Azad görünürük, amma əslində əsirik – “Səfillər”i yenidən oxuyarkən

Bəzən elə kitablar var ki, insan onları bir dəfə oxuyub bağlamır. Hər dəfə bir az fərqli yaşda, fərqli düşüncədə, fərqli ruh halında oxuyursan və fərqli bir pəncərə açılır içində. Viktor Hüqonun *“Səfillər”*i mənim üçün məhz belə bir əsərdir. Bu yaxınlarda üçüncü dəfə oxuyub bitirdim – və inanın, bu dəfə başqa cür düşündüm, başqa cür hiss etdim. Elə bil eyni kitabı yox, eyni insanın fərqli taleyini oxuyurdum.
Məsələn, əvvəllər Jan Valjan mənə güclü bir iradə nümunəsi kimi görünürdü. Zaman keçdikcə anladım ki, onun mübarizəsi təkcə yoxsulluqla, qanunla, yaxud keçmişlə deyil – öz içindəki qaranlıqla idi. Cəmiyyətin "cinayətkar" möhürünü alnına vurduğu bir insanın mərhəmətə çevrilməsi, bağışlanmağa layiq bir insan kimi formalaşması bu gün də aktualdır. Bəli, Hüqo 19-cu əsri yazırdı. Amma əslində bizi yazırdı. Bugünün insanını, bugünün məhkəmələrini, bugünün vicdan azadlığını.
"Səfillər"də məni ən çox sarsıdan həqiqət budur: bir çörək üçün 19 il həbsdə qalan Valjan azadlığa çıxdıqdan sonra ən ağır yükü azadlıqda daşımalı oldu – keçmişini. Düşünürəm ki, bu gün də çox insan azad görünür, amma içində yaşadığı keçmişin, cəmiyyətin baxışlarının əsiridir. Hüqo sanki deyirdi: bəzən insanı həbsxana yox, baxışlar içəri salır.
Son dəfə oxuyanda isə diqqətimi çəkən başqa bir şey oldu — Marius və Kozettanın xəyal dolu sevgisi ilə Valjanın səssiz, fədakar sevgisi arasındakı fərq. Bu məndə bir sual yaratdı: həqiqətən sevgi səs-küyləmi olur, yoxsa susaraq qurban verməklə? Hüqo əsərində bu sualın cavabını heç özü də aydın şəkildə vermir. Amma oxucunun qəlbində iz qoyur.

Bu əsəri oxuyanda hər kəs bir az Jan Valjan olur, bir az da onu mühakimə edən Javer. Həm içimizdəki mərhəmətlə üzləşirik, həm də daşlaşmış qərəzlərimizlə. Ona görə bu kitab bitmir. Çünki hər dəfə oxuyanda, içimizdə hansı hisslər sağdırsa, o hisslər cavab verir Hüqoya.
Və bəlkə də bu yazını oxuyan sən, dostum, bu kitabı heç oxumamısan. Oxusan, məncə özünü tapacaqsan. Səfil olan təkcə Jan Valjan deyil. Bəzən hisslərini gizlədən, başqalarının gözündə yaşamaqdan yorulan, keçmişin yükündən azad olmaq istəyən hər kəs bir növ səfildir. Hüqo isə bizə ümid verir: səfil olmaq utanc deyil — dəyişməkdən qorxmaqdır əsl faciə.
Əziz dostlar, "Səfillər"i bir dəfə oxuyun. Amma səbrlə oxuyun, hisslərlə oxuyun, və ən əsası – vicdanınızla oxuyun.
Sərkərdə Sərxanoğlu
Sərkərdə Sərxanoğlu
KARUSEL / YAZARLAR / REDAKTOR SEÇİMİ
Tarix: 25-06-2025, 16:06