mobil versiya

Gənclərdə davamlı unutqanlıq depressiyanın əlaməti ola bilər





Nevroloq Maksim Pankovun sözlərinə görə, istənilən yaşda ara-sıra nələrisə unutmaq normal haldır.

Bu barədə RT məlumat verib. 

O izah edir ki, unutmaq yaddaş prosesinin təbii bir hissəsidir və xatirələrin formalaşmasında rol oynayır. Bu, həmçinin insanların mənfi emosiyalardan tədricən azad olmasına imkan verən bir müdafiə mexanizmi kimi də çıxış edə bilər.

“Lakin gənclərdə müşahidə olunan davamlı unutqanlıq, əgər depressiya və ya təşviş pozuntusuna işarə edə biləcək digər əlamətlərlə müşayiət olunursa, narahatlıq doğurmalıdır”, – deyə Pankov bildirib.

Depressiya əhval-ruhiyyənin aşağı düşməsi, əvvəllər zövq alınan fəaliyyətlərə marağın itməsi, daimi günahkarlıq hissi, artan yorğunluq, diqqəti cəmləməkdə çətinlik, həmçinin yuxu və iştaha pozuntuları ilə xarakterizə olunur.

Həkim qeyd edib ki, təşviş pozuntuları zamanı idarə edilməsi çətin olan həddindən artıq narahatlıq, eləcə də daim pis bir hadisənin baş verəcəyini gözləmək kimi hallar müşahidə oluna bilər.

“İnsanda həmçinin əsəbilik, yuxu pozuntuları, əzələlərdə daimi gərginlik, tərləmənin artması və ağız quruluğu kimi hallar da yarana bilər”, – deyə o əlavə edib.

Depressiya və təşviş pozuntuları yaddaşa və məlumatı emal etmək qabiliyyətinə mənfi təsir göstərə bilər ki, bu da unutqanlığın artmasına səbəb ola bilər.

Vaxtında müalicə olunmadıqda, bu vəziyyətlərin əlamətləri, o cümlədən unutqanlıq daha da şiddətlənə və nəticədə insanın gündəlik həyatına mane ola bilər.

Reportyor.az 

KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 11:07