mobil versiya

Konqo Demokratik Respublikasında Ebola halları 8000-i keçib; Aİ və ABŞ əlavə maliyyə dəstəyi vəd edir





"Reuters"in məlumatına və bazar ertəsi açıqlanan hökumət statistikasına əsasən, Konqo Demokratik Respublikasında (KDR) təsdiqlənmiş Ebola hallarının sayı 8000-i ötüb.

Ölkənin ictimai səhiyyə institutu həmçinin bildirib ki, epidemiya nəticəsində 3901 nəfər həyatını itirib.

"Bundibugyo" ştammının səbəb olduğu mövcud Ebola epidemiyası KDR tarixində ən genişmiqyaslı və ən ölümcül epidemiya olub.

Hazırda "Bundibugyo" növünə qarşı təsdiqlənmiş peyvənd və ya müalicə üsulu yoxdur, lakin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu ayın əvvəlində bildirib ki, həmin ştamma qarşı üç potensial peyvəndin sınaqlarına oktyabr və ya noyabr aylarında başlanılmalıdır.

ÜST və "Sərhədsiz Həkimlər" təşkilatının dəstəyi ilə KDR həmçinin bu ay sınaq xarakterli peyvənd proqramına başlayıb; məqsəd virusun başqa bir ştammı üçün hazırlanmış peyvəndlərin bu halda effektiv olub-olmadığını yoxlamaqdır.

Eyni zamanda, keçən həftə BMT Baş Assambleyası çərçivəsində bir sıra beynəlxalq tərəfdaşlar KDR-ə əlavə maliyyə yardımı göstərəcəklərini elan ediblər.

Şənbə günü Avropa İttifaqı "Ebola böhranına qarşı mübarizəni dəstəkləmək məqsədilə" ölkəyə 7,5 milyon avro dəyərində yardım paketi ayırdığını açıqlayıb.

Avropa Komissiyası bəyanatında qeyd edib ki, bu vəsait həmçinin "uzunmüddətli perspektivdə hazırlıq, reaksiya və səhiyyə sahəsində monitorinq imkanlarının artırılmasına" kömək edəcək.

Bu yardım Aİ-nin Afrika boyunca məcburi köçkünlərə dəstək və qlobal böhranlar zamanı yardım göstərmək məqsədilə ayırdığı 710 milyon avroluq daha geniş öhdəliyin bir hissəsidir.

Çərşənbə günü ABŞ da davam edən epidemiyaya qarşı mübarizəni dəstəkləmək üçün əlavə 267 milyon dollar vəsait ayırdığını elan edib.


Reportyor.az 


KARUSEL / DÜNYA
Tarix: Bu gün, 16:51