mobil versiya

“Aztəminatlı ailələrə hüquqi yardımın göstərilməsi” layihəsinin icrası yekunlaşıb




“Güzəran” Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Aztəminatlı ailələrə hüquqi yardımın göstərilməsi” layihəsini yekunlaşdırıb.


Layihənin əsas məqsədi regionlarda yaşayan aztəminatlı ailələrin, o cümlədən qadınların hüquqi yardıma çıxış imkanlarının genişləndirilməsi, hüquqi maarifləndirmə səviyyəsinin artırılması və onların hüquqlarının daha effektiv müdafiəsinə dəstək göstərilməsi olub.

Layihə çərçivəsində Quba rayonunda əhalinin müxtəlif hüquqi məsələlər üzrə məlumatlandırılması, hüquqlarının müdafiəsinə dəstək göstərilməsi və qarşılaşdıqları problemlərin hüquqi müstəvidə həlli yollarının izah edilməsi məqsədilə ödənişsiz hüquqi yardım xidmətləri təşkil olunub. Hüquqi yardım çərçivəsində ümumilikdə 27 vətəndaşın müraciətinə baxılıb. Müraciət edənlərin 19-u kişi, 8-i qadın olub. Hüquqi yardım alan şəxslər arasında 1 Vətən müharibəsi qazisi və 2 əlilliyi olan şəxs də yer alıb.

Vətəndaşlara əmlak və vərəsəlik, kommunal ödənişlər, istehlakçı hüquqları, işsizlik və məşğulluq, səhiyyə xidmətləri, kredit öhdəlikləri, səfərbərlik, əfv, xaricdə təhsil və digər hüquqi məsələlər üzrə məsləhətlər verilib, onların hüquqi problemlərinin həlli yolları izah olunub.

Layihənin icrası zamanı daxil olan müraciətlərin müxtəlif sahələri əhatə etməsi regionlarda vətəndaşların fərqli hüquqi məsələlər üzrə məsləhət və maarifləndirmə xidmətlərinə ehtiyacının olduğunu göstərib. Xüsusilə əmlak və vərəsəlik məsələləri üzrə müraciətlərin yüksək olması bu istiqamətdə hüquqi məlumatlandırmanın və fərdi hüquqi məsləhət xidmətlərinin əhəmiyyətini önə çıxarıb.

“Güzəran” Sosial Araşdırmalar İctimai Birliyi layihə vasitəsilə aztəminatlı və sosial həssas qruplara daxil olan vətəndaşların hüquqi yardıma çıxışının yaxşılaşdırılmasına, onların öz hüquqları barədə məlumatlılığının artırılmasına və mövcud hüquqi problemlərinin həlli üçün düzgün istiqamətləndirilməsinə töhfə verməyi hədəfləyib.



Reportyor.az 


 
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 17:26