mobil versiya

Lahor Ali Məhkəməsi (LHC) Alima Xanın 3-MPO əsasında saxlanılması ilə bağlı hesabat tələb edib






Lahor Ali Məhkəməsi (LHC) "Pakistan Təhrik-i-İnsaf" (PTI) partiyasının təsisçisi İmran Xanın bacısı Alima Xanın saxlanılmasına qarşı verilmiş ərizə ilə əlaqədar aidiyyəti qurumlardan hesabat tələb edib.

Pakistan yerli mediası bu barədə xəbər verir. 

Alima sentyabrın 20-də Lahorda polis tərəfindən "İctimai Asayişin Qorunması haqqında" 1960-cı il tarixli Qanunun (MPO) 3-cü maddəsi əsasında saxlanılıb və Kot Laxpat həbsxanasına köçürülüb.

Bir gün sonra, polisin tövsiyəsi əsasında onun bacıları Nərin Niyazi və Uzma Xan da 3-MPO maddəsi ilə saxlanılıblar.

Bu həbslər PTI-nin ölkə miqyasında keçirəcəyi etiraz aksiyaları, o cümlədən İmran Xanın azad edilməsi və Konstitusiyanın aliliyinin təmin olunması tələbi ilə sentyabrın 27-də İslamabada planlaşdırılan yürüş ərəfəsində baş verib.

Daha sonra Alima Xanın oğlu anasının və onun sürücüsünün saxlanılmasına etiraz edən ərizə ilə məhkəməyə müraciət edib.

LHC-nin hakimi Abhar Gül Xan bu gün ərizəyə baxıb; iclasda vəkil Rana Mudassir saxlanılma qərarının qanunsuz olduğunu və faktlara ziddiyyət təşkil etdiyini bildirib.

"Dünən Baş hakim İlk Məlumat Hesabatının (FIR) tərtibatı ilə bağlı göstərişlər vermişdi", - deyə bildirən vəkil, həmçinin Alima üçün həbsxanaya dərman və paltar keçirilməsinə icazə verilmədiyini qeyd edib.

O, məhkəmədən polis rəisi və rayon administrasiyası rəhbərini (deputy commissioner) şəxsən məhkəməyə çağırmağı və məsələ ilə bağlı onları dindirməyi xahiş edib.

Mudassir məhkəmədən Alimaya dərman və paltar verilməsi barədə göstəriş verməyi istəyib.

Hakim Xan bildirib ki, bu məsələyə ayrıca bir əlavə ərizə vasitəsilə baxılmalıdır.

Daha sonra məhkəməyə Alimaya həbsxanada dərman və paltar verilməsi, həmçinin ailəsi və vəkilləri ilə görüşünə şərait yaradılması tələbi ilə ərizə təqdim edilib. Ərizəçi Pəncab Daxili İşlər Departamentini və digər qurumları iş üzrə cavabdeh tərəf kimi göstərib.

Cümə axşamı hakim Xan Nərin Niyazi və Uzmanın 3-MPO əsasında saxlanılmasına etiraz edən ərizələrlə bağlı Pəncab hökumətinə və digər cavabdehlərə bildirişlər göndərib.

Məhkəmə bu mərhələdə saxlanılma qərarlarının icrasının dayandırılması barədə vəsatəti rədd edib və cavabdehlərə bildirişlər göndərərək onlardan cavab tələb edib.

Reportyor.az 



KARUSEL / DÜNYA
Tarix: Bu gün, 13:51