Efiopiya prezidenti Tiqrayda yenidən başlayan döyüşlər fonunda "müdaxilə" barədə xəbərdarlıq edib

BMT Baş Assambleyasında çıxış edən Efiopiya prezidenti ölkənin şimalındakı Tiqray bölgəsində yenidən alovlanan döyüşlərə görə "xarici qüvvələri" ittiham edib.
Taye Atske Selassienin bəyanatları, görünür, uzun müddətdir gərgin münasibətlərdə olduğu Misir və Eritreyaya ünvanlanıb.
Eritreya ilə fikir ayrılıqları əsasən sərhəd, təhlükəsizlik və regional məsələlərlə bağlı olduğu halda, Misirlə gərginlik Nil çayının idarə olunması və Efiopiyanın "Böyük Renessans" bəndi məsələsi ətrafında yaranıb.
Son günlər Tiqrayda döyüşlərin yenidən şiddətlənməsi iki il davam edən dağıdıcı müharibəyə son qoyan 2022-ci il sülh sazişini pozub.
Üsyançı qruplar Baş nazir Abiy Əhmədin hökumətini devirmək məqsədilə silahlı mübarizə üçün ittifaq yaradıblar.
Taye Assambleyada bildirib ki, ölkənin daxili işlərinə davamlı xarici müdaxilələrə baxmayaraq, Efiopiya "böyük təmkin" nümayiş etdirib.
O qeyd edib ki, ölkə Afrikanın ən firavan və dinamik inkişaf mərkəzlərindən birinə çevrilmək əzmində qərarlıdır.
"Dağıntı və xaos qüvvələrinə mesajımız açıq və aydındır. Biz onları Afrika Buynuzu xalqının sülh və firavanlıq içində yaşamaq kimi müqəddəs hüququna hörmət etməyə çağırırıq".
Yenidən başlayan döyüşlərdə əsas tərəflər Efiopiya federal qoşunları və Tiqrayda fəaliyyət göstərən silahlı siyasi qrup olan Tiqray Xalqının Azadlıq Cəbhəsinə (TPLF) sadiq döyüşçülərdir.
Keçən həftə TPLF və digər altı müxalif qrup, əsas müxalif qüvvələrin boykot etdiyi iyun seçkilərində yenidən hakimiyyətə gələn Abiyin "Renessans" (Prosperity) Partiyasını devirmək üçün ittifaq yaratdıqlarını elan ediblər.
BMT və Avropa İttifaqı təmkinli olmağa və yüz minlərlə insanın həyatına son qoyan münaqişəyə yekun vuran, Afrika İttifaqının vasitəçiliyi ilə əldə edilmiş sülh prosesinə qayıtmağa çağırıb.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 11:49


























