Rakin Səad “Bayquş” (Owl) filmindəki roluna görə “Ən yaxşı aktrisa” seçilib

Misirli rejissor Məhəmməd Həmmadın “Safe Exit” (“Təhlükəsiz çıxış”) filmi, Qırmızı dəniz sahilindəki Misir kurort şəhərində cümə günü başa çatan doqquzuncu “Əl-Cuna” Film Festivalında “Ən yaxşı bədii film” nominasiyasında “Qızıl Ulduz” mükafatını qazandı.
“Gümüş Ulduz”a yapon rejissoru Yukiko Sodenin “All the Lovers in the Night” (“Gecədəki bütün aşiqlər”) filmi layiq görüldü; “Bürünc Ulduz” isə iranlı kinematoqrafçı Əli Əsgərinin “A Little Light” (“Kiçik bir işıq”) filminə verildi.
İordaniyalı aktrisa Rakin Səad, rejissor Zeyd Əbu Həmdan tərəfindən çəkilmiş “Owl” (“Bayquş”) filmindəki roluna görə “Ən yaxşı aktrisa” mükafatını qazandı. Serbiyalı aktyor Yovan Giniç isə Miroslav Terziçin rejissorluğu ilə çəkilmiş “After Three Weeks” (“Üç həftədən sonra”) filmindəki roluna görə “Ən yaxşı aktyor” seçildi.
Rakan Mayasinin rejissorluq etdiyi Fələstin istehsalı olan “Yesterday, the Eye Did Not Sleep” (“Dünən göz yuxuya getmədi”) filmi “Ən yaxşı ərəb bədii filmi” mükafatını aldı. Münsiflər heyəti, həmçinin, Yassin İdrissinin rejissorluq etdiyi Mərakeş filmi “Halima”nı xüsusi qeyd etdi.
Sənədli filmlər müsabiqəsində Əhməd Həssunanın rejissorluq etdiyi Fələstin filmi “Citizen Osama” (“Vətəndaş Üsamə”) “Qızıl Ulduz”a layiq görüldü. Film həmçinin “Ən yaxşı ərəb sənədli filmi” mükafatını da qazandı. “Gümüş Ulduz”u çinli rejissor Donqnan Çenin “Whispers in May” (“May ayında pıçıltılar”) filmi, “Bürünc Ulduz”u isə iranlı-italyan rejissor Raha Şirazinin “War on Women” (“Qadınlara qarşı müharibə”) filmi əldə etdi.
Qısametrajlı filmlər müsabiqəsində “Qızıl Ulduz” norveçli rejissor Anders Devidsonun “Stolen Memories” (“Oğurlanmış xatirələr”) filminə verildi. Perudan olan Rudi Dekstrenin “Nobody Knows the World” (“Dünyanı heç kim bilmir”) filmi “Gümüş Ulduz”u, misirli rejissor Qad Şahinin “The Malicious” (“Bədxah”) filmi isə “Bürünc Ulduz”u qazandı.
Mari-Roz Estanın rejissorluq etdiyi Livan filmi “One Day Was Born” (“Bir gün doğuldu”) “Ən yaxşı ərəb qısametrajlı filmi” mükafatına layiq görüldü. Münsiflər heyəti, həmçinin, Ömər Rammalın rejissorluq etdiyi Fələstin filmi “Kentucky Gaza”nı da yüksək qiymətləndirdi.
Humanitar dəyərləri ön plana çıxaran filmlərə verilən “Bəşəriyyət naminə kino” (“Cinema for Humanity”) mükafatı, Malayziya əsilli amerikalı kinematoqrafçı Po Si Tenqin rejissorluq etdiyi “An American Doctor” (“Amerikalı həkim”) adlı sənədli filmə təqdim olundu.
Reportyor.az
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Bu gün, 12:14


























