mobil versiya

Bu gün Beynəlxalq Pələng Günüdür




Hər il iyulun 29-da bütün dünyada Beynəlxalq Pələng Günü qeyd olunur.

Bu gün 2010-cu ildə Sankt-Peterburqda yırtıcı heyvan olan pələnglərin populyasiyasının qorunmasına həsr edilmiş "Pələng Sammiti" adlı beynəlxalq forumda təsis edilib.
Həmin tarixin təsis olunmasının təşəbbüskarları forumda iştirak edən və hələ də pələnglərin təbii şəkildə yaşadığı 13 dövlət olub. Forum zamanı həmçinin 2010–2022-ci illəri əhatə edən pələng populyasiyasının bərpası proqramı hazırlanaraq qəbul edilib. Proqramın əsas məqsədi həmin dövr ərzində dünyadakı pələnglərin sayını iki dəfə artırmaq idi.
Pələng beynəlxalq səviyyədə qorunan növlər sırasındadır. O, Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) Qırmızı Siyahısına və müxtəlif ölkələrin nadir növlərin mühafizəsinə dair rəsmi sənədlərinə daxil edilib. Pələng ovuna tam qadağa hələ 1947-ci ildən qüvvədədir. 1955-ci ildə isə pələng balalarının tutulması qadağan edilib, sonradan isə bu sahədə çox sərt məhdudiyyətlər tətbiq olunub.
Təəssüf ki, bu gün vəhşi təbiətdə cəmi təxminən 5 min pələng qalıb. Son yüz il ərzində onların sayı 25 dəfə azalıb və hazırda bu möhtəşəm heyvanlar nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir. Əksər hallarda onlar brakonyerlərin qurbanına çevrilirlər. Bu problem dünyanın təbiəti mühafizə təşkilatlarını ciddi şəkildə narahat edir.
Lakin görülən mühafizə tədbirləri nəticəsində 2020-ci ildə mütəxəssislər dünyada pələnglərin sayının artdığını qeyd ediblər. Təkcə Hindistanda vəhşi pələnglərin sayının 2600–3350 baş arasında olduğu müəyyən edilib ki, bu da dünya üzrə ümumi pələng populyasiyasının təxminən 75 faizini təşkil edir. Nepalda isə 2009-cu ildə 121 pələng olduğu halda, 2020-ci ildə onların sayı 235-ə çatıb. Oxşar vəziyyət Butan və Çində də müşahidə olunur – burada pələnglərə daha tez-tez rast gəlinir. Bu isə onların qorunması istiqamətində görülən tədbirlərin səmərə verdiyini göstərir. Rusiya da pələnglərin sayının artdığı ölkələr sırasındadır. Dünyanın ən iri pələngi olan Amur pələnginin populyasiyasının 95 faizi Rusiya Federasiyasının ərazisində yaşayır.
Beynəlxalq Pələng Gününün əsas məqsədi ictimaiyyəti pələnglərin məhv olmaq təhlükəsi və onların qorunması yolları barədə məlumatlandırmaqdır. Həmin münasibətlə dünyanın müxtəlif ölkələrində tematik sərgilər, televiziya proqramları, karnavallar, fləşmoblar, zooparklarda ekskursiyalar, xeyriyyə və maarifləndirici tədbirlər və digər aksiyalar keçirilir.

Məlumat üçün maraqlı faktlar

Pələng quruda yaşayan ən böyük yırtıcılardan biridir və çəkisinə görə yalnız ağ ayı və qonur ayından geri qalır. Erkək pələnglərin çəkisi 275 kiloqrama, bəzi hallarda isə 320 kiloqrama çata bilir. Onların bədən uzunluğu (quyruq nəzərə alınmadan) 2,5–2,8 metr, kürək hündürlüyü isə 1 metrdən çox olur.
Hər bir pələngin bədənindəki zolaqların düzülüşü tamamilə fərdidir. Bu xüsusiyyət insan barmaq izləri kimi, ayrı-ayrı pələnglərin tanınması və identifikasiyası üçün istifadə olunur. Pələngin quyruğunun ucu isə həmişə qara rəngdə olur.
Pələnglər çox yaxşı üzürlər. Ov zamanı onlar 5 metr hündürlüyə, 10 metr uzunluğa tullana və saatda təxminən 60 kilometr sürətlə qaça bilirlər.
Elmə məlum olan doqquz pələng yarımnövündən hazırda yalnız altısı qorunub saxlanılıb:
Benqal pələngi ən çoxsaylı yarımnövdür (növün ümumi sayının təxminən 40 faizini təşkil edir) və Hindistan, Banqladeş, Butan, Nepal ərazilərində yayılıb.
Amur pələngi isə ən nadir (təxminən 11 faiz) və bütün məlum yarımnövlər arasında ən irisi hesab olunur. O, Rusiyanın Primorsk və Xabarovsk diyarlarında, həmçinin Çinin şimal-şərqində yaşayır.
Malay pələngi yalnız 2004-cü ildə ayrıca yarımnöv kimi tanınıb və Malayziyanın Malakka yarımadasında məskunlaşıb.
Çində Çin pələngi, Myanma, Tailand, Laos, Kamboca və Vyetnamda isə Hind-Çin pələngi yaşayır.
Mövcud yarımnövlər arasında ən kiçiyi (təxminən 150 kiloqram) Sumatra pələngidir və yalnız İndoneziyanın Sumatra adasında rast gəlinir. (Azərtac)

Reportyor.az 




MARAQLI / KARUSEL
Tarix: Bu gün, 10:39