mobil versiya

Tədqiqat: yabanı giləmeyvələr hüceyrə qocalmasını və fibrozu ləngidə bilər





Rusiyanın Surqut Dövlət Universitetinin alimləri tərəfindən beynəlxalq tədqiqatçılar qrupunun iştirakı ilə aparılan araşdırma müəyyən edib ki, bəzi yabanı giləmeyvələrin tərkibində hüceyrə qocalmasını və toxuma fibrozunun inkişafını ləngitməyə kömək edən maddələr var.

Universitetin Tibb İnstitutunun direktoru Lyudmila Kovalenko bildirib: "Biz Rusiyanın şimalında bitən bir neçə yabanı giləmeyvəni – məsələn, qaragilə, ayıgilə və mərcanı – tədqiq etdik. Çünki onların tərkibində polifenol birləşmələri var; bunlar bitkilərin özlərini ultrabənövşəyi şüalanmadan, zərərvericilərdən və xəstəliklərdən qorumaq üçün istehsal etdikləri maddələrdir... Eksperimentlər sübut etdi ki, bu maddələr hüceyrə qocalmasını və toxuma fibrozunun inkişafını ləngitmək qabiliyyətinə malikdir".

O əlavə edib: "Son tədqiqatlar polifenolların bir sıra əsas bioloji təsirlərini təsdiqləyib: antioksidant və iltihab əleyhinə təsirlər, bir sıra metabolik proseslərin tənzimlənməsi, həmçinin antimikrob, xərçəngin qarşısını alan və digər təsirlər".

Alimin sözlərinə görə, normal toxumanın çapıq toxuması ilə əvəz olunması prosesi olan toxuma fibrozu ən çox ağciyərlərdə, qaraciyərdə və böyrəklərdə, eləcə də bağırsaq divarında və ürəkdə müşahidə olunur. Bu orqanlar xroniki iltihaba, oksigen çatışmazlığına və ya mexaniki zədələnmələrə qarşı ən həssas orqanlardır və onlarda çapıqların yaranması xüsusilə təhlükəlidir. Məhz buna görə də, təbii polifenol birləşmələri bu həyati vacib orqanlardakı hüceyrə zədələnmələrinin müalicəsində əsas rol oynaya bilər.

Reportyor.az 




SAĞLAMLIQ / KARUSEL
Tarix: Bu gün, 11:07