Səudiyyə Ərəbistanının və iki Müqəddəs Məscidin təhlükəsizliyi müzakirə olunmayan prioritetdir: Pakistan

Pakistan ordusunun media qanadı olan Xidmətlərarası İctimaiyyətlə Əlaqələr (ISPR) baş direktoru general-leytenant Əhməd Şərif Çaudri bildirib ki, Səudiyyə Ərəbistanının və iki Müqəddəs Məscidin təhlükəsizliyi ən vacib, müzakirə olunmayan prioritetdir.
O, bunu ərəb qəzeti olan "Əş-Şərq Əl-Əvsət"ə verdiyi müsahibədə krallığın müxtəlif bölgələrini hədəf alan husi hücumları fonunda bildirib.
Xatırladaq ki, Pakistan və Səudiyyə Ərəbistanı 2025-ci ilin sentyabrında ikitərəfli müdafiə müqaviləsi imzalayıblar, ardınca isə 2026-cı ilin avqustunda Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında Məkkə Birgə Müdafiə Sazişi imzalanıb. Sazişlərə əsasən, üç ölkə üzvlərdən birinə hücumun hamıya hücum kimi qəbul ediləcəyini bildirib.
"İslamabad hərbi personal, hərbi imkanlar, təlim və ya lojistik yardım baxımından müdafiə məqsədləri üçün lazım olan hər hansı dəstəyi göstərməyə davam edəcək", - deyə "Arab News" onun sözlərinə istinadən bildirib.
O, Pakistan əsgərlərinin müdafiə dəstəyi və hərbi təlimlər də daxil olmaqla müxtəlif məqsədlər üçün artıq Səudiyyə Ərəbistanında olduğunu açıqlayıb.
General-leytenant Əhməd Şərif Çaudri həmçinin Səudiyyə Ərəbistanında hava limanlarını, mülki infrastrukturu və digər yerləri hədəf alan hücumları pisləyib.
ISPR-ın baş direktoru həmçinin İranla danışıqlardan danışaraq bildirib ki, ötən ay Tehranda keçirilən Məkkə Birgə Müdafiə Alyansı və İran nümayəndələri arasında keçirilən son görüşün məqsədi "gərginliyin azaldılması və regional əməkdaşlığın gücləndirilməsi üçün çərçivə" yaratmaqdır.
İştirakçılar "dörd ölkə arasında əməkdaşlığı gücləndirmək üçün dialoqu davam etdirmək" barədə razılığa gəlib.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 12:07


























