Lahor Ali Məhkəməsi İmranın bacılarının həbs qərarlarının dərhal dayandırılması ilə bağlı vəsatətləri rədd edib

Lahor Ali Məhkəməsi (LHC) cümə axşamı günü "Pakistan Tehreek-e-Insaf" (PTI) partiyasının qurucusu İmran Xanın bacıları Nərin Niyazi və Dr. Uzma Xanın "İctimai Asayişin Qorunması" (MPO) qanunu əsasında həbs edilməsinə etiraz edən vəsatətlərlə bağlı Pəncab hökumətinə və digər cavabdehlərə rəsmi bildirişlər göndərib.
Yerli mətbuatın yazdığına görə, Lahorun inzibati rəhbəri (deputy commissioner) polisin tövsiyəsinə əsasən, sentyabrın 21-də MPO-nun 3-cü maddəsinə uyğun olaraq iki bacının 30 gün müddətinə həbs edilməsi barədə qərar vermişdi.
Daha sonra Nərin və Uzma, bir gün əvvəl bacıları Alima Xanın saxlanıldığı Kot Laxpat həbsxanasına köçürülüblər.
Həbslər, keçmiş baş nazir İmranın azadlığa buraxılmasını və Konstitusiyanın aliliyini tələb etmək məqsədilə əsas müxalifət partiyası tərəfindən sentyabrın 27-də İslamabada doğru planlaşdırılan ümummilli etiraz aksiyası və yürüş ərəfəsində həyata keçirilib.
Hakim Abher Gül Xan həbs qərarlarına qarşı verilən vəsatətlərə baxıb; Nərin və Uzmanın vəkilləri həbs qərarlarının dərhal dayandırılmasını tələb ediblər.
Bununla belə, məhkəmə həbs qərarlarının bu mərhələdə dayandırılması barədə tələbi rədd edib və cavabdehlərdən izahat almaq üçün onlara rəsmi bildirişlər göndərib.
Nərin və Uzmanı vəkil Mudassir Ömər və vəkil (barrister) Teymur təmsil edib, Pəncab hökumətini isə vəkil Fərrux Lodi təmsil edib.
Mənbələrin məlumatına görə, daha əvvəl – bazar günü Alima Lahorda idman zalına gedərkən saxlanılıb və sonradan Kot Laxpat həbsxanasına köçürülüb.
Onun oğlu Şahraiz Xan daha sonra Lahor Ali Məhkəməsinə müraciət edərək, anası və sürücüsü barədə MPO əsasında verilmiş həbs qərarlarına etiraz edib.
Sentyabrın 22-də keçirilən məhkəmə iclasında məhkəmə vəsatətin baxılmağa yararlı olması ilə bağlı arqumentləri nəzərdən keçirib və əlavə müzakirələr üçün işi sentyabrın 25-dək təxirə salıb.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 14:08


























