mobil versiya

BMT Təhlükəsizlik Şurası husilərin gərginliyi artıran hücumlarını sərt tənqid edib





BMT Təhlükəsizlik Şurası cümə axşamı birgə bəyanat yayaraq, İranın dəstəklədiyi husilərin Səudiyyə Ərəbistanına qarşı həyata keçirdiyi, o cümlədən Ər-Riyad hava limanına yönəlmiş “ehtiyatsız zərbələri” özündə ehtiva edən və “gərginliyi artıran” hücumları pisləyib.

Ayın əvvəlindən bəri Səudiyyə Ərəbistanı paytaxtındakı beynəlxalq hava limanı 20 dəfə hücuma məruz qalıb; ötən həftəsonu baş verən hücum nəticəsində 13 nəfər həlak olub, 300-dən çox insan isə yaralanıb.

Təhlükəsizlik Şurasının sədri, Yunanıstan təmsilçisi Evangelos Sekeris tərəfindən paylaşılan birgə bəyanatda, BMT-nin 15 üzvdən ibarət bu qurumu husilərin Səudiyyə Ərəbistanı Krallığına qarşı davamlı və gərginliyi artıran hücumlarını, eləcə də Qırmızı dəniz və Bab əl-Məndəb boğazında ticarət gəmilərinə qarşı yönəlmiş davamlı hücum və təhdidləri “ən sərt şəkildə” pisləyib.

Bəyanatda həmçinin qeyd olunub ki, Səudiyyə Ərəbistanı Krallığının beynəlxalq hüquqa uyğun olaraq özünü müdafiə etmək hüququ vardır.

Hava limanına edilən hücumdan sonra, Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya cümə axşamı günü İslamın ən müqəddəs şəhərlərindən biri olan Mədinə bölgəsində bir raketin zərərsizləşdirildiyini açıqlayıb.

Husilər cümə axşamı Yəmən hökumətinin müvəqqəti paytaxtı Ədendə yerləşən prezident sarayına ölümcül raket hücumu həyata keçiriblər.

Yəmənin səhiyyə naziri Qasim Buheybə bildirib ki, hücum nəticəsində “obyektin mühafizəsində çalışanlar və mülki əməkdaşlar” arasından 5 nəfər həlak olub, 16 nəfər isə yaralanıb.

Reportyor.az 


KARUSEL / DÜNYA
Tarix: Bu gün, 15:13