ABŞ-ın yeni seçilmiş senatoru El-Sayed Hegseti istefaya çağırır

ABŞ-ın yeni seçilmiş senatoru Əbdül El-Sayed Müdafiə naziri Pit Hegseti istefaya səsləyib. Bu çağırış, Nümayəndələr Palatasının ona qarşı impiçment (vəzifədən uzaqlaşdırma) qətnaməsini baxılması üçün komitəyə göndərmək barədə səs verməsindən sonra səslənib.
CNN-ə müsahibəsində El-Sayed bildirib ki, Hegset İranla müharibəni düzgün idarə edə bilməyib və öz vəzifə öhdəliklərini yerinə yetirməkdə uğursuz olub.
"Niyə hələ də bu vəzifədə qalmısınız? Bu işi çox pis görürsünüz... Sadəcə istefa verin. Sonda məcburən kənarlaşdırılmağınızı gözləməyin, işi hər kəs üçün asanlaşdırın; çünki aydın məsələdir ki, məhz bu baş verəcək," – deyə o bildirib.
El-Sayed qeyd edib ki, Amerikada həyat bahalığının artmasına səbəb İranla aparılan müharibədir.
"Miçiqanda getdiyim hər yerdə insanlar əsasən bunları soruşurdular: 'Niyə pikapımı doldurmaq mənə 80 dollara başa gəlir?' və ya 'Niyə mağazada ikinci funt (təxminən yarım kiloqram) qiymə ət almağa gücüm çatmır?' Bütün bunların kökündə bir məsələ dayanır: bizim heç bir aidiyyətimizin olmamalı olduğu bu ağılsız müharibə," – deyə o vurğulayıb.
O, müharibəyə son qoymağa çağıraraq, onu "qanunsuz, əxlaqsız və qeyri-etik" adlandırıb.
Hegset isə çərşənbə axşamı Pentaqonda keçirilən mətbuat konfransında ona qarşı impiçment cəhdlərini rədd edib.
"Bu, sadəcə bir tamaşa, bir şoudur və bunu hamı bilir," – deyə o bildirib. "Burada heç bir ağır cinayət yoxdur. Bu, mənim işimdir və mən bu işi yaxşı yerinə yetirmişəm."
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 14:06


























