ağrısını izah edir, amma o ağrıdan çıxmaq istəmir. Hətta bəzən elə bil həmin ağrı ona lazımdır. Çünki o ağrının içində özünü haqlı hiss edir. Bəs bizim həyatımızda da belə anlar olmurmu? İşimiz gətirməyəndə, planlarımız pozulanda, kimsə bizə istədiyimiz kimi davranmayanda dərhal bəhanələr tapmağa başlayırıq: “şərait imkan vermədi”, “insanlar pisdi”, “dünya ədalətsizdi”, “heç kim mənibaşa düşmür” və s. Bunların içində bəzən həqiqət də olur. Həyat həmişə ədalətli deyil. İnsanlar həmişə yaxşı davranmır. Şərait də hər zaman bizim xeyrimizə işləmir. Amma təhlükəli yer buradan sonra başlayır.
İnsan bu həqiqətlərin arxasında gizlənib öz məsuliyyətini görməyəndə, öz yeraltısına enməyə başlayır. Orada hamı günahkardır, təkcə özü yox. Orada hər şeyə izah var, amma heç nəyə çıxış yolu yoxdur. Yeraltı adamın ən böyük problemi də budur. O, çox düşünür, çox analiz edir, hər şeyə şübhə ilə baxır. Amma bu düşüncə onu xilas etmir. Əksinə, daha da dərinə salır. Çünki insan bəzən ağılı ilə özünə yol açmır, özünə daha dərin quyu qazır. Kitabda Liza ilə bağlı hissə bunu daha ağrılı göstərir. Yeraltı adamın qarşısına bəlkə də ilk dəfə səmimi bir insan çıxır. Onu mühakimə etməyən, ona yuxarıdan baxmayan, sadəcə insan kimi yaxınlaşan biri. Amma o, bu yaxınlığı qəbul edə bilmir. Çünki bəzi adamlar mərhəməti də təhqir kimi qəbul edir. Onlara yaxşılıq ediləndə rahat olmurlar. Elə bil kimsə onların gizlətdiyi zəifliyi görüb. Ona görə də həmin adamı uzaqlaşdırır, incidirlər. Sanki özlərini qoruyurlar, amma əslində onlara uzanan əli itələyirlər. Yeraltı adam da Lizanı yaralayır. Əslində təkcə Lizanı yox, bəlkə də özünə açılan son işıqlı qapını yaralayır.
Bu hissə mənə çox təsir elədi. Çünki insan bəzən onu xilas edə biləcək adama da pis davranır. Sadəcə qüruruna görə. Sadəcə zəif görünməmək üçün. Sadəcə kiminsə onun halına yanmasını qəbul edə bilmədiyi üçün. Bəzən insanın ən böyük zəifliyi mərhəməti qəbul edə bilməməsidir. Bu kitab mənə bir şeyi çox aydın göstərdi: insanın ən böyük düşməni çox vaxt kənarda olmur. Öz beynimizdə elə divarlar tikirik ki, real həyatda heç kim bizə o qədər ziyan vura bilmir. Birinin dediyi adi sözü günlərlə içimizdə fırladırıq. Cavab verməli olduğumuz yerdə susuruq, sonra evdə zehnimizdə həmin adama on dəfə cavab veririk, asırıq, kəsirik. Kimsə bizi anlamayanda dərhal özümüzü haqlı çıxarırıq. Bəzən də incikliyimizi buraxmaq istəmirik. Çünki o inciklik bizə qəribə şəkildə rahat gəlir. Bu rahatlıq çox təhlükəlidir. İnsan öz yarasına o qədər bağlana bilər ki, sağalmaq ona yad gələr. “Yeraltından qeydlər” rahat oxunan kitab deyil. Bəzən yorur. Amma elə yerdən yorur ki, kitabı yox, özünü düşünməyə başlayırsan. Hadisə çox deyil. Böyük macəra yoxdur. Amma içində ağır bir səs var. O səs bəzən əsəbiləşdirir, bəzən adamı sıxır, bəzən də sakitcə tutub saxlayır və soruşur: “sən özünü nə qədər tanıyırsan?” Məncə, bu kitabın əsas sualı budur. Yeraltı hardadır?

Məncə, çox uzaqda deyil. Yeraltı bəzən insanın içində saxladığı inciklikdir. Demədiyi sözlərdir. Bağışlamaq istəmədiyi adamlardır. Özünü haqlı çıxarmaq üçün qurduğu bəhanələrdir. Sevilmək istəyib, sevgi gələndə onu itələməsidir. Dəyişmək istəyib, dəyişməkdən qorxmasıdır. Hər kəsin içində belə bir otaq var. Kimisi ora az-az düşür. Kimisi illərlə orada yaşayır. Kimisi qapını açıb işıq salmağa çalışır. Kimisi isə qaranlığa elə alışır ki, onu artıq qaranlıq saymır. Dostoyevski bu kitabda bizə gözəl, rahat, nümunəvi insan göstərmir. Əksinə, çox narahat, ziddiyyətli bir adam göstərir. Amma elə buna görə təsir edir. Çünki insan həmişə aydın, təmiz və rahat olmur. Bəzən insan özünə də dözə bilmir. Bəzən başqasını incidib sonra özü də niyə elədiyini anlamır. Bəzən “mən belə adamam” deyib öz səhvini xarakter kimi göstərir. Bəzən də dəyişmək istəyir, amma dəyişsə, illərdir sığındığı bəhanələri itirəcəyindən qorxur. Bu kitab mənə bunu düşündürdü: insanın ən çətin mübarizəsi çox vaxt başqaları ilə deyil, öz içində qurduğu qaranlıq yerlərlə olur. Və bəlkə də ilk addım həmin qaranlığı görməkdir.
“Yeraltından qeydlər”i bu gün bitirdim. Amma hiss edirəm ki, kitab hələ tam bitməyib. Çünki belə kitablar son səhifədə qurtarmır. Gündəlik həyatda bir sözə inciyəndə, kiməsə haqsız cavab verəndə, susmalı olduğun yerdə qürurla danışanda, ya da danışmalı olduğun yerdə içinə çəkiləndə yenidən yadına düşür. Və adam özündən soruşur: Mən indi həqiqətən haqlıyam, yoxsa sadəcə öz yeraltımı qoruyuram? Çünki bəzən insanın ən çətin işi qaranlıqdan çıxmaq deyil. Əvvəlcə orada yaşadığını boynuna almaqdır.
Reportyor.az
Sərkərdə Sərxanoğlu
KARUSEL / CƏMİYYƏT / YAZARLAR
Tarix: Dünən, 12:40



























