Payız və qışda immuniteti gücləndirmək üçün gündəlik vərdişlər

Rusiyalı həkim Darya Boqomolova payız və qış aylarında immun sistemini dəstəkləməyə və orqanizmi gümrah saxlamağa kömək edəcək bir neçə sadə üsul və gündəlik vərdişi sadalayıb.
"Qış yaxınlaşdıqca balanslı qidalanma, fiziki fəaliyyətlə məşğul olmaq və kifayət qədər yatmaq immun sistemini dəstəkləməyə kömək edir", - deyə həkim bildirib.
O əlavə edib ki, effektiv işləyən immun sisteminə sahib olmaq üçün bir sıra əsas prinsiplərə riayət etmək lazımdır. İlk növbədə, insanlar orqanizmin təbii immun cavabının tənzimlənməsində mühüm rol oynayan müxtəlif və balanslı qidalanma rejiminə əməl etməlidirlər. Bu, immun sisteminə orqanizmə daxil olan yad maddələri, o cümlədən patogenləri effektiv şəkildə tanımaq və zərərsizləşdirmək imkanı verir.
Buna nail olmaq üçün Boqomolova Harvardın "Sağlam Qidalanma Boşqabı" (Healthy Eating Plate) metoduna riayət etməyi tövsiyə edib. Bu metod 22–23 sm diametrli boşqabın şərti olaraq dörd hissəyə bölünməsini nəzərdə tutur: yarısı tərəvəz və meyvələr, dörddə biri heyvan və ya bitki mənşəli zülallar, qalan dörddə biri isə mürəkkəb karbohidratlar üçün ayrılır.
Həkim həmçinin immun sisteminin dəstəklənməsində peyvəndləmənin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu, ciddi xəstəliklər riskini azaltmağa və ya onların qarşısını tamamilə almağa kömək edir.
O, həmçinin stressi idarə etmə üsullarını öyrənməyi tövsiyə edib, çünki xroniki stress immun sistemini və onun infeksiyalara qarşı mübarizə aparmaq qabiliyyətini zəiflədir.
"Stressi azaltmaq üçün hər gün meditasiya və ya tənəffüs məşqləri kimi rahatlama üsullarına 10–15 dəqiqə vaxt ayırmaq faydalıdır. Əgər stressi özünüz idarə edə bilmirsinizsə, həkimə və ya psixoterapevtə müraciət etmək məsləhətdir", - deyə o bildirib.
Boqomolova kifayət qədər yatmağın və müntəzəm idman etməyin vacibliyini də vurğulayıb. Onun sözlərinə görə, yuxusuzluq orqanizmi viruslardan və bədxassəli şişlərin yaranmasından qoruyan "təbii killer" hüceyrələrin fəaliyyətini azaldır.
O, həmçinin güclü immun sisteminin qorunmasında fiziki fəaliyyət və idmanın rolunu qeyd edərək, həftədə üç-dörd dəfə təxminən bir saat ərzində üzgüçülük, qaçış və ya gəzinti kimi fəaliyyətlərlə məşğul olmağı tövsiyə edib.
İdman ürək-damar sisteminin fəaliyyətini dəstəkləyir və bütün orqan və toxumalara qan axınını yaxşılaşdırır. Bu isə öz növbəsində oksigen və qida maddələrinin hüceyrələrə, o cümlədən immun hüceyrələrinə daha tez çatmasına və onların səmərəliliyinin artmasına şərait yaradır.
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 10:14


























