Roma Papası 18 ildən sonra ilk rəsmi səfərlə Fransaya gəlib

Roma Papası XIV Leo cümə günü Fransaya gəlib; bu, Vatikanın həmin Avropa ölkəsinə son 18 ildəki ilk rəsmi səfəridir. Səfərin gündəliyində əsas yerləri süni intellekt, gənc inanclılar və qitənin gələcəyi tutur.
Atası tərəfdən nənəsi Fransada doğulmuş bu pontifikin dörd günlük səfər üçün Paris yaxınlığında yerə enməsi ilə ölkə boyu kilsə zəngləri çalınıb.
Prezident Emmanuel Makron və həyat yoldaşı Brijit hava limanında – təyyarə meydançasında qırmızı xalça döşənmiş ərazidə – 71 yaşlı papanı qarşılayıblar. Bu, 2008-ci ilin sentyabrında XVI Benediktin səfərindən bəri Vatikan rəhbərinin həyata keçirdiyi ilk rəsmi səfərdir.
"Mən dünyaya sülhü – İsanın sülhünü – bəyan etmək istəyən İsa Məsihin bir davamçısı kimi, dünyanın istənilən digər yerinə olduğu kimi, Fransaya da səfər edirəm", - deyə Papa Leo təyyarədə jurnalistlərə bildirib.
O qeyd edib ki, bu mesaj hazırkı dövrdə "xüsusilə vacibdir".
Səfərin ilk iki günü ərzində Parisdə keçiriləcək tədbirlərdə bir milyon insanın iştirakı gözlənilir.
Apostol səfərinin kulminasiya nöqtəsi şənbə günü pontifikin rəhbərliyi ilə Konkord meydanında və ona bitişik Yelisey çöllərində (Champs-Élysées) keçiriləcək möhtəşəm messə (dini mərasim) olacaq.
Papa Leo həmçinin bütün dünyadan olan xristianların ziyarət yeri olan Lurdu və Almaniya sərhədi yaxınlığında yerləşən, eləcə də hazırkı Avropa İttifaqının qurucularından biri olan Rober Şumanla sıx bağlılığı ilə tanınan Mets şəhərini ziyarət edəcək.
"Papanın səfəri mənə çətinliklərlə dolu dünyada bir rahatlıq hissi bəxş edir", - deyə 76 yaşlı Andree Etyen bildirib və əlavə edib ki, Yelisey çöllərindəki messədə iştirak etməyi səbirsizliklə gözləyir.
"Düşünmürəm ki, ömrüm boyu bir daha belə miqyaslı bir hadisəyə şahidlik edəcəyəm".
Makronu əvəzləyəcək şəxsin müəyyən ediləcəyi və ifrat sağçıların hakimiyyətə can atdığı seçkilərə yeddi ay qalmış papanın süni intellektin təhlükələri və miqrasiya böhranından tutmuş, din xadimləri tərəfindən törədilən cinsi zorakılıq və Avropada sülh məsələlərinə qədər müxtəlif mövzulara toxunacağı gözlənilir. Dünyadakı 1,4 milyard katoliqin lideri cümə günü prezident sarayına səfər edəcək; bundan sonra o, UNESCO-nun mənzil-qərargahında süni intellektin tənzimlənməsi zərurətinə həsr olunmuş çıxış edəcək.
"Ona yaxın olmaq"
Cümə günü daha sonra Roma Papası Parisin mərkəzindəki Notr-Dam (Notre Dame) katedralinə "papamobil"də 2,5 kilometrlik (1,5 mil) yürüş edərək izdihamı salamlayacaq. O, 2019-cu ildə baş vermiş dağıdıcı yanğından sonra aparılan bərpa işlərini nəzərdən keçirən ilk Roma Papası olacaq.
Onun sələfi Papa Fransisk — Fransaya üç dəfə səfər etsə də, heç vaxt rəsmi səfər həyata keçirməmişdi — qotik memarlıq incisi sayılan bu katedralin 2024-cü ilin sonlarında keçirilən yenidən açılış mərasimində iştirak etməmişdi; həmin tədbirdə qonaqlar arasında o vaxtkı seçilmiş prezident Donald Tramp və milyarder İlon Mask da var idi.
Perudan olan 71 yaşlı Karmen Kintana izdihamın arasında olacağını bildirib.
"Ona yaxın ola biləcəyimiz üçün çox şadıq", — deyə o, Peruda iyirmi il missioner kimi fəaliyyət göstərmiş və həm də Peru vətəndaşlığına malik olan pontifik haqqında danışarkən bildirib.
Səfər proqramının yekununda o, Parisin şəhərətrafı ərazisi olan Sen-Denidəki (Saint-Denis) stadionda 17-35 yaş arası 80 min gənc inanclı ilə birlikdə kütləvi dua və ilahilər mərasimində iştirak edəcək.
İsanın Əzab Çəkmə (Passion) dövründə geyindiyi güman edilən müqəddəs bir əşya (tunik) bu münasibətlə yaxınlıqdakı Sen-Deni Katedralindən stadiona gətiriləcək.
Keçən il aparılan sorğuya əsasən, abort hüququnu konstitusiyada təsbit edən və bəzi xəstələr üçün yardımçı ölüm (evtanaziya) prosedurunu təsdiqləyən dərin dünyəvi xarakterli Fransada 69 milyon əhalinin yalnız təxminən beş faizi müntəzəm olaraq katolik kilsəsinə gedir.
Lakin son illərdə körpələrin vəftiz olunması halları azalsa da, yeniyetmələrin və böyüklərin vəftiz olunması artır və minlərlə insan bu inancı qəbul etməyi seçir.
Fransa prezidenti şənbə günü keçiriləcək nəhəng kütləvi ayində iştirak etməyəcək, lakin ifrat sağçı lider Marin Le Pen və mərkəzçi siyasətçi Eduard Filipp də daxil olmaqla, prezidentliyə bir neçə namizəd tədbirdə iştirak edəcəklərini təsdiqləyiblər. Avropada sülh
Parisdən sonra Papa Leo Fransanın cənub-qərbində yerləşən və Katolik ənənəsinə görə 1858-ci ildə Müqəddəs Məryəmin bir kəndli qıza mağarada göründüyü yer kimi tanınan Lurd şəhərinə yola düşəcək.
O, bazar günü Lurdda din xadimləri tərəfindən cinsi istismara məruz qalmış yeddi nəfərlə görüşüb söhbət edəcək.
2021-ci ildə aparılan araşdırma nəticəsində məlum olub ki, yeddi onillik ərzində Fransada təxminən 330 000 nəfər azyaşlı olduqları dövrdə Kilsənin din xadimləri və ya dünyəvi üzvləri tərəfindən istismara məruz qalıb.
Son illərdə xeyriyyəçilik simvolu olan Abbe Pyer və Lurd yaxınlığındakı katolik internat məktəbinin əməkdaşlarına qarşı da yeni ittihamlar irəli sürülüb.
Səfərinin son mərhələsində – bazar ertəsi Mets şəhərində – Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalının beşinci ilinə qədəm qoyduğu bir vaxtda, Leonun Avropada sülh mövzusunda çıxış etməsi gözlənilir.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 17:00


























