mobil versiya

Əbdülrəhman Əl-Sayed ABŞ Senatına seçilən ilk müsəlman senator oldu






ABŞ mediası çərşənbə günü xəbər verib ki, Demokrat namizəd Əbdülrəhman Əl-Sayed Miçiqan ştatından ABŞ Senatına seçilib. O, Respublikaçı rəqibi Mayk Rocersi məğlub edərək, Amerika tarixində Senata seçilən ilk müsəlman olub.

"Biz bunu bacardıq! Böyük Miçiqan ştatından seçilmiş senator kimi burada dayanmaqdan sonsuz qürur və şərəf duyuram", - deyə Əl-Sayed Detroytda yerləşən seçki qərargahında çıxışı zamanı bildirib.

Seçki nəticələrini izləyən "Decision Desk HQ" şirkətinin məlumatına görə, 3,7 milyondan çox bülleten sayıldıqdan sonra Əl-Sayedin qalib gəldiyi elan edilib. O, səslərin 50,92%-ni, Respublikaçı rəqibi isə 47,10%-ni toplayıb.

Əl-Sayedin qələbəsi – onun Senata seçilən ilk misirli-amerikalı müsəlman olması ilə yanaşı – Konqresə aralıq seçkilərdə tarixi bir nailiyyət kimi qeyd olunur. Media proqnozlarına əsasən, bu seçkilərdə Demokratlar Senata nəzarəti Respublikaçılardan geri alırlar.

42 yaşlı Əl-Sayed həkim və ictimai səhiyyə mütəxəssisidir. O, daha əvvəl Miçiqan ştatının Ueyn dairəsi Səhiyyə Departamentinin direktoru vəzifəsində çalışıb, 2018-ci ildə isə Demokratlar Partiyasından qubernatorluğa namizədliyini irəli sürüb, lakin Qretçen Vitmerə məğlub olub.

Əl-Sayed seçki kampaniyasını həyat xərclərinin azaldılması, səhiyyə xidmətlərinin genişləndirilməsi və siyasətdə pulun təsirinin məhdudlaşdırılmasına yönəlmiş proqressiv platforma üzərində qurub. O, həmçinin ABŞ-ın İsrailə hərbi yardımının dayandırılmasını tələb edib.

Senat uğrunda mübarizə gərgin keçib; onun rəqibi, Nümayəndələr Palatasının keçmiş Respublikaçı üzvü Mayk Rocers prezident Donald Trampın dəstəyini almışdı. Əl-Sayed isə öz dininə, İsrailə və Qəzzadakı müharibəyə dair mövqelərinə görə siyasi hücumlara məruz qalıb.

Əl-Sayed həmçinin Demokratlar Partiyası daxilində fikir ayrılıqları ilə üzləşib. Belə ki, ötən ilin avqustunda partiyadaxili ilkin seçkilərdə (praymeriz) məğlub etdiyi Nümayəndələr Palatasının üzvü Heyli Stivens, seçkiyə bir neçə gün qalmış Əl-Sayedin İsraillə bağlı mövqelərinə görə onun Respublikaçı rəqibini dəstəklədiyini açıqlayıb.

Hər iki namizəd, yenidən namizədliyini irəli sürməyən Demokrat senator Qari Pitersin boşaltdığı yer uğrunda mübarizə aparırdılar. Miçiqan ölkənin əsas "dəyişkən" ştatlarından biri hesab olunur və Tramp 2024-cü il prezident seçkilərində bu ştatda qalib gəlib.

Əl-Sayidin qələbəsi sözügedən yeri Demokratların nəzarətində saxlayır, eyni zamanda ABŞ Senatında tarixi bir presedent yaradır; belə ki, 1789-cu ildə təsis olunmasından bəri Senatda heç vaxt müsəlman üzv olmayıb.

Reportyor.az 


KARUSEL / DÜNYA
Tarix: Bu gün, 13:50