mobil versiya

İmran Xanın bacılarının həbs müddəti daha 30 gün uzadılıb






Bazar ertəsi Lahor Ali Məhkəməsinə (LHC) məlumat verilib ki, Pəncab hökuməti "Pakistan Təhrik-i-İnsaf" (PTI) partiyasının həbsdə olan qurucusu İmran Xanın bacıları – Alima Xan, Uzma Xan və Nərin Niyazinin həbs müddətini daha 30 gün uzadıb.

Bu barədə Pakistan yerli mediası xəbər verir. 

Keçmiş baş nazirin bacılarının azadlığa buraxılması tələbi ilə verilən vəsatətə əsasən, hökumət vəkili məhkəməyə Pəncab əyalətinin daxili işlər katibi tərəfindən hazırlanmış hesabatı təqdim edib.

Alima Xan sentyabrın 20-də Lahorda "İctimai Asayişin Qorunması haqqında" 1960-cı il tarixli Qanunun (MPO) 3-cü maddəsinə əsasən saxlanılaraq Kot Laxpat həbsxanasına köçürülüb.

Bir gün sonra, polisin tövsiyəsi əsasında onun bacıları Nərin və Uzma da həmin qanunun (3-MPO) müddəalarına uyğun olaraq saxlanılıblar.

Bu həbslər PTI-nin ölkə miqyasında keçirməyi planlaşdırdığı etiraz aksiyaları, o cümlədən İmran Xanın azadlığa buraxılmasını və Konstitusiyanın aliliyini tələb etmək məqsədilə sentyabrın 27-də İslamabada təşkil olunması nəzərdə tutulan "uzun yürüş" ərəfəsində baş verib.

Alima Xanın oğlu Şahrez Xan oktyabrın 20-də Lahor Ali Məhkəməsinə müraciət edərək, keçmiş baş nazirin bacılarının həbsinə etiraz edib.

İclas zamanı iddiaçının vəkili məhkəməyə bildirib ki, hər üç bacı barəsində çıxarılmış həbs qərarlarının müddəti oktyabrın 19-u və 20-də başa çatıb.

Bu arada, hökumət vəkili Lahor Ali Məhkəməsinə bildirib ki, rayon administrasiyası rəhbəri (deputy commissioner) Pəncab hökumətinə müraciət edərək, onların həbs müddətinin daha da uzadılmasını tövsiyə edib.

Hökumət vəkili məhkəməyə məlumat verib ki, hökumət bu təklifi təsdiqləyib və hər üç bacının həbs müddətini daha 30 gün uzadıb.

Məhkəmə, daxili işlər katibi tərəfindən təqdim olunan hesabatı nəzərdən keçirdikdən sonra Şahrez Xanın vəsatətinə baxılmasına xitam verib. Dinləmə zamanı Pəncab hökumətinin vəkili bildirdi ki, üç bacının saxlanma müddəti 7 oktyabrda uzadılıb.

Reportyor.az 

KARUSEL / DÜNYA
Tarix: Bu gün, 12:32