Konqoda Ebola epidemiyası zamanı yoluxma hallarının sayı 11 000-i ötüb

Konqo Demokratik Respublikasında (KDR) baş verən ən ağır Ebola epidemiyası zamanı təsdiqlənmiş yoluxma hallarının sayı 11 000-i ötüb. Konqo rəsmilərinin çərşənbə günü açıqladığı məlumatlara görə, silahlı münaqişələr xəstəliyə qarşı mübarizə tədbirlərini çətinləşdirir.
Ölkə tarixində virusun 17-ci epidemiyası rəsmi olaraq may ayında elan edilsə də, mütəxəssislər onun bir neçə həftə, hətta bir neçə ay əvvəl başladığını güman edirlər.
Milli İctimai Səhiyyə İnstitutunun məlumatına görə, KDR-də 11 042 nəfər yoluxub və onlardan 5 387-si dünyasını dəyişib.
Bədən mayeləri ilə təmas nəticəsində yayılan və ağır hemorragik qızdırmaya səbəb olan Ebola virusuna yoluxanlardan təxminən 2 990 nəfəri sağalıb.
Son 50 il ərzində Afrikada Ebola virusu 15 000-dən çox insanın ölümünə səbəb olub.
KDR-də bundan əvvəl qeydə alınan ən ağır epidemiya zamanı (2018–2020-ci illər) 3 500 yoluxma halından təxminən 2 300-ü ölümlə nəticələnmişdi.
Hazırkı epidemiya ölkənin şimal-şərqindəki İturi əyalətində başlayıb və sonradan daha yeddi əyalətə yayılıb; yoluxma hallarının əksəriyyəti İturi və Şimali Kivu əyalətlərində cəmləşib.
Uqanda, Keniya və Nigeriyada da yoluxma halları qeydə alınıb.
Hazırda bu son epidemiyaya səbəb olan Ebola virusunun "Bundibuqyo" (Bundibugyo) növünə qarşı təsdiqlənmiş peyvənd və ya müalicə üsulu mövcud deyil.
Ötən ay Ümumdünya Səhiyyə Təşkilatı bəyan etdi ki, Ebolanın daha geniş yayılmış "Zair" ştammına qarşı istifadəsi təsdiqlənmiş "Ervebo" peyvəndi KDR-də insanlar üzərində genişmiqyaslı sınaqdan keçiriləcək. Məqsəd, bu peyvəndin "Bundibuqyo" növünə qarşı da müəyyən dərəcədə qoruyucu təsir göstərib-göstərmədiyini müəyyən etməkdir.
KDR-in şərqindəki təhlükəsizlik vəziyyəti də səhiyyə böhranı ilə mübarizədə ciddi maneələrdən biridir.
İturi əyaləti ən qeyri-stabil bölgələrdən biridir; burada silahlı qruplaşmalar arasında toqquşmalar baş verir və tibb işçilərinə qarşı zorakılıq halları tez-tez müşahidə olunur.
Səhiyyə orqanlarının verdiyi məlumata görə, bazar günü İturi əyalətinin Lolwa yaşayış məntəqəsində bir qrup gənc Ebola xəstələrinin müalicə olunduğu tibb mərkəzini yandırıb.
BMT-nin məlumatına görə, həmin gün Fataki bölgəsində yerli silahlı dəstələr arasında baş verən toqquşmalar səbəbindən tibbi yardım fəaliyyətləri müvəqqəti olaraq dayandırılıb. Yerli mənbələr və təhlükəsizlik mənbələrinin verdiyi məlumata görə, "İslam Dövləti" ilə əlaqəli olan "İttifaqçı Demokratik Qüvvələr" (ADF) qruplaşmasının üzvləri son günlər İturi, Yuxarı Uele və Şimali Kivu bölgələrinin bir neçə yerində ölümcül hücumlar həyata keçiriblər.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 13:37


























