“Cinayət bir anlıqdır, cəza isə ömürlük”

Bəzən elə kitablar var ki, onları oxuyub kənara qoymursan. Kitabı bağlayırsan, amma o səni buraxmır. Fikirlərində, suallarında, gecə yuxunda, gündüz addımlarında səninlə gəzir.
Dostoyevskinin “Cinayət və Cəza”sı mənim üçün məhz belə bir kitabdır. Bu əsəri oxuyanda elə bil romanı sən oxumursan, roman səni oxuyur. Hər dəfə fərqli yaşda, fərqli yük altında, fərqli vicdan halında açırsan və hər dəfə səndən başqa bir hesab soruşur.
Mən bu kitabı ilk dəfə oxuyanda Raskolnikov mənə sadəcə ağır günlərin qəhrəmanı kimi görünmüşdü: kasıb tələbə, çarəsizlik, pul dərdi, ailə məsuliyyəti, sələmçi qoca... Yəni “şərait məcbur elədi” deyilən klassik hekayə. İllər keçdikcə anladım ki, Raskolnikovun mübarizəsi, əslində, kasıblıqla yox, öz içində qurduğu təhlükəli “mən kiməm?” sualı ilədi. O, sadəcə sələmçini öldürmür. Öz vicdanının üstünə də balta qaldırır.
Raskolnikov beynində qəribə bir nəzəriyyə gəzdirməyi sevir: guya insanlar iki yerə bölünür – “sadə kütlə” və “xüsusi insanlar”. Qanuna tabe olanlar və qanundan yuxarıda dayanmağa haqqı olanlar. O, bu sualla yaşayır: “Mən hansı kateqoriyadayam? Qarışqa kimi sıradan bir insanam, yoxsa Napaleon kimi tarixi dəyişə biləcək biri?” Cinayət də bir az burdan doğur. O, qocanı öldürməklə sanki dünyaya yox, özünə sübut eləmək istəyir: “Mən fərqli adamam!”
Amma Dostoyevskinin dahiliyi budur ki, cinayətin özünü çox tezliklə arxa plana atır. Əsl mövzu təkcə “kimi öldürdü?” sualı deyil, “bu insan bundan sonra içində nələr yaşayır?” sualıdır. Raskolnikov üçün ən ağır cəza məhkəmədə, polis idarəsində yox, öz beynində başlayır. Hər şey “normal” gedirmiş kimi görünür, amma o artıq içində dağılır. Gecələr yuxusuzluq, sayıqlamalar, öz-özünə danışmalar, əsəbi addımlar... Bir yerdən sonra görürsən ki, həbsxana bəzən dörd divardan ibarət bir yer deyil, insanın öz başının içidir.
Bu kitabda məni ən çox düşündürən həqiqət budur: insanı cinayətə aparan nədir? Yoxsulluq? Cəmiyyətin ədalətsizliyi? Sistem? Uşaqlıq yaraları? Yoxsa bunların arxasında gizlədilən öz qürurumuz? Raskolnikovun bəhanələri kifayət qədər realdır: işi yoxdur, pulu yoxdur, ailəsi ondan asılıdır, sələmçi qoca isə amansızdır. Amma Dostoyevski sanki pıçıldayır: “Bunların hamısı doğrudur, amma yenə də insanı öldürmək haqqı vermir. Sadəcə içindəki qaranlıq tərəfi ört-basdır etmək üçün bəhanə verir”.

Sonya obrazına isə hər dəfə qayıdanda başqa şey görürəm. O, nə filosofdu, nə hakim, nə də “böyük ideyalar adamı”. Sadə, amma içi işıqlı bir insandır. Raskolnikovun ağlı hər şeyi “izah etməyə”, “əsaslandırmağa” çalışır. Sonya isə izah eləmir, sadəcə dinləyir, yanındadır, susur. Onun sevgisi də, mərhəməti də gurultusuzdur. Biri hər şeyi başı ilə həll eləməyə çalışır, o biri isə ürəkdən çəkdiyi bir xəttlə deyir: “Burda dayan, burdan o yana keçmə”.
Porfiri ilə Raskolnikovun söhbətləri də ayrıca bir məktəbdir. O klassik “polis” kimi davranmır. Sanki bir hakim yox, psixoloq, bəlkə də müəllimdir. O, Raskolnikovu sadəcə tutmaq istəmir, onu həqiqətə gətirmək istəyir. Sualları, sükutu, dolayısı ilə dedikləri – bunlar hamısı oxucunu da küncə sıxır. Bir an gəlir, sən artıq təkcə Raskolnikovun deyil, öz həyatındakı bəhanələrin, “mən haqlıydım” dediyin yerlərin sorğusunu verməyə başlayırsan.
Məni ən çox təsirləndirən məqamlardan biri Raskolnikovun etiraf anıdır. Cinayətdən sonra uzun müddət özünü “böyük insan” hesab edir, başqalarından fərqli gördüyünü düşünür. Amma ən böyük addımı o vaxt atır ki, öz zəifliyini boynuna alır. Polisə getməzdən əvvəl o, artıq içində təslim olmuşdu. Həqiqi dönüş nöqtəsi də elə budur: insan özünü haqlı çıxarmağı buraxanda dəyişməyə başlayır. Qürurun sındığı yerdə, bəzən insan əvvəlkindən daha ucalıqdadayanır.
“Cinayət və Cəza”nı oxuyanda adam istər-istəməz bir az Raskolnikov olur. Çünki həyatımızda elə anlar olur ki, biz də özümüzə belə deyirik:
“Başqa çıxış yolum yox idi”,
“şərait məni məcbur elədi”,
“məcbur qalmışdım”.
Bu kitab sənə sakit, amma sərt bir sual verir: “Yaxşı, bəs vicdanın nə deyir?” Cəza həmişə barmaqlıqlarla başlamır. Bəzən illərlə içimizdə gəzdirdiyimiz bir “kaş etməzdim” cümləsi ən ağır cəzaya çevrilir. Dostoyevski bunu roman boyu bir dəfə də olsun açıq yazmır, amma hər səhnədə hiss etdirir.
Bu əsərdə Peterburqun boz küçələri, dar otaqlar, kasıb ailələr, küçə səhnələri var, amma əslində Dostoyevski nə şəhəri, nə də dövrü yazır. O, insan beynini yazır. Xaricdə gördüyümüz hər şey içimizdəki bir hissə bağlanır: qorxuya, qürura, qəzəbə, mərhəmətə, ümidsizliyə.

Və bəlkə də bu yazını oxuyan sən, dostum, “Cinayət və Cəza”ya ya heç başlamamısan, ya da haradasa yarıda saxlamısan. Bu əsər tələsik oxunası kitab deyil. Bu kitabdan “hadisə” gözləsən, darıxarsan. Ondan “hesab” gözləyən isə nəsə qazanır. Çünki burada sual həmişə eynidir: “Əgər Raskolnikovun yerinə sən olsaydın, nə edərdin?”
Hər kəs bu romanda birinə bənzəyir: bir az Raskolnikov, bir az Sonya, bir az Porfiri, bəzən də kənardan mühakimə edib öz həyatında eyni şeyləri edən tamaşaçı. Ona görə də bu kitab bitmir. Sən dəyişdikcə, o yenidən başladır.
Dostoyevski sanki bizə deyir: cinayət bəzən bir anlıq hərəkətdir, amma cəza bütün bir ömrə yayıla bilər. Və insanı xilas edən qanundan qorxması yox, vicdanını tamamilə susdurmamasıdır. Əgər bir gün bu kitabı əlinə alarsansa, tələsik oxuma. Səbrlə oxu, sual verə-verə oxu, və ən əsası – özündən qaçmadan oxu. Bəlkə də orada səfil olan da, cinayətkar olan da, bağışlanmaq istəyən də, dəyişməkdən qorxan da elə sənin içindədir.
Sərkərdə Sərxanoğlu
Reportyor.az
KARUSEL / YAZARLAR
Tarix: 5-01-2026, 12:05



























