mobil versiya

Butan kralı və kraliçasının nağılvari toyu 15 il sonra xatırlanır





Butan kralı Ciqme Kesar Vanqçuk və kraliça Jetsun Pemanın ənənəvi Buddist mərasimi ilə evlənməsindən on beş il keçməsinə baxmayaraq, onların nağılvari toyu Himalay krallığı üçün hələ də əlamətdar bir hadisə olaraq qalır.

"The Royal Watcher" nəşrinə əsasən, 13 oktyabr 2011-ci ildə cütlük tarixi Punakha Dzong qalasında nikah bağladı. Bu tədbir təxminən 700 min əhalisi olan ölkəni heyran qoymuşdu.

Bu toy həm də özündən 10 yaş böyük krala ərə gedən Jetsun Pema üçün 14 illik gözləyişin sonu demək idi.

Uşaqlıq vədi gerçəkləşdi

Aristokrat ailədə dünyaya göz açan Jetsun Pema, təyyarə pilotu olan bir ata ilə Butanın ən varlı ailələrindən birinin nümayəndəsi olan ananın qızıdır.

Məlumatlara görə, o, Ciqme Kesarla ilk dəfə hələ yeddi yaşında olarkən qarşılaşıb; o vaxt kralın 17 yaşı var idi. Onların erkən münasibətləri barədə danışılanlara görə, o dövrdə vəliəhd şahzadə olan Ciqme Kesar qızın qohumlarına bildirmişdi ki, əgər hər ikisi başqası ilə evlənməsə, o, böyüyəndə Jetsun Pema ilə ailə quracaq.

On dörd il sonra bu uşaqlıq vədi reallığa çevrildi. 21 yaşında Jetsun Pema krala ərə getdi və dünyanın ən gənc yaşayan kraliçası oldu.

Ənənələrlə zəngin Buddist toyu

Kral toyuna hazırlıqlar 13 oktyabr 2011-ci ildə, sübh açılmazdan əvvəl başladı.

Səhər saat 4-də Butanın milli yayım qurumu BBS, Buddist ilahiləri və mərasim nağaralarının sədaları altında canlı yayıma başladı.

Butan rəsmiləri, qohumlar və sadə vətəndaşlar da daxil olmaqla, təxminən 1500 qonaq XVII əsrə aid Punakha Dzong qalasında bir araya gəldi.

Dünyanın bir çox yerlərində keçirilən kral toylarından fərqli olaraq, bu mərasimdə xarici ölkələrin kral ailəsi üzvləri iştirak etmirdi. Bu, kralın öz xalqına yönəlmiş, təvazökar bir mərasimə üstünlük verdiyini göstərirdi. Kral astrologları nikah üçün ən uğurlu vaxt kimi səhər saat 8:20-ni seçmişdilər.

Jetsun Pema kraldan bir qədər sonra gəldi və Buddist ayinlərinin icra olunacağı monastıra doğru irəliləyən təntənəli yürüşə qoşuldu. Növbəti iki saat ərzində cütlük qızılı çıraqlar yandırdı, müqəddəs ipək şərflər qəbul etdi və uzunömürlülüyü simvolizə edən şərabdan içdi.

Mərasim Kral Ciqme Kesarın gəlinin başına tac qoyması ilə kulminasiya nöqtəsinə çatdı; bundan sonra yeni evlənənlər onları təbrik etməyə gələnlərin qarşısına çıxdılar.


Butan ipəyi və sənətkarlığına həsr olunmuş təntənə

Toydan sonra kral cütlüyü paytaxt Thimphuya yola düşdü; burada küçələr təbrik şüarları yazılmış plakatlarla bəzədilmişdi.

"Daily Bhutan" nəşrinin məlumatına görə, hər ikisi əl ilə toxunmuş ipək və parçalardan hazırlanmış, mürəkkəb həndəsi naxışlarla və təbiətdən ilhamlanmış motivlərlə bəzədilmiş zəngin ənənəvi Butan geyimləri geyinmişdilər.

Kral ənənəvi "Quzğun Tacı"nı (Raven Crown) və Butanın ikinci hökmdarına məxsus olmuş tarixi xalatı geyinmişdi.

Kraliça Jetsun Pema isə Butanın ənənəvi qadın geyimi olan, xam ipəkdən hazırlanmış "kira" geyinmişdi. Bu geyim onu ​​mediada Böyük Britaniyanın Uels şahzadəsi Ketrinlə müqayisə etməyə əsas verdi və ona "Himalayların Keyt Middltonu" ləqəbini qazandırdı.

Şənliklər daha iki gün davam etdi və bu müddət ərzində cütlük bir neçə fərqli ənənəvi geyimdə ictimaiyyət qarşısına çıxdı.

Ənənələrə meydan oxuyan kral sevgi hekayəsi

Mərasimdən sonra Kral Ciqme Kesar yeni həyat yoldaşı haqqında xoş sözlər söylədi. "O, möhtəşəm və ağıllıdır. Biz hər ikimiz sənətə böyük maraq göstəririk", - deyə o bildirdi.

Daha əvvəl Butan parlamentindəki çıxışında kral onun şəxsi keyfiyyətlərini və kraliça kimi potensialını yüksək qiymətləndirmişdi. "Cetsun Pema səmimi və xeyirxah insandır. Bu xüsusiyyətlər, yaşla birlikdə gələcək müdrikliklə yanaşı, xalqımıza böyük fayda verəcək".


Evliliklərinə aparan illəri xatırlayan kral, həyat yoldaşı olaraq Cetsun Pemanı seçməkdə tam əmin olduğunu ifadə etdi.

"Bu anı xeyli müddət gözləmişəm. Lakin əgər söhbət doğru insandan gedirsə, nə qədər gözləməyin heç bir fərqi yoxdur. Və mən tam əminəm ki, doğru insanla evlənmişəm", - deyə o qeyd etdi.

Onların evliliyi həm də Butan kral ailəsində mövcud olan çoxarvadlılıq ənənəsindən imtina demək idi. Məlumatlara görə, kral Cetsun Pemanın tək həyat yoldaşı olmaq barədə xahişini qəbul edərək, yalnız bir qadınla evli qalacağına söz verib.

Cütlük 2021-ci ildə evliliklərinin 10-cu ildönümünü qeyd etdi və 2025-ci ilə qədər onların üç övladı dünyaya gəldi.


Reportyor.az 





MARAQLI / KARUSEL
Tarix: Bu gün, 14:02