mobil versiya

Aİ uşaqlar üçün sosial media istifadəsini məhdudlaşdıran qanun layihəsi təqdim edəcək







Avropa İttifaqı cümə axşamı günü uşaqları sosial medianın zərərli təsirlərindən qorumaq məqsədilə yeni qanun layihəsi təqdim edəcək. Bu addım Aİ rəhbəri Ursula fon der Lyayenin azyaşlıların bu platformalara girişi üçün yaş həddini açıqlamasından bir gün sonraya təsadüf edir.

Bir ildən çox davam edən danışıqlar və Fransa, Yunanıstan kimi üzv dövlətlərin, eləcə də 27 ölkədən ibarət Aİ-dəki valideynlərin təzyiqlərindən sonra, fon der Lyayen Strasburqda Avropa Parlamentindəki çıxışında bu məsələyə toxunacaq.

Qurumun sözçüsü Olof Gillin jurnalistlərə verdiyi məlumata görə, "Aİ Uşaqlar Aktı" (EU Kids Act) cümə axşamı Brüsseldə fon der Lyayen və Aİ-nin texnologiya məsələləri üzrə rəhbəri Henna Virkkunen tərəfindən təqdim olunacaq.

Gözlənilir ki, fon der Lyayen uşaqların istifadə etdiyi sosial media və platformaların "dizayn baxımından təhlükəsiz" olması, yəni asılılıq yaratmaması və həddindən artıq istifadəyə təşviq edən xüsusiyyətlərdən məhrum olması gərəkdiyini vurğulayacaq.

O, həmçinin ekspertlər qrupunun tövsiyə etdiyi kimi 13 yaşdan kiçik uşaqlar üçün, yaxud Fransanın tələb etdiyi kimi 15 yaşdan kiçik uşaqlar üçün sosial mediaya girişi tamamilə qadağan etmək məsələsini də nəzərdən keçirir.

Çoxsaylı tədqiqatlarla sübuta yetirilən mənfi təsirlər səbəbindən hökumətlər və ekspertlər arasında uşaqların psixi və fiziki sağlamlığı ilə bağlı narahatlıqların artması fonunda, Avstraliya 16 yaşdan kiçiklərin sosial mediadan istifadəsini qadağan edən ilk ölkə olub.

Reportyor.az 



KARUSEL / DÜNYA
Tarix: Bu gün, 17:34