mobil versiya

Mütəxəssis: Quş ətindən hazırlanan kolbasa və sosiskalarda hətta peyinin də emal prosesinə daxil edilməsi barədə məlumatlar mövcuddur



Bazarlarda və bəzi marketlərdə çox aşağı qiymətə satılan kolbasa və sosislər istehlakçılar arasında həm maraq, həm də narahatlıq yaradır. Xüsusilə tərkibi və istehsalçı məlumatı tam göstərilməyən məhsulların satışda olması qida təhlükəsizliyi ilə bağlı sualları artırır. Aşağı qiymət bir çox ailə üçün cəlbedici olsa da, keyfiyyət və sağlamlıq məsələsi daha vacib hesab olunur.
Ucuz kolbasa və sosislərin müntəzəm istehlakı sağlamlıq üçün nə dərəcədə təhlükəlidir? Bu cür məhsulların keyfiyyətinə və tərkibinə dövlət nəzarəti daha da sərtləşdirilməlidirmi?

Mövzu ilə bağlı “AzPolitika.info”ya açıqlama verən Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib ki, ət məhsulları ilə bağlı şikayətlər və monitorinqlər artıq uzun müddətdir davam edir.


Onun sözlərinə görə, aparılan monitorinqlərin nəticələri bazarlarda, marketlərdə və digər satış məntəqələrində satılan ətlərin əhəmiyyətli hissəsinin keyfiyyətsiz olduğunu göstərir. Bu problem həm iri buynuzlu heyvanların, həm də quş ətlərinə aiddir:“Məhsulun qiyməti hər zaman keyfiyyət göstəricisi olmasa da, hər bir məhsulun müəyyən maya dəyəri var. Əgər məhsul həmin dəyərdən xeyli aşağı qiymətə satılırsa, bu, şübhə doğurmalıdır. Əgər toyuq ətinin bir kiloqramının bazar qiyməti minimum 5-6 manat olduğu halda, kolbasalar 2 manata təklif edilirsə, bu, məhsulun sağlamlıq baxımından problemli və ya xəstə heyvanlardan əldə olunması ehtimalını artırır. Buna görə də sağlamlığına önəm verən insanların belə məhsullardan uzaq durması tövsiyə olunur”.
Ekspert vurğulayıb ki, xüsusilə yay aylarında havanın temperaturu yüksək olduğundan ət məhsullarının açıq hava şəraitində satılması, hətta keyfiyyətli məhsul olsa belə, onun tərkibinin dəyişməsinə və təhlükəli hala gəlməsinə səbəb ola bilər: “Bu məsələ kolbasa və sosiska məhsullarına da aiddir. Keyfiyyətli kolbasa tam ət hissəsindən hazırlanmalı, qığırdaq, sümük və digər yeyilməyə yararsız hissələrdən istifadə edilməməlidir. Lakin hazırda bir çox istehsal müəssisələrində kolbasa istehsalı zamanı heyvanın dərisi, sümükləri və digər yararsız hissələrindən istifadə olunur. Bəzi hallarda isə quş ətindən hazırlanan kolbasa və sosiskalarda tüklərin, hətta peyinin də emal prosesinə daxil edilməsi barədə məlumatlar mövcuddur”. (AzPolitika.info)

Reportyor.az 










KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 15:16