Florida uşaqların sosial mediadan istifadəsini məhdudlaşdırmaqla bağlı məhkəmə mübarizəsində qalib gəlib

ABŞ-ın Florida ştatı mühüm hüquqi qələbə qazandı. Bu qələbə ştata 14 yaşdan kiçik uşaqların sosial media platformalarında hesab açmasını qadağan edən və onların bu platformalardan istifadəsinə digər məhdudiyyətlər qoyan qanunu tətbiq etməyə imkan verir.
Florida qubernatoru Ron DeSantis tərəfindən 2024-cü ildə imzalanaraq qüvvəyə minən bu qanunvericilik, ABŞ-da uşaqların sosial mediadan istifadəsini tənzimləyən ən sərt qanunlardan biri hesab olunur.
ABŞ apellyasiya məhkəməsi bildirib ki, qanun ABŞ Konstitusiyasının söz azadlığına təminat verən Birinci Düzəlişi ilə qorunan hüquqlara təsir göstərir, lakin bunu, ehtimal ki, "məzmundan asılı olmayaraq" (yəni, konkret fikirləri hədəf almadan) həyata keçirir.
ABŞ-ın 11-ci Dairə Apellyasiya Məhkəməsinin üç hakimdən ibarət heyəti yekdilliklə qərar verib ki, qanun hüquqi etirazlara qarşı davam gətirə bilər. Çünki qanun "yetkinlik yaşına çatmayanları sosial media asılılığından qorumaq kimi mühüm marağı təmin etmək üçün zəruri olandan daha artıq ifadə azadlığını məhdudlaşdırmır".
Qanun Floridada 14 yaşdan kiçik uşaqların sosial media hesabı açmasını qadağan edir, 14 və 15 yaşlı uşaqlar üçün isə valideyn razılığını tələb edir.
Texnologiya sənayesini təmsil edən iki qurum – "Computer & Communications Industry Association" (CCIA) və "NetChoice" – Floridaya qarşı məhkəmə iddiası qaldıraraq, qanunun sosial media provayderlərinin və istifadəçilərinin ifadə azadlığı hüquqlarını pozduğunu iddia ediblər.
2025-ci ildə bir hakim qanunun, ehtimal ki, konstitusiyaya zidd olduğuna dair qərar çıxarıb və onun icrasını dayandıran ilkin qadağanedici qərar (injunction) verib.
Lakin apellyasiya məhkəməsi işə baxdığı müddətdə həmin qadağanedici qərarın icrası dayandırılmışdı. İndi isə həmin qadağa ləğv edildiyi üçün məhkəmə işi Floridanın paytaxtı Tallahassidəki federal məhkəməyə qaytarılacaq.
Apellyasiya məhkəməsi qeyd edib ki, qanun "uşaqları həddindən artıq istifadəyə sövq etdiyi sübut olunmuş" sosial media platformalarını hədəf alır və yalnız alqoritmlərdən istifadə edən, həmçinin asılılıq yarada biləcək xüsusiyyətlərə malik platformalara şamil olunur.
Floridanın Baş Prokurorluğu qərarla bağlı şərh istəyən elektron məktuba dərhal cavab verməyib, "NetChoice" isə qərardan məyus olduğunu bildirib. Təşkilatın vəkili Pol Taske bildirib: “Biz hazırda bütün imkanlarımızı nəzərdən keçiririk; məqsədimiz Florida sakinlərinin onlayn mühitdə ifadə azadlığı hüquqlarının qorunmasını təmin etmək və ailələri ilə bağlı məsələlərdə əsas qərar qəbul edən tərəfin valideynlər olaraq qalmasına nail olmaqdır”.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 11:12


























